O, eldən gedən ziyalı və müdrik insan idi...
(Elegiya)
Mən yandım, şam əridi,
Sübhəcən tam əridi,
Göz yaşima dözmədi,
Əlimdə cam əridi.
Bu bayatını cavanlıq dostum, gözəl həkim-folosof, maraqlı yazıçı-publisist, dəyərli ziyalı, ictimai xadim, Sumqayıt Dostlar Klubu idarə heyyətinin sədri Hümbət Həsənoğlu mənə göndərmişdi. Bu bayatı çox xoşuma gəldi. Fikirləşdim ki, belə dərin mənalı bayatını Hümbət Həsənoğlu yazıb. Amma o, dedi ki, “bu bayatının müəllifi mənim dayım Şikar Məstəlidir”. Və onu da əlavə eləyib dedi; “Mənim həyatda belə uğur qazanmağımda dayım Şikar müəllimin çox böyük əməyi olub. Onun sayəsində məndə ədəbiyyata, elmə və dünya hadisələrinə maraq artıb və mən insanları daha dərindən tanımışam”. Hümbət Həsənoğlu onun haqqında çox danışdı və məndə də böyük maraq yaratdı ki, Şikar Məstəli lə yaxından tanış olum. Onun mobil telefon nömrəsini Hümbət həkimdən alıb, Şikar müəllimə zəng elədim. Özümü təqdim elədim və onun nömrəsini mənə Hümbət həkimin verdiyini dedim. Şikar müəllim də Hümbət Həsənoğlu haqqında çox yaxşı, xoş sözlər, maraqlı fikirlər dedi. Mən də vurğuladım ki, “sizin şeirlərinizi, qəzəllərinizi, bayatılarınızı rəhbərlik elədiyim “Azad Azərbaycan” qəzetində, əməkdaşlıq elədiyim başqa qəzetlərdə və saytlarda vermək istəyirəm. Çox sevindi və elə həmin gün mənə bir neçə şeirini və qəzəllərini göndərdi. Şeirləri, qəzəlləri qəzetdə və saytlarda çıxanda çox sevindi. Mənə isə xoş gələn bu idi ki, Şikar Məstəlinin şeirləri böyük fəlsəfi duyuma, çox dərin sözaltı mənaya malikdir. Və o, öz şeirlərində heç kimi təkrar etmirdi. Peşəkar səviyyədə yazırdı. Ona görə də çox oxunaqlı idi. Beləcə o, şeirlərini mənə göndərir və mən də çap edirdim. Hər dəfə telefonla danışanda deyirdi ki, “görüşüb bir çay içək və yaxşı-yaxşı söhbət edək”.
Bizim onunla söhbətlərimizdə Şikar müəllimin daxilində çox böyük Vətən sevgisi, doğulduğu Cəbrayıl rayonuna və doğma Quycaq kəndinə möhkəm bağlı olduğunu hiss edirdim. Çünki sözünün əvvəli də, ortası da, sonu da Cəbrayıl və Quycaq olurdu. Mən bacısı oğlu Hümbət həkimdən və qardaşı oğlu İsmayıldan eşitmişdim ki, o, xəstədir və xəstəliklə dör-dör döyüşür. Şikar Məstəli elə bil haqq dünyasına tezliklə qovuşacağını hiss eləmişdi. Ona görə də bu sətirləri yazmışdı: “Dünyasını dəyişənlərin hər biri doğmalar arasında olan doğmalığın bir hissəsini özü ilə əbədiyyətə aparır, yerində soyuq bir boşluq və uçurum qalır!” Ona görə də bütün gücünü sərf eləyirdi ki, xəstəliyə qalib gəlsin. Ona xəstəliyə qalib gəlməkdə sevimli həyat yoldaşı Rəhilə xanım da əlindən gələni edirdi. Amma sən saydığını say, görə fələk nə sayır. Həyat yoldaşı Rəhilə xanımın 2023-cü ilin sentyabr ayının 27-də haqq dünyasına qovuşması elə bil ki, onun da ölümünü tezləşdirdi. Özü deyən kimi: “ Bir növ yetim qaldı”. Və 2024-cü ilin yanvar ayının 7- də haqq dünyasına qovuşdu.
Amma mən inanıram ki, yuxarıda yazdığım və tarixlər boyu yaşayacaq bayatının müəllifi, tanınmış şair, el ağsaqqalı, məşhur pedaqoq və ictimai xadim Şikar Məstəlinin çoxlu şeirləri kimi, belə dərin mənalı bayatılarıdı da, dördlükləri də Azərbaycan ədəbiyyatında yaşayacaq və həmişə oxucuların sevə-sevə oxuduğu bədii əsərlər olacaq.
Bəli, mən Şikar müəllimlə hər dəfə telefonla söhbət etdikdə, onun maraqlı söhbətlərinə qulaq asdıqca, bu ağsaqqal, müdrik insandan çox şey öyrənirdim. Ən əsası da insanlara yaxşılıq etmək, hər adamın işinə yaramaq və istedadlı insalara arxa-dayaq olmaq onun şakəri idi. Həm də Şikar Məstəlinin şeirlərində bir dünya vardı desəm daha düzgün olar...
... Sizin yoxluğunuz da sizi tanıyanların, övladlarınızın, qohumlarınızın, tələbələrinizin qəlbində bir boşluq qoyub getdi, böyük ustad. Mən bunu sizin yas mərasiminizdə olanda həmin insanlardan eşitdim. Orada olanların hamısı, hətta sizi yaxından tanımayanlar da, sizin yoxluğunuza çox heyifislənirdilər. Göyüm-göyüm göynəyirdilər. Elə bil Siz də həyat yoldaşınız Rəhilə xanımın yanına getməyə çox tələsirdiniz... Və bunu bayramsayağı bir gün kimi qəbul eləyirdiniz. Hətta feyzbuk səhifənizdə də yazırdınız...
Oğlunuz Babəkin mənə verdiyi kitablarınızı vərəqləyirəm. Orada haqqınızda yazılan qısa tarixçələri oxuyuram...
... Beləliklə, tanınmış ziyalı, peşəkar tərcüməçi - diplomat, şair ( Şikar Məstəli)
Şikar İsmayıl oğlu Məstəliyev 28 noyabr 1939 - cu ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdu. Maksim Qorki adına Cəbrayıl orta məktəbini qurtardıqdan sonra 1969 -cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdı. Şikar Məstəliyev üçüncü kursda oxuyarkən Əfqanıstan Respublikasına göndərilmişdi və orada tərcüməçi işləmişdi. Əfqanıstanın Couzcan vilayətində, neft - qazma ustaları hazırlayan Texniki Məktəbdə dərs demişdi .
O, SSRİ dövründə - 1971-1974 -cü və 1981-1984 -cü illərdə İran İslam Respublikasında tərcüməçi - diplomat kimi səmərəli fəaliyyət göstərmişdi .
Şikar Məstəliyev uzun illər Bakı şəhərində Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında fars dili müəllimi işləmişdi.
Şikar müəllim göründüyündən də artıq sadə, təvazökar, incə ruhlu, şair təbiətli, dostcanlı, mərdanə, vətənpərvər bir insan idi. O, kifayət qədər elmi-publisist məqalələrin, ondan artıq şeirlər kitabının müəllifidir.
Dünya şöhrətli cərrah və tədqiqatçı Cavad Heyətin “İki dilin müqayisəsi” elmi əsərini, eyni zamanda böyük şairimiz Məhəmməd Hüseyn Şəhriyardan, Pərviz Etesamidən, Məliküşşüəra Bahardan, İran xalq yaradıcılığından, xüsusən Baba Tahir Həmədanidən etdiyi tərcümələr, Şikar Məstəlinin böyük linqvistik biliyə, şairlik istedadına və fars dilini mükəmməl bilməsinə əyani sübut idi.
Qəlbi yurd həsrətiylə daim alışıb-yanan Şikar müəllimin 2001- ci ildə qələmə aldığı “Qaçqın bənövşə” şeirində insanın qəlbini titrədən belə bir maraqlı parça var:
Bənövşə əkmişəm Bakı bağında,
Quycaqda bitənin ətrini vermir.
Nərgiz Quycaqdakı xumar görkəmi,
Qızıl gül ordakı çətrini vermir...
Ləçək titrəyişi, bülbül nəvası ,
Bir tar havasıydı, bir kaman səsi.
Ruha qida idi, hissə qol - qanad,
Quzu mələrtisi, at kişnərtisi...
Ora da vətəndi, bura da, amma,
Başqaydı torpağın naxışı orda.
Artıq yandırırdı Bakıdakından ,
Qara gözlülərin baxışı orda ...
Qaytarın Quycağı, qaytarın mənə,
Görüm bənövşəmin ətrini onda.
Qalın kitablardan üstün görərsiz,
Şeirimin ən zəif sətrini onda!
… Artıq Quycaq və bütövlükdə Qarabağ yağı düşmənlərdən təmizlənmişdi və Şikar müəllimdə Quycağa gedib, orada, ata ocağında ev tikmək və qalan ömrünü də Quycaqda yaşamaq istəyirdi. Bundan sonrakı yaradıcılığını da orada davam etdrimək həvəsilə yaşayırdı. Onun Quycaqda yazacağı gör nə qədər bayatılar, dördlüklər, şeirlər, qəzəllər vardı. Bəlkə, bu bayatılar və şeirlər onun şah əsərləri olacaqdı. Axı Vətən torpağı insana daha böyük ilham verir. Amma əfsus ki, bu arzusunu reallaşdırmaq ona qismət olmadı. O, 84 yaşında haqq dünyasına qovuşdu. Ömür- gün yoldaşı Rəhilə xanıma qovuşmağa, onu görməyə axı çox tələsirdi…
Oğlu Babək anasının və atasının qəbrləri üzərinə Şikar Məstəlinin ömrünün son günlərində yazdığı bu şeirini yazdırıb:
Bir az kədərlənin, bir az qəmlənin,
Amma ağlamayın mən öləndə.
