Trestin Tikintiyə Texniki Nəzarət şöbəsinin rəis müavini Baxşəli Əliyev hüquqlarının ciddi şəkildə pozulmasından yazır…
Redaksiyanın poçtuna göndərilmiş və aşağıda ixtisarla təqdim ediləcək şikayəti yazan Əliyev Baxşəli Əli oğlu ilə telefon əlaqəsi saxladıq. O, şikayətində yazdıqlarını təsdiqlədi. Sonra redaksiyamızda oldu və şikayətində deyə bilmədiyi digər xüsusatlar barədə əməkdaşımıza geniş müsahibə verdi. Bu barədə az sonra.
Qeyd edək ki, münasibətini öyrənmək üçün şikayət məktubunda adı çəkilən trest rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, ola bilsin hansısa səbəbdən telefon zəngimizə cavab verilmədi. Lakin şikayət məktubunu SOCAR-ın media mərkəzinin elektron poçtuna göndərdik. Bu dəqiqələrədək şikayətə dair hansısa mövqe və ya cavab bildirilməyib.
***
Beləliklə, şikayətçi ərizəsində yazır:
-Hörmətli «Təzadlar» qəzetinin rəhbərliyi. Bildirirəm ki, mən Qubadlı rayonundan məcburi köçkünəm. Qarabağ Müharibəsi Veteranıyam. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Hörmətli cənab İlham Əliyevin şəxsi göndərişi ilə “Neftqaztikinti” trestində işə götürülmüşəm. İşlədiyim müddətdə üzərimə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Şirkət və Trest rəhbərliyinin Fəxri Fərmanları ilə təltif olunmuşam (təqdim edirəm). Pensiya yaşım 01.01.2023-cü ildə tamam olmuşdur. Beş nəfər ailə üzvümün, həyat yoldaşı müharibədə Şəhid olmuş bacım və onun bir uşağının himayəmdə olmasını və maddi durumumun ağırlığı ilə əlaqədar Şirkət rəhbərliyinə Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndərimiz, mərhum Heydər Əliyev tərəfindən 1994-cü il tarixdə imzalanmış 841 saylı “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa («Veteranlara əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaratmaq;- I maddə VII bənd;
-veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə əmək fəaliyyətini davam etdirmək hüququna malikdirlər;
-veteranların əmək fəaliyyətinin məhdudlaşdlrılmasına yol verilmir -9-cu maddə, I, II bəndlər.)» əsasən müraciət edib 2023 və 2024-cü illər üçün əmək müqaviləmin uzadılmasına nail olmuşam. Bununla yanaşı, səhhətim və sağlamlığım əmək fəaliyyətimi davam etdirməyə tam imkan verməsinə baxmayaraq adı çəkilən qanunun şərtlərini kobud şəkildə pozaraq növbəti 2025-ci il üçün uzatmaqdan imtina olunur.
Əmək müqaviləmin uzadılması haqqında Ulu Öndərimiz tərəfindən yaradılmış çoxsaylı Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrini sıralarında birləşdirən “Azərbaycan Qarabağ Veteranları, Əlilləri, və Şəhid Ailələri” (QVƏŞA) İctimai Birliyinin rəhbərliyi və Milli Məclisin üzvləri də Neft Şirkətinin rəhbərliyinə müraciət ünvanlayıb. Lakin Şirkətin kadrlar departamentinin əməkdaşları buna məhəl qoymayıb əmək müqaviləmin uzadılmasına mane olurlar. Şirkətin bilavasitə bu müraciətləri araşdıran məsul şəxsləri qanunların icrasına nəzarətin “olmamasını” hiss edib atdıqları bu addımla ilk növbədə: -«Veteranlar Haqqında» Qanunu imzalayan, bu qrup insanların torpaqlarımızın işğalına qarşı canlarından keçənlərə qayğı ilə yanaşan mərhum Ulu Öndərimizin imzasına çox böyük etinasızlıq göstərib qanunlara əməl etmirlər.
Onu da qeyd edim ki, bu məmurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Qarabağ Müharibəsi iştirakçılarına diqqət və qayğı ilə yanaşılmalı” çağırışına belə diqqət vermirlər. AQVƏŞA İctimai Birliyinin müraciətini saymamaq Qarabağ Müharibəsində Şəhid olanların ruhuna təhqir kimi dəyərləndirilir. Milli Məclis üzvlərinin müvafiq qanunvericiliyin tələbələrinin yerinə yetirilməsi barədə müraciətinin nəzərə alınmaması parlamentin nüfuzuna hörmətsizlik nümayiş etdirməkdir. Onlar mənim hüququmu açıq-aşkar pozmaqla Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etməmişlər.
Hörmətli redaksiya, Sizdən “Azərbaycan Respublikasının Media haqqında» Qanunun müvafiq maddələrini rəhbər tutub AR DNŞ-nin (SOCAR) “Neftqaztikinti” trestində «Veteranlar haqqında» AR-nın qanununun kobud şəkildə pazularaq müharibə veteranlarına, əlillərinə, Şəhid ailələrinə qarşı olan hörmətsizliyin qarşısının alınması istiqamatində müvafiq addımlar atasınız və mənim əmək fəaliyyətimi davam etdirmək üçün müqavilə müddətimin uzadılmasının qanuni həllinə kömək edəsiniz.
Düşünürəm ki, canını bu dövlət yolunda qurban vermiş bir döyüşçünün müqavilə müddətini bir il də uzatmaqla Dövlət Neft Şirkətinə heç bir iqtisadi-maliyyə ziyanı dəyməz.
Hörmətlə: Əliyev Baxşəli Əli oğlu».
***
«Təzadlar»dan: şikayətçi Əliyev Baxşəli Əli oğlu redaksiyada olarkən əməkdaşlarımıza geniş müsahibə verərək bir sıra suallara aydınlıq gətirib… Düşünürük ki, "Neftqaztikinti" trestinin rəhbərliyi onun daha bir il müddətində öz vəzifəsini icra etməsinə etiraz etmir. Digər suallar isə qalır SOCAR rəhbərliyinin müvafiq strukturlara göstərişlərinin icrası. Hesab edirik ki, torpaqlarımızın müdafiəsində canından belə keçməyə hazır olmuş, bəxti gətirərək sağ qalmış müharibə veteranı Əliyev Baxşəli Əli oğluna daha bir il də işləmək şansı verməklə onun ailəsinin sosial probleminin həllinə dəstək verməyə dəyər!
Mövzuya qayıdılacaq.
«Təzadlar»ın Araşdırma Qrupu