I yazı
Xalq yazıçısı İsmayıl Şıxlı öz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni səs, yeni deyim tərzi gətirən qələm sahiblərindəndir. Bu baxımdan, yazıçının "Ayrılan yollar" (1954-1955), "Dəli Kür" (1962-1966) və "Ölən dünyam" (1995) romanları ədəbiyyatımıza xüsusi bəzək verən söz inciləridir.
"Ölən dünyam" romanını İsmayıl Şıxlı ölümündən beş ay öncə bitirmişdir. Roman "Müəllifdən" adlı ön sözdən, on fəsildən və epiloqdan ibarətdir.
"Müəllifdən" başlığında İsmayıl Şıxlı əsərin yazılma səbəbini , hələ neçə illər öncə "Qanlı təpə" adlı roman yazmaq istədiyini və müəyyən qadağalara görə əsəri yazmaq fikrindən daşındığını, ancaq müstəqillik illərində münbit şərait yarandığı üçün "Ölən dünyam" romanını yazmaq qərarına gəldiyini deyir. Əsərin müəyyən hissəsini yazdıqdan sonra İsmayıl Şıxlının gözləri tutulur və yazını davam etdirə bilmir. Ömür-gün yoldaşı Ümidə xanım onun hayına çatır. Yazıçı diqtə edir Ümidə xanım da xüsusi həvəs və şövqlə yazır. Əsəri hissə-hissə, fəsil-fəsil yazıb sona çatdırırlar. İsmayıl Şıxlı romanı yazıb başa çatdırmaqda ona yardımçı olan ömür-gün yoldaşı Ümidə Şıxlıya, əsəri yazmaq üçün ona material və kitablar gətirən Tofiq Bağırova, yazıçı Anara , hərb tariximizin bilicisi Şəmistan Nəzirliyə, əlyazmasının hazırlanmasında ona dəstək göstərən oğlanları: Elçin və Fərruxa, gəlinləri: Sevinc və Reyhana öz səmimi minnətdarlığını bildirmişdir .
Birinci fəsil. Ələddin təzə aldığı qoşalülə tüfəngini götürüb həyətdə odun yaran Həsən ağanın yanına gedir və ondan xahiş edir ki, gəl ova gedək. Təzə tüfəngin neçə atmasını yoxlayaq. Həsən ağa qonağı gələcəyini bildiyi üçün getməyə əvvəlcə razılıq vermir. Ancaq Ələddin çox təkid etdikdən sonra razılaşır. Həsən ağanın Alan adlı iti də onlarla gedir. Yolda tək səbir gəlir. Həsən ağa deyir ki, tək səbir mənə düşmür mən getmirəm, geri qayıtmaq istəyir. Ələddin şərt kəsir ki, kibrit qutusunu nişan qoyub atacam, vursam gedək, vurmasam qayıdaq. Ələddin nişanı vurur. Həsən ağa könülsüz olsa da, getməyə məcbur olur. Onlar qayıqla Kürün o tayına keçirlər. Alan da onlarla birlikdə. Kolluqda donuz izi görürlər. Alan ora tərəf cumur. Ələddin də o biri tərəfdən gedir. İtin səsini eşidəndə Həsən ağa gülləni atır. Güllə Ələddinə dəyir və o ölür. Onun meyitin Həsən ağa götürüb açıqlığa qoyur və yanında ocaq qalayır. Alan da meyitin yanında yatır. Qaranlıqda Həsən ağa kəndə tərəf gedir, yolda qardaşı Şəmiddinlə qarşılaşır. Hadisəni ona danışır. Evə gedirlər. Şəmiddin anası Güllü xanımın yanına gedib hadisəni bildirir. Güllü xanım arabanı aparın meyiti bura gətirin tapşırığını verir.
Güllü xanım uşaq olanda Naltökən yaylığında Ömər koxa ilə bağlı bir hadisə yadına düşdü. Ömər koxa olduqca sərt və zəhimli bir kişi idi. Güllügilin dəyəsi Ömər koxagilin dəyəsinə yaxın idi. Bir gün xəbər çıxdı ki, Ömər koxanın kiçik gəlininin alt tumanı itib. Gəlin hər yeri axtarsa da, tumanı tapa bilmir. Güllünün bibisi Gülləyə dedi ki, gəlinin tumanını camış yedi. Güllü gəlib bunu gəlinə xəbər verən zaman Ömər koxa onu görür. Güllünü yanına çağırıb gəlinə nə dediyini soruşur. Güllü camışın tumanı yediyini xəbər verdiyini deyir. Ömər koxanın beş sağmal camışı və bir ərəmiyi var idi. O, camışların ikisini kəsdirdi, qarınlarından tuman çıxmadı, ancaq ərəmiyi kəsdirdi qarnından tuman çıxdı. Ömər koxa gəlini qovdu. El dağdan qayıdanda gəlinin meyiti Gəmi qayanın alt tərəfindən tapıldı.
Ələddin Güllü xanımın oğlu Şəmiddin ağanın arvadı Qönçənin qardaşı, Şəmilin oğlu və Ömər koxanın nəvəsi idi. Həsən ağa Alqazaxlılardan, Ələddin isə Çiraqlılardandır. Bu tayfalar bir-biri ilə həm qohum, həm də düşmən idilər.
Güllü xanımın göstərişi ilə meyiti el adəti ilə yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Gün xeyli qalxdı. Güllü xanım hər şeyi qaydaya saldı və qara paltarını geyindi. Alqazaxlıların kişiləri istədi ki, tüfəng götürsünlər. Güllü xanım razı olmadı və dedi ki, bizi qirsalar da silahsız getməliyik. Cənazə yerdən götürüldü. Güllü xanım qara paltarda əlində əsa meyitin önündə getməyə başladı. Həsən ağa və Şəmiddin ağa cənazənin ön hissəsindən,yerdə qalanlar isə arxadan cənazənini çiyinlərinə qaldırdılar. Alqazaxlıların say-seçmə kişiləri və qız- gəlinləri cənazənin arxasınca irəliləlirdilər. Matəm karvanı Çıraqlılara tərəf üz tutdu. Cənazəni görən Şamil həyəcanlandi. Tez ayağa durub tüfəngi götürdü və eyvandan aşağı endi . Ömər koxa onu səsləyib aşağı düşdü. Həyətin ortasında dayandı. Güllü xanım qabağa yeriyib Ömər koxanın əlindən öpdü. Hamı susdu. Ömər Koxa dedi:
- A bala, yer hazırlayın. Şamil irəli durub cənazənin bir tərəfindən tutdu. Ömər koxa evin yuxarı başında Güllü xanım isə onun yanında əyləşdi. Meyiti el adəti ilə aparıb dəfn etdilər. Yeddisi çıxana qədər Çıraqlılarla Alqazaxlılar bir yerdə oldu. Ömər koxa ürəyində fikirləşirdi ki, kaş Həsən ağa namərdlik etməsin. Ömər koxa Alqazaxlılarla Çiraqlıların ayğır atlarının dalaşması üstündə aralarında üç gün atışma olduğunu xatırladı. Alqazaxlıların ayğır atı Çiraqlıların ayğır atını yıxıb yerə boynunu qırmağa başlayır. Çiraqlıların nökəri xəncər çıxardıb Alqazaxlıların aylarının boğazından vurur. Kəndə hay düşür. Hər iki tərəfdən adamlar gəlir. Tayfalar arasında atışma başlayır. Həmayıl Alqazaxlılardan Çıraqlılara ərə getmişdi. Bir tərəfdə qardaşları və əmisi oğlanları, o biri tərəfdə isə əri və qardaşları dururdu. Həmayıl evdən patron, xurcuna çörək, pendir, yağ doldurub su dolu cürdəyi də əlinə aldı və cığırla təpənin döşündəki cəngəlliyə doğru irəlilədi. Səngərdəkilər hamısı onu izləyirdi. Əri tərəfə yoxsa, qardaşları tərəfə gedəcəyini gözləyirdilər. O, birdən qardaşları tərəfə keçdi. Əri onun uzun saçını güllə ilə vurub yerə saldı. Ağsaqqalar davanı yatırtdılar və onları başdırdılar. Həmayıl üç gün evlərində qaldı. Sonra əri evinə getdi və qayınanası onu əri ilə barışdırdı. Ömər koxa Şamilə tapşırdı ki, uşaqlara de sakit dursunlar.
İkinci fəsil. İnqilabi Şuranın sədri Kabı Kəsəmənli kabinetdə oturmuşdu. Birdən “Troykanın qərarını” Fətullayev Kəsəmənliyə göstərib dedi ki, Çoban Kərəməli və Aşıq Qarnet güllələnməlidir. Qərara qol çək, işi icra edək. Kəsəmənli qərara qol çəkmədi və Fətullayevə dedi icazə ver onları danışdırım və görüm bu nə əhvalatdır. Növbətçi milisioneri göndərib Çoban Kərəməlini yanına gətirtdi. Çoban Kərəməli Kəsəmənliyə söylədi ki, Halay bəy aclıq vaxtı mənim balalarıma çörək verdiyi üçün mən də indi ona çörək aparıb vermişəm.Kəsəmənli milisionerlərə tapşırdı ki, heç kəs Kərəməliyə toxunmasın. Sonra o, Qəza Firqə özək katibi Abdal kişinin yanına getd. Cekanın nümayəndəsi olan Fətullayev "Troykanın" qərarını əlinə alıb yetənə “müzür ünsürü” damğası vurub güllələdirdi. Fətullayev Firudun bəy Köçərlini pristav Xan Xoyski ilə faytonda gəzdiyinə və Müsavat Partiyasının üzvü olduğu üçün "Troykanın" qərarını çıxardıb Gənciyə göndərmiş və orada onu güllələmişdilər.
Kabı Kəsəmənlinin yanına bir uşaq gəlmişdir. Uşaq cibindən bir naqan çıxardıb dedi ki, Qəzənfər kişini bu "naqan"la mən öldürmüşəm. Ona görə ki, bacıma sataşmışdı.Kəsəmənli uşağı yetimlər evinə, Məmmədovun qəbuluna göndərməyi qərarlaşdırır. Uşağı yola salmamışdan əvvəl onunla pendir, soğan və çörək yeyir.
Üçünçü fəsil. Ömər koxanı nəvəsi Ələddinin ölümü yaman sarsıtmışdır. Həm də xəyanət olmasından şübhələnirdi. Ömər koxa gecə atını minib qəbiristanlığa- Ələddinin qəbirinə tərəf getdi. Qəbirin yanında qaraltı gördü. Qəbir tərəfdən Alan Ömər koxaya tərəf gəldi. Oradan bir qadın çıxıb getdi. Ömər koxa onu çağırsa da, geri qayıtmadı. Bu hadisəni görəndən sonra Ömər koxa oğlu Şəmili yanına çağırıb dedi ki, qız gecələr qəbirin yanından əl çəkmir. O, qız bizim ocağın qismətidir. Onu qırağa vərmək olmaz. Şamil də atasının dediyinə əməl edir. Şəmilin arvadı Qarateli Ələddinin qəbirinin üstündə tapdı. Onun qolundan tutub ayağa qaldırdı. İki gün idi ki, Ömər koxanın həyətində toy çalınırdı. O, atını minib keçmişdə gəzdiyi Qarayazı, Ceyrançöl və başqa yerlərə tamaşa edib evə qayıtdı. Atını tövləyə salıb evə çıxır. Gəlini kişinin ayaqlarını isti su ilə yudu və dırnaqlarını tutdu. Ömər koxa yerinə uzandı və dedi ki, get Şəmili yanıma çağır. Şəmil atasının yanına gəldi. Ömər koxa vəsiyyət edərək ona dedi ki, mənim ölüm vaxtımdır. Tez get gəlini gətir və mənim öldüyümü toy qurtarandan sonra bildir. Qaratel Ömər koxanın öldüyünü bildi və gərdəkdən çıxıb Kürə tərəf qaçdı. Alan da onun dalınca. Qaratel özünü qayadan atıb öldürdü. Alan onun meyiti yanında hərlənib ulamağa başladı.
Dördüncü fəsil. Qəza məktəbindəki müəllimlər seminariyasını bitirən Mürsəli Qaymaqlı kəndinə müəllim göndərdilər. Mürsəl müəllim Sıxlı kəndində faytondan düşdü və at tapıb Qaymaqlıya getdi. Məktəbdə yalnız Qori (Uçitel) Müəllimlər Seminariyasını bitirmiş bir müəllim dərs deyirdi və o ailəsi ilə bərabər məktəbin birinci mərtəbəsində yaşayırdı. Məktəbin binası bəy evi idi. Mürsəl müəllim də məktəbin üst mərtəbəsində yerləşdi. Kənddə zurnaçı Hümmət və Dursunun dəstələri toy çalırdılar. Bu kəndə zümzüməli, qımqımli kənd deyirdilər. Mürsəl müəllim məktəbdə qlobus və köhnə kitab yığılmış yerdən bir qrammofon tapdı. Qrammofonda Cabbar Qaryağdı oğlunun və Keçəçi oğlu İslamın səs yazısı var idi. Mürsəl müəllim tez-tez qrammofonu oxudurdu. Mürsəl müəllimin təşəbbüsü ilə başqa məktəbdən də müəllimlər dəvət edib "Hacı Qənbər" tamaşasın göstərdilər. Aşıq tamaşada "Yanıq Kərəmi" havasını çaldı.
Savadsızlığı ləğv etmək üçün kənddə kurslar açıldı. Kişilərə Mürsəl müəllim, qadınlara isə Uçitel dərs deyirdi. Çapıq Əmrah məktəbə gəldi və Mürsəl müəllimi hədələyib dedi ki, bir də qrammofon oxutma, bura kənd yeridi. Mürsəl müəllim qrammofonu Novruz bayramına qədər oxutmadı. Novruz bayramını təmtəraqlı keçirmək üçün məktəbi Mürsəl müəllim uşaqlarla birgə bəzədilər. Bayram günü Dursun da, Hümmət də dəstələri ilə şənlikdə iştirak etdilər. Mürsəl müəllim söz versə də, qrammofonu bayramda oxutdu. Ertəsi gün şənlik vaxtı Mürsəl müəllim görünmədi. Otağa girib baxdılar ki, qırammofon qırılmış, Mürsəl müəllimi isə öldürmüşlər. Uçitel məscidə getdi. Mollaya müəllimin öldürüldüyünü dedi. Meyitin götürülməsini bildirdi. Molla isə cavabında dedi ki, yiyələrinə xəbər verin gəlsin aparsınlar. Üçitel bilmirsən ki, komsomolu məsciddən götürmək olmaz. Həm də onu "Umumi qəbiristanlığa" yaxın aparmayın. Camaat Üçitelə kömək etdi. Mürsəl müəllimi el adəti ilə yuyub kəfənlədilər. Üçitel uşaqlara tapşırıq verdi ki, qrammofonu işə salın oxusun. Sonra Üçitel Hümmətə dedi ki, çıx eyvanda "Səhər havasın" çal, qoy camaat yığışıb gəlsin. O, çıxış edərək dedi: "Baş mollamız "Komsomolu məsciddə götürməzlər" dedi. "Onun üstündə quran oxumaq günahdı. Gedin, necə istəyirsiniz, elə də dəfn edin". Mən də Sizi köməyə çagırdım. Üçitel çıxışını sona yetirib cənazənin önündə getməyə başladı. Hümmət də Cəngi çaldı. Bütün kənd dəfndə iştirak etdi.
Beşinci fəsil. Ömər koxa öləndən sonra Həsən ağa narahat qalmışdı. Şamil və Çiraqlıların onunla barışmasına baxmayaraq, onlardan uzaq gəzir və tüfəngini əlindən yerə qoymurdu. Kənd şurasının milisioneri Keçəl Xondulu Həsən ağaya deyirdi ki, “get üzə çıx, bir az yat, rahat ol”. Keçəl Xondulunun atası Kürə düşüb öləndə Həsən ağagil ona dayaq olmuşdur. Ancaq keçəl Xondulunun nə Alqazaxlılarla, nə də Çiraqlılarla arası yox idi. Həsən ağa qardaşı Şəmiddin ağanın yanına getdi və ona dedi ki, mən Kürü keçib qaçaqlara qoşulmaq istəyirəm, gəl sən də gedək. Şəmiddin ağa razı olmadı və kənddə qaldı. Keçəl Xondulu Həsən ağanı tutmaq üçün kəndə gələndə artıq Həsən ağanı Güllü xanım yola salmışdır. Həsən ağa Kürün qırağında Alanı gördü. İtin başını sığallayıb ondan ayrıldı. Keçəl Xondulu Həsən ağagilin həyətinə girəndə Kürün o tayından Həsən ağanın gülləsinin səsi eşidildi. Acı Dərədən keçən qoca arabaçılar bir meyitə rast gəldilər. Onlar meyitin Şəmiddin ağa olduğunu tanıdılar.
(Davamı var)
Sabir Rüstəmoğlu (Məmmədov),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti, AYB və AJB üzvü