Soyuq yanvar ayının ilk günləri idi. Dostlarım-ağsaqqal Rizvan Bəbirov, Musa Məmmədov və şair-publisist Yusif Millətoğlu ilə Quzanlının məşhur “Çay evi”ndə çay süfrəsi arxasında 2023-cü ilin sentyabrında müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda keçirilən “İldırım sürətli” antiterror əməliyyatından, xalqımızın 2024-cü ildən olan gözləntilərindən, separatçı ünsürlərdən və Ermənistan silahlı qüvvələrindən azad olunmuş torpaqlarımıza keçmiş köçkün bacı-qardaşlarımızın qayıdışından söhbət edirdik.
Hər birimizin ürəyində qaysaqlanmaqda olan torpaq, vətən həsrəti! Söhbətimiz yaddaşlarımızda yaşayan xatirələrimizi oyatmaya bilməzdi. Ağdamın, Qarabağın çal-çağırlı günləri xatırlanmaması yaddaşımızın korşalması demək olardı. Yenə ənənəsini pozmayan Yusif Millətoğlu söhbətinin bu məqamında ürəklərimizin sarı siminə toxunan bir bənd şeir söylədi:
Çətin ki, gizlədə künc-bucaq sizi,
Hələ də axtarır bir ocaq sizi,
El-oba tapacaq təzədən sizi,
Bitəcək “tamaşa”, ocaq daşları!
Şeir söhbətimizin yaratdığı ovqatımıza uyğun olaraq hamının diqqətini çəkdi. İlk dəfə eşitdiyim üçün “özününküdür, yoxsa?..”-deyə soruşdum. O da “yox, həmyerlimiz Məmməd Gürşadoğlunun “Ocaq daşı” şeirinin son bəndidir ki, yaddaşımda “ilişib” qalıb” - dedi...
Dostlarımdan ayrılandan sonra da hiss etdim ki, o bir bənd şeirin təsirindəyəm. MəmmədGürşadoğlunun kitablarından həmin şeiri tapdım. Oxuduqca çözələnən xatirələrim məni uşaqlıq illərimə qaytardı sanki. Elimizin-elatımızın olduğu Dəlidağ yaylaqları və Kiçik Qafqaz dağlarının ətəklərində, Haramı düzündə, Ağ çala adı ilə tanıdığım Ergi düzündə olan qışlaq düşərgələri keçdi gözlərim önündən. Anamın sac asdığı üç ocaq daşlarını xatırladım. Elə bil o sac üstündə bişirilərək qalaqlanan yuxa və fəsəlinin qoxusunu hiss etdim. Ruhum təzələndi xatırladıqca. Həm də Məmməd Gürşadoğlununbu şeiri uşaq vaxtı eşitdiyim, ancaq etiraf edim ki, bu gün də mahiyyətini anlamadığım “dürna qatarı uçarkən yollarını azmasınlar deyə ocaq daşını çevirməzlər” deyimini xatırlatdı mənə. Bilmirəm, bəlkə Məmməd Gürşadoğluo şeiri 30 il ərzində biz köçkünləri nəzərdə tutaraq yazıb:
Ömrünüz uzunu odla yandınız,
Bəzən qəlpə-qəlpə olub sındınız,
Görən nə itirib, nə qazandınız,
Durduqca baş-başa, ocaq daşları!
Tanıyanlar bilir ki, uşaqlıqdan ədəbiyyatsevərəm, poeziya vurğunuyam. Hələ orta məktəb illərində hansısa bir bədii əsər və kitab haqqında təəssüratlarım dövri mətbuat səhifələrində işıqlandırılırdı. Bu dəfə də ənənəni pozmayaraq, Məmməd Gürşadoğlunun “Ocaq daşı” şeirinin təsiri ilə onun yaradıcılığı barəsində fikirlərimi oxucularla bölüşmək üçün əlimə qələm alası oldum.
***
Məmməd Gürşadoğlu bu gün 44 nəfər alimi, 600-dən çox ali təhsillisi, onlarca şair və yazıçısı, mədəniyyət və incəsənət xadimi, çoxsaylı təhsil və səhiyyə mütəxəssislərinin, neçə-neçə Qarabağ müharibələri qəhrəmanlarının vətənində-Mərzilidə anadan olub. İlk təhsilini doğma kəndində alsa da, orta məktəbi Bakı şəhərində bitirib. Mərhum qardaşım Baxşeyişlə sinif yoldaşı olduğundan Məmmədi şagird olduğu illərdən tanıdığım üçün deyə bilərəm ki, o, hələ o zamandan incəsənət sahəsinə, müsiqiyə, şeirə maraq göstərirdi. İllər ötdükcə M.Gürşadoğlu özünü püxtələşmiş qələm sahibi kimi tanıtmağı bacarmışdır. Bu gün o, şair-publisist kimi AYB-nin üzvüdür, 8 bədii-publisistik kitabın - “Vətənə uzanan qollar”, “Gözlə, gələcəyəm”, “Qarabağa gedən cığır”, “Qarabağsız döyünən ürək”, “Atəş altında toy”, “Xıdırlıda qalan günlər”, “845” və “Payızın qəmli notları” kitablarının müəllifidir.
M.Gürşadoğlu yazdığı əsərlərin janr və mövzu rəngarəngliyinə görə onu şair, publisist və nasir kimi qiymətləndirə bilərəm. O, poetik fikirlərini qoşma, bayatı, qəzəl, hekayə, povest və roman janrları ilə özünü oxucularına tanıtdırmışdır. Onun yaradıcılığının ana xəttini vətənsevərlik, Qarabağ həsrəti, yurd-yuva nisgili, torpaqlarımızın azad olunması uğrunda gedən müharibə qəhrəmanlarımızın fəaliyyəti təşkil edir. “Dərdim özümdən böyük”, “Ümid çırağı”, “Narahat ruhlar”, “Xocalı”, “Vətən torpağı”, “Dağlara baxdım” və s. bu kimi yüzlərcə şeirlərin adlarını çəkmək olar. Məmməd Gürşadoğlununyurda həsrətini ifadə edən iki misradakı vətəndaş mövqeyi onun son 30 ildəki köçkünlük tərcümeyi-halı kimi də qiymətləndirilə bilər:
Arlanıram bir bələdçi çağırım,
Qarabağa gedən cığır, hardasan!?
Yaxud:
Əlim gəlmir çırpım paltonumun tozunu,
Dərdim, qəmim çöküb onun üstünə.
Bayatılarının birində şair yazır:
Əzizim Qarabağda,
Qalıbdı qora bağda.
Qürbətdə şah da olsam,
Ruhumdu Qarabağda.
Şairin təbiət və cəmiyyətdə baş verən ağrılı hadisələrə biganə qalmadığını, onun dərd əhli olduğunu “Budağından asılmışam dərdimin” misrasından da, eləcə də “Qarabağda” adlı şeirinin bir bəndindən də görmək olar:
Məmməd həsrət torpağına,
Qəhər qoymur danışmağa,
Qısılıb dərd qoltuğuna,
Gəzdim kədər yığa-yığa.
Məmməd Gürşadoğlunun ədəbi mühitdəki yerinə nəzər salarkən görürük ki, onun kitablarının redaktorları, “Ön söz” müəllifləri ədəbiyyat aləmində, elm sahəsində tanınan simalardır. O sıradan pedaqoji elmlər namizədi, dosent Allahyar İmanovun, ADPU-nin baş müəllimi Hüseyn Hacıyevin, araşdırmaçı yazar Rəsmiyyə Məmməd qızı Rzalının, filologiya üzrə fəlsəfə doktoru Taryel Abbaslının, AYB-nin üzvü Elşən Əzimin, şair-publisist, AYB-nin üzvü, R.Rza mükafatı laureatı Rəfail Tağızadənin və digər qələm sahiblərinin adlarını çəkmək olar.
Təbii ki, kiçik bir məqalə ilə hansısa bir şairin yaradıcılığına nəzər salmaq, onu olduğu kimi oxuculara təqdim etmək mümkün deyildir. O sıradan da Məmməd Gurşadoğlu yaradıcılığını. Mən bir daha şair dostuma yeni-yeni yaradıcılıq uğurları, düşmən üzərindəki parlaq qələbələrimizin əksini tapacağı sanballı əsərlərin müəllifliyini arzulayıram.
Qeyd: Mən bu yazımda şair dostumu hörmətli oxuculara “Mərzili” təxəllüsü ilə yox, “Gurşadoğlu” kimi təqdim etdim. Və istərdim ki, tanınmış şair dostum Məmməd təqribən 1400 il bundan əvvəl yadellilərə qarşı uğurla mübarizə aparmış Göytürk xaqanının (Çuluq xaqanın) oğlu qəhrəman Gurşadın adını daşıyan atasının adını özünə daimi təxəllüs kimi götürsün. Çünki bu ad hələki, təkrarı olmayan, daha lakonik və daha poetik səslənir.
Fikrət Əliyev,
publisist, Birinci Qarabağ müharibəsi qazisi