Toy-bayram günləri gülün, şənlənin,
Məni də yad edin yeri gələndə.
Yeriniz cənnət olsun, sadə və böyük İNSAN ŞİKAR MƏSTƏLİ.
Dəyərli ziyalı , sədaqətli dost, müdrik el ağsaqqalı Şikar müəllim. Siz doğrudan da evdən yox, eldən getdiniz. Quycaq camaatının Sizin kimi şərəfli ömür yaşamış, dünya görmüş ağsaqqal-ziyalısına çox böyük mənəvi ehtiyacı vardı! Amma bunu Ulu Tarı Quycaq camaatına elə bil ki, çox gördü… Bildiyimiz kimi Tanrının yazdığını pozmaq isə çox çətindir… Əfsus ki, çox çətindi… Əgər onu biz özümüm yaza bilsəydik…
Çoxminli oxuculara sizin bir neçə şeirinizi, qəzəlinizi, dördlüklərinizi təqdim edirəm. Bu şeirləri oxuyanlar həqiqətən də bir usdad sənətkarı istirdiyimizi görəcəklər və çox heyifislənəcəklər…
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
ŞİKAR MƏSTƏLİ: GETMƏ, SƏN ALLAH!
Axır ki, qaytardın dincliyimi sən,
Bir də üz döndərib getmə, sənallah.
Sevinc qapısını örtüb üzümə,
Qəlbimi pərişan etmə, sənallah.
Quraqda yağış ol çilə üstümə,
Qoyma qəm sellənib gələ üstümə,
Nəfəsin həyatdır-fülə üstümə,
Qəfil ilğım olub itmə, sənallah!
Səndəki gözəllik yox özgə kəsdə,
Şikar gül görməyib hələ bu süsdə,
Çevrilim torpağa bit sinəm üstə,
Özgə gülzarında bitmə, sənallah!
QƏZƏL
Yox bircə günüm ki, keçə qəmsiz bu şəhərdə.
Açdım səhəri hər gecə şəmsiz bu şəhərdə.
Yad gülşəninə qonmadı könlüm quşu heç vaxt
Günlərlə düşüb qalsa da dənsiz bu şəhərdə.
Hönkürdü tarım hər məqamında səni sordu
Kökləndi zilə ağladı bəmsiz bu şəhərdə.
İllər uzunu göz yaşım axdı selə döndü,
Bir lehzə gözüm olmadı nəmsiz bu şəhərdə.
Qəlbim evini yaxdı alovlar külə döndüm.
Qalxdı sinəmin naləsi sənsiz bu şəhərdə.
Köçsəm nigaran növhə deyənlər oxusunlar:
-Biçarə Şikar köçdü vətənsiz bu şəhərdə.
Yanvar- 2019-cu il
QARABAĞDAN
Sən ey igid əsgər, sən ey mərd oğul,
Düşmənin əlini üz Qarabağdan!
Qalib addımlarla keç qarış-qarış,
Dağlıq Qarabağdan, Düz Qarabağdan!
Qızıl bir bayrağa döndər qəddini,
Göstər sən yağıya, göstər həddini,
Dağıdıb, tapdayıb düşmən səddini,
Vüqarla dünyanı süz Qarabağdan!
Zəfər bayramına dünyanı hayla,
Şikar tonqal çatsın o Tay, bu Tayla,
Qadir əllərinlə, əzminlə payla,
Hər sönən ocağa köz Qarabağdan!
DÖRDLÜKLƏR
Taleyinə çətin gülsə dan yeri,
Nə göydən küs, nə də könül, dan yeri.
Güləcəkdir, ümidini itirmə,
Yürü, tələs, ağarınca dan yeri.
***
Sevda günü mərdanə kəs kəsmətin,
Çərçi kimi səhər-axşam kəsmə tin.
Küt bıçaqla kəsmə səbrim, qərarım,
Kəsirsənsə xəncər götür kəs mətin.
***
Hökm vermə dərhal nəzər salınca,
Qəzəbliykən əl aparma qılınca.
Bəzən ocaq dağ vurmağa çatılır,
Varıb getmə hər tüstünün dalınca.
***
Söz deməmiş əzəl bişir ağzında,
Məna gəzmə hər söylənən loğazda.
Su içəndə füləməyin nə eybi,
Təmiz su da bəzən qalır boğazda.
(Xüsusi olaraq "Təzadlar" üçün)