Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yaradan şəhərdir”
Müsahibimiz, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Kənd Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun sosial texnologiyalar fakültəsinin dekanı Oleq Sergeyeviç Kuzindir. Rusiyanın Əməkdar jurnalisti, siyasi elmlər namizədi, professor Oleq Kuzin hələ “Tribuna” qəzetinin baş redaktoru olarkən bütün qəlbi və düçüncəsi ilə xalqımıza qarşı gözəl münasibəti, doğma Bakımıza bağlılığı ilə tanınırdı. O, Azərbaycan həqiqətlərinə, Qarabağ probleminə heç zaman laqeyd qalmayıb, beynəlxalq tədbirlər zamanı regionunun inkişafının məhz bu münaqişənin həllindən asılı olduğunu dəfələrlər dilə gətirmişdir. Əslində, Oleq Kuzini ölkəmizlə sadəcə jurnalist fəaliyyəti bağlamır, onun Azərbaycanla, Bakı ilə bağlı maraqlı xatirələri var. Məhz buna görə də biz, onunla həmsöhbət olduq.
-Oleq Sergeyeviç, Azərbaycana ilk səfəriniz, doğma Bakımızla bağlı xatirələrinizi sizin dilinizdən eşitmək istərdik. Bir jurnalist olaraq dünyanın çox ölkələrinə səfərlər etmisiniz, amma məhz bizim ölkəyə xüsusi münasibətinizin olması həmişə hiss olunub. Bu, nədən qaynaqlanır?
-Mənim Azərbaycanla, Bakı ilə tanışlığımın tarixçəsi uzun illər əvvələ təsadüf edir. Təxminən 20 il “Leninqradskaya pravda” və “Sankt-Peterburq vedomosti” qəzetlərinin baş redaktoru kimi çoxillik təcrübəmi nəzərə alaraq, “Tribuna” qəzetinə rəhbərlik etmək mənə həvalə olundu. O zamanlar “Tribuna” qəzeti Azərbaycanla sıx bağlı mətbu nəşri hesab olunurdu. Təsadüfi deyil ki, ölkənizin rəhbərləri haqqında iki kitabın müəllif olan Viktor Andriyanov bizim redaksiyada işləyirdi. Bu kitablardan birincisi böyük siyasi xadim və məşhur dövlət xadimi Heydər Əliyev haqqındadır. “Görkəmli adamların həyatı” seriyasından olan bu kitab bir neçə xarici dilə tərcümə olunub və həmin ölkələrdə də maraqla oxunur.
İkinci kitab Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyev haqqındadır. Yadımdadır, dahi şəxsiyyət Heydər Əliyevlə bağlı məlumatların toplanılmasında Viktor Andriyanova tanımış yazıçı, dramaturq, uzun illər Millət vəkili olmuş, çox vətənpərvər insan Hüseynbala Mirələmov kömək edirdi. O, Heydər Əliyevin Moskvadakı xidmət illəri ilə bağlı kifayət qədər ciddi məlumatlara sahib idi. Üstəlik, rus dilini də yüksək səviyyədə bilirdi. Elə Hüseynbala Mirələmovla da məni Viktor İvanoviç tanış etmişdir. Bəstəboy, bir az kök, lakin çox çevik olan Mirələmov elə ilk gündən mənə xoş təəssürat bağışladı. Elə o vaxtdan aramızda müəyyən qardaşlıq, doğmalıq yarandı və bir-birimizi tez başa düşdük. Kitab isə 2005-ci ildə işıq üzü gördü. Hətta sonradan bir neçə xarici dilə tərcümə olundu. Bir ildən sonra “Görkəmli adamların həyatı” seriyasından Prezident , cənab İlham Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında kitablar üzərində iş başladı. Beləcə, bizim Mirələm Hüseynbala dostluğumuz, Bakı ilə əlaqələrimiz da da möhkəmləndi, genişləndi.
-Bakıya ilk səfərinizi necə xatırlayırsınız?
-Bəlkə də təəccüblənəcəksiniz, amma Bakıya ilk səfərim də Hüseynbala müəllim sayəsində baş tutub. Məhz bu səfər məni və həyat yoldaşımı böyük faciədən xilas edib. 2009-cu ilin noyabrında o, "Yedinaya Rossiya" partiyasının 10-cu qurultayına dəvət edilmişdi və xarici qonaq kimi Moskvaya gəlmişdi. Sankt-Peterburqa getməzdən əvvəl ənənəvi olaraq Moskvaya gəlib, məni Bakıya dəvət etdi. Yadımdadır, mən razılaşmırdım, çünki noyabrın sonunda həyat yoldaşımın ad günü idi və ailə arasında qeyd etməyi planlaşdırmışdıq. Lakin o israrla bildirdi ki, tez evə zəng elə, yoldaşını razı sal, ad gününü Bakıda qeyd edək. Mən onun yanında həyat yoldaşıma zəng etdim. Düzünü desəm, razılaşmayacağını düşünürdüm. Amma o, eşidən kimi təklifi bəyəndi. Həyatında heç vaxt Azərbaycanda olmamışdı və sevinərək Bakı ilə tanış olmaq istədiyini məmnuniyyətlə bildirdi. Beləcə, noyabrın 27-də Bakıya yola çıxdıq.
- Bir az əvvəlki söhbətimiz vaxtı Bakıya gəlməklə böyük faciədən xilas olduğunuzu qeyd etdiniz. Siz, hansı faciəni nəzərdə tutursunuz?
-Dediyim kimi, Azərbaycana səfərimiz qəfil və plansız oldu. Əslində Bakıya gəldiyimiz gün biz Sankt-Peterburqa yola düşməli idik. Biletlərimiz də alınmışdı. Amma tale elə gətirdi ki, həmin gün Bakıya səfər etməli olduq. Gecə otelə çatanda çox yorğun idik. Yeməyimizi yeyib yatdıq. Səhər yuxudan oyananda eşitdiyimiz xəbərdən çox sarsıldıq. Sən demə, biz yolda olarkən "Nevski Ekspres" qatarında terror aktı törədilib və xeyli sayda insan həlak olub. Bu, bizim Sankt-Peterburqa bilet aldığımız qatar idi. Təsəvvür edirsiniz?!.. O qatara minsəydik, həyat yoldaşımla qeyd edəcəyimiz sonuncu doğum günü olacaqdı. Həyatını itirənlər arasında yaxından tanıdığım insanlar da var idi. Həmin gün telefonlarımız susmadı. Tanışlar, qohumlar bizim terrorun qurbanı olduğumuzu düşünüb sarsılmışdılar. Bax beləcə, Hüseynbala Mirələmov özü də bilmədən həmin gün iki insanın həyatını xilas etdi. Elə həmin vaxtdan hər il Svetlana xanımın doğum gününü həm də mənim ikinci doğum günüm kimi qeyd edirik. Alın yazısı ilə bağlı sizin həmyerliniz olan Əbu Turxanın belə bir maraqlı aforizmi var: “ Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir”. Deməli, Böyük Yaradan bizə də bu şansı verdi ki, yaşayaq. ( O, gülümsündü.) Bu hadisədən sonra Hüseynbala Mirələmov mənim üçün əsl qardaşa, Bakı isə doğma şəhərə çevrildi. Təsəvvür edin ki, 2025-ci ilin iyununda Hüseynbala qardaşımın yubileyində iştirak etmək üçün artıq indidən məzuniyyətə çıxmağı nəzərdə tutmuşam (O, yenidən gülümsündü).
- Çox güman ki, Bakını sizə sevdirən təkcə bu hadisə deyil...
- Əlbəttə. Bakıya ilk səfərimizdə təyyarədən düşən andan ancaq qonaqpərvər, gülərüz insanlarla rastlaşdıq. Kimin qonağı olurduqsa, yedirib-içirtməmiş bizə getməyə icazə vermirdilər. Qonağa bu qədər olan sayğı göstərilməsi məni sözün yaxşı mənasında təəccübləndirmişdi. Ümumiyyətlə, Bakıda olmaq mənim xoşuma gəlir. Ona görə ki, mən sizin şəhərinizi sevirəm, burada məni böyük dost kimi qəbul edirlər. Bakı sakinləri açıqürəkli olurlar, həmişə yaxşılıq etməyə hazırdırlar. Ümumiyyətlə, sizin millət başqa millətlərə nisbətən daha çox dostcanlıdır. Bu da yəqin ondan irəli gəlir ki, sizin millətin dostla bağlı çoxlu atalar sözləri, aforizmləri var. Bax, elə sizin millətin dostla bağlı bu atalar məsələləri hansı millətdə var: “ Dost-dosta tən gərək, tən olmasa gen gərək. Dost-dostda yaman gündə gərəkdir. Dost, dar gündə tanınan. Dost, ziyankar olmaz, ziyankar da dost ola bilməz”. Ümumiyyətlə, sizin millətin həm qədim tarixi və həm də çox qədim şifahi və yazılı xalq ədəbiyyatı var. Bütün bunlar da sizin millətin çox qədim olduğuna tutarlı bir sübutdur.
Sakinləri kimi Bakı özü də “qonaqpərvər”dir, celbedicidir. Burada özümü
qərib kimi hiss etmirəm…
Çox böyük şəhər olmamasına baxmayaraq, gəzməli-görməli yerləri saymaqla bitmir. Şəhərin bir başı səni orta əsrlərə aparıb çıxardığı halda digər tərəfi Avropanın inkişaf etmiş şəhərlərini xatırladır. Zamanla Bakının necə gözəlləşdiyini müşahidə etmək çox xoşdur. Elə səfərimiz olmur ki, Dənizkənarı Milli Parkda gəzib-dolaşmayaq. Bakı bulvarı sanki gözümüzün önündə böyüdü. Bir zamanlar bir saata gəzib bitirdiyimiz Bakı bulvarının indi bir başından digər başına getmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Hər dəfə Bakıya gəldikdə, mütləq İçərişəhərə də baş çəkirik. Eyni mənzərəni yenidən görməkdən qətiyyən bezmirik. Orada hər şey tarixlə nəfəs alır. Kiçik suvenir dükanlarına, milli ornamentlərlə dizayn olunmuş restoranlara daxil olanda adamın ürəyi açılır. Dünyanın bir çox yerlərində olsam da, Bakı məndə xoş təəssürat yaradan tək-tük şəhərlərdəndir.
-Əminəm ki, milli yeməklərimizi də bəyənmisiniz...
- Məgər buna şübhə etmək olarmı? Sizin millətin qədim yeməkləri olan lülə kababını, yarpaq dolmasını, plovu necə bəyənməmək olar? Nəvəm Bakıya gedəndə gecə-gündüz ancaq “kotlet” adlandırdığı lülə kababı yeyir.
Bilmək olmaz, bəlkə böyüdükdən sonra birdəfəlik Bakıya köçdü... ( Gülümsünür.) Eşitsəniz təəccüblənməyin. Artıq evdə bu barədə müzakirələr başlayıb. Ölkənizi o qədər sevir ki, məktəbi bitirdikdən sonra beynəlxalq münasibətlər fakültəsini seçdi, türk dilini öyrənməyə başladı. Nəvəmin ən böyük arzusu diplomat kimi məhz Azərbaycanda işləməkdir. Onun bütün kurs işlərinin, hətta diplom işinin mövzusu da Azərbaycanın xarici siyasəti ilə bağlıdır.
Xarici siyasət demişkən, Azərbaycan indi bütün dünyada mustəqil siyasəti olan bir dovlət kimi tanınır, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Elə keçən ilin sonunda keçirilən KOP 29 beynəlxalq tədbiri buna tam sübutdur. Ən çox maraq doğuran da bu nüfuzlu tədbirlərin həm idman, həm mədəniyyət, həm din, həm siyasətlə bağlı olmasıdır. 2024-cü ilin sonunda Bakıda "Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq" adlı mədəniyyət və maarifləndirmə layihəsi, Səkkizinci Beynəlxalq Bank Forumu və xüsusilə bir daha vurğulamaq istədiyim BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Bu tədbirdə 200 ölkədən 80 minə yaxın insan iştirak etdi. Həmçinin, sentyabr ayında Bakıda “Formula 1” Dünya Çempionatının 17-ci mərhələsi keçirildi. Bütün bunlar sübut edir ki, cəmi on bir milyondan bir qədər çox əhalisi olan Azərərbaycan, dünyanın ən aparıcı və əhalisi 70-80 milyondan çox olan ölkələrilə bütün bu sahələrdə böyük rəqabət aparır. Bu da sizin məmləkətin ən böyük uğurudur. Mən, bir ziyalı və çoxlu xarici ölkələrdə olan insan kimi deyirəm: “Sizin məmləkətin böyük gələcəyinə çox inananıram”.
-Hörmətli Oleq Sergeyeviç Kuzin, müsahibə üçün sizə təşəkkür edirəm və ümidvaram ki, yenidən görüşəcəyik. Çünki elə bu il Azərbaycanı daha böyük uğurlar və Qarabağa daha böyük qayıdışlar gözləyir. Təki sağlıq və əmin-amanlıq olsun..
Nigar QULİYEVA
(Xüsusi olaraq "Təzadlar" üçün)