Təəssüf ki, son illər bəşəriyyətdə ali dəyər öz əhəmiyyətini itirməkdə, boşanmaların sayı isə durmadan artmaqdadır...
...Yer üzündə insanın yarandığı vaxtdan bu incə, həssas məsələ cəmiyyətləri, dövlətləri, dinləri düşündürüb. Hər dövrdə, hər formasiyada bu məsələyə yanaşmada müxtəliflik olub. Çoxlu ziddiyyətlər, haqsızlıqlar, mürtəce və mütərəqqi fikirlər meydana çıxıb. Mübarizələr aparılıb. Dövlət qanunları, dini baxışlar yaranıb. Amma məsələ indiyədək lazımi qaydada həll olunmayıb.
Ulu Tanrımız dünyanı yaradanda hər şeyin cüt olmasına çalışmışdır: kişi-qadın nisbətində. Hətta, heyvanlar, quşlar, həşəratlar aləmində də bu, özünü erkək-dişi formasında təsdiqlənmişdir. Gözəlliyinə vurulduğumuz təbiətin özündə də, çiçəklər, bitkilər aləmində bu nizam, qanunauyğunluq var. Bunun nəticəsidir ki, təbiət də, insan cəmiyyəti də milyon illərdir yaşayır, inkişaf edir. Qadın-kişi münasibətləri hələ Adəm və Həvva zamanından bəri həyati məsələ olub. Ulu əcdadımız Adəm Həvvanın sayəsində insanlığın əsasını qoymuşdur.
Əgər qadın olmasaydı, kişi, o da olmasaydı, artım, bəşər sivilizasiyası da olmazdı. Eramızın VII əsrində yaşamış ərəb filosoflarından biri bəşəriyyəti quşa, kişi və qadını isə onun qanadlarına bənzətmişdi. Qanadlardan biri olmayanda quş uça bilmədiyi kimi, qadının da cəmiyyət həyatında iştirakı olmasa inkişafdan, bəşər sivilizasiyasından danışmaq mümkün deyil.
Həzrəti Məhəmməd Peyğəmbərimiz buyururdu ki, qadın cəmiyyətin əsasıdır. Qadının tərəqqisi, ölkənin tərəqqisi deməkdir. Lakin, intibaha doğru gedən insan cəmiyyəti yenə qadınların həssas ürəyi, analıq ülviyyəti, tərbiyəçilik funksiyası, ailə şərəfini qoruyub saxlamaq istəyi, övlad məhəbbəti səliqə-sahman yaradan qadın əməyi sayəsində tərəqqi əldə etmişdi. Bunun üçün bəşəriyyət qadınlığa minnətdar olmalıdır. Dünyanın hər yerində, hər xalqda qadınlardan böyük şəxsiyyətlərin yetişməsinin şahidi oluruq.
Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Lakin “Qadın sərxoş ər tərəfindən öldürdü”, “ər ailə münaqişəsi zəminində qadına balta ilə xəsarət yetirdi”, “qısqanc ər həyat yoldaşını qətlə yetirdi”, “ər arvadının başını kəsdi”, "ailə münaqişəsi zamanı qadın intihar etdi"... kimi xəbərlərlə, demək olar ki, son dövrlər hər gün rastlaşırıq. Əgər planetimizin hər tərəfinə nəzər salsaq belə mənzərənin şahidi olarıq. Hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Bu, Azərbaycanda müalicəsi mümkünsüz xəstəliklərdən vəfat edən və ya yol-nəqliyyat qəzalarında həlak olan qadınların sayından çoxdur.
Statistik məlumatlara görə, Azərbaycanda həlak olan qadınların 73 faizi ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Bir neçə il əvvəl nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanılıb.
Bir-biri ilə yola getməyən məcburən evliliyi sürdürən ailələrə az rast gəlmirik. Qadından məcburiyyətin səbəbini soruşduqda isə bu zaman iki formada cavab eşidirik. Birinci halda qadın fikirləşir ki, boşansa valideynləri onu qəbul etməyəcək,cəmiyyət düzgün başa düşməyəcək,yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. İkinci halda isə qadın düşünür ki,əgər boşansa, uşaqlarının gələcəyini təmin edə bilməyəcək. Qızı varsa, onunla gələcəkdə ailə həyatı quran olmayacaq. İqtisadi cəhətdən asılı olan qadın fikirləşir ki, boşanarsa, necə dolanacaq?
Bəs məcburiyyətdən rəsmi kağız üzərində qalan ailələrin coxunun acı sonluğu necə bitir? Məcbur sürülən ailənin ağır sosial nəticə ilə sonuclanması ehtimalı böyükdür və əksər hallarda faciə və ya ailə üzvlərinin müxtəlif xəstəliklərə düçar olmasına ilə yekunlaşır. Belə münaqişələrin uşaqlar üçün xüsusi ağır nəticələri olur. Cəmiyyətdə hələ də boşanma qeyri-adi qarşılanır və buna mənfi yanaşılır. Bəlkə də o insanlar boşanarsa, daha yaxşı olardı. Amma bədbəxt hadisə baş verəndən sonra yaxınları təəssüflənirlər ki, kaş boşanaydılar.
Çoxları sağlamlığı ancaq fiziki anlamda nəzərdə tutur. Ancaq, əslində, bu heç də belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olması deməkdir. Güclü psixoloji gərginlik, sarsıntı keçirən insan öz üzərində nəzarəti də itirir. Bu vəziyyətdə o, çox amansız olur və ən qatı cinayəti belə törətməyə qadirdir. Hadisədən sonra insan affekt vəziyyətindən çıxır və ona elə gəlir ki, qətli o yox, başqa birisi törədib. Şokdan ayıldıqdan sonra hadisəni yavaş-yavaş xatırlamağa başlayır. Bəziləri isə cinayət hadisəsinin üzərindən uzun illər keçməsinə baxmayaraq, qətli necə törətdiyini xatırlaya bilmir.
Azərbaycan cəmiyyətində daha çox emosiya bolluğu duyur, nəinki hisslərin olduğunu görür: “Əslində, emosiya instinkdir. İnsanı heyvandan fərqləndirən onun hissləridir. Bu gün bizim cəmiyyətdə hisslər kütləşib. Ona görə də hər gün ailə faciələri barədə eşidirik”.
İki ilə yaxın dövrdə respublikada baş verən pandemiya ilə bağlı sosial durumun aşağı düşməsi ailələrdə problemləri artırıb. Bir çox ailələrdə əsas ağırlıq kişilərin üzərinə düşüb. Bütün bunlar isə ər-arvad arasındakı münasibətlərdə gərginlik yaradır. Ona görə də ailə daxilində baş verən zoraklıqların həlli yollarının tapılması üçün problemi ictimailəşdirmək vacib hesab edilir. Münaqışənin bir hissəsi isə müxtəlif səbəblərdən yaranan hərc-mərclikdən baş verir: ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması, ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması (alkoqolizm, narkomaniya və b.), çətin həll edilən maddi problemlərin mövcudluğu, ər-arvad münasibətlərinə qohumların avtoritar qarışması, ailədə qısqanclığın və xəyanətin sezilməsi, tərəflərin ailə məsuliyyətini lazımınca dərk etməmələri, tərəflər arasında qısqanclıq hissinin güclü olması və s.
Yaşanan xoşagəlməz hadisələrin çoxu gənc ailələrdə baş verir. Buna səbəb son vaxtlar ailə-nikah münasibətlərinin düzgün qurulmaması, sosial problemlərin çoxalmasıdır. Gənclərin nikaha qədər hazırlıqlarının zəif olmasi, ailə institutları haqqında biliklərin olmaması və ailədə tərəflərin bir-birinə güzəştə getməmələri sonda ağır nəticələrə gətirib çıxarır. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir.
Ailə münasibətləri möhkəm təməl, yəni qarşılıqlı sevgi, hörmət və rəğbət, qarşılıqlı inam, etibar, vəfa, qarşılıqlı güzəşt və s. üzərində qurulmalıdır. Ailə bu sadalanan nüanslar üzərində qurulmursa, o zaman ailədaxili psixoloji iqlimin pozulması nəticəsində orada ərlə arvad arasında soyuma, bir-birindən uzaqlaşma, bir-birini günahlandırma, təqsiri kimsə boynuna almağa çalışmaması və evdə yersiz söhbətlərin günlərlə davam etməsi halları baş verir.
Ailə cəmiyyətin əsas nüvəsini təşkil edir. Mütəxəssislərin fikrimncə, ailədaxili münaqişə və faciəli sonluqlarin qarşısını almağın ən düzgün yolu ilkin nigaha qoşulan gənclər hökmən psixoloji testlərdən keçirilməli, bundan sonra psixoloq tərəflərlə əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə birlikdə söhbət aparılmalı, hər iki tərəfin çatışmayan cəhətləri ortalığa qoyulmalı və bunların aradan qaldırılmasında müxtəlif üsul və vasitələrdən istifadə edilməli, birlikdə çıxış yolları arayıb tapılmalıdır. Bu zaman tərəflər öz səhvlərini etiraf etməyi bacarmalı və bunların aradan qaldırılmasında qarşılıqlı cəhd göstərməlidirlər.
Ailə başçısı bağışlamağı bacarmalıdır. Bu, şəxsin alicənablığından və əxlaqından irəli gəlir. İffət, namus, qarşılıqlı hörmət və məhəbbət ailənin açarı və sifətidir. İslama görə, kişinin qadın, qadının da kişinin boynunda haqqı var. Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurur: “Hər kim zövcəsini vursa, qiyamətdə mən onun düşməniyəm. Qadınlarınızı incitməyin. Zövcəyə xidmət etmək böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur”.
Qadının isə vəzifəsidir ki, ailə həyatının mühitində öz ömür-gün yoldaşı ilə ədəb və kəramətlə rəftar etsin, onun xətalarının üstündən sükutla keçsin, səbrli olsun. Bu minvalla ailə həyatı da davamlı olar. Ailə başcısı kimi kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda da. Qadın daim bu barədə cəmiyyətdə təsəvvür yaratmalıdır ki, uşaqlar, qohum-əqraba, dost-tanış bilməlidir ki, onun kicik dövləti olan ailəsində kişi qəbul edən qərarlar tənzimlənir. Halbuki, müdriklərimiz də deyiib: “Güclü ailəni güclü qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur”!
Əgər həqiqətən də ailənizi qorumaq istəyirsinizsə, onda buyurun. İnanın ki, heç nə itirməyəcəksiniz. Əgər bu evlilik butün bunlara baxmayaraq, davam etməsə belə, siz ən azı, ailənizi qorumaq üçün əlinizdən gələni etdiyiniz üçün mənəvi rahat olacaqsınız. Ailənizi qoruyun. Kimsəyə ona müdaxilə etməyə imkan verməyin. Sevin, sevilin və illər keçsə də, ilk gündəki kimi, yenidən özünüzü sevdirin. Xoşbəxt olun...
Aygül Bağırova
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN