…Üç gündür ki, onun haqqında keçmiş zamanda danışmalı oluruq.

Amma özü təpədən dırnağa qədər gələcəyin adamı idi. Çünki həmişə keçmişi xatırlayıb gələcəyi düşünürdü. Və ən maraqlısı, diqqətində yalnız işğal altında qalmış yurdlarımız idi. Elə arzularında da bu istəklər xəyala çevrilərdi, Göyçədən vurub Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə… vurub gedərdi. Bir sözlə, arzuları o xəyalların qanadında olurdu atlı, Şahin müəllim isə piyada…

***

…Rayonlarımız işğaldan azad ediləndə onun hər dəfə mənə zəng vurub necə uşaq kimi sevindiyinin şahidiyəm. Bu sevinc dərhal da göz yaşlarına çevrilirdi, elə bil dünyaya yenicə gəlirdi, uzun ayrılıqdan sonra anasına qovuşan uşaq kimi ağlayardı..

***.

 Hacıkənddə bağ evi var idi. Hər cürə şəraiti, təbiətə və dağlara açılan panoraması, tərtəmiz havası… Dəvət edirdi, Bakıdan birlikdə-ailəlikcə  gedərdik. Amma o cür gözəlliyi olan evdə duruş gətirmirdi, qalxırdıq üzü Kəlbəcərə və Kəpəz dağına, ordan da Göygölə… Yadımdadır, 2015-ci il sentyabrın 15-də yenidən belə bir ailəvi səfərimiz oldu… Getdik Göygölə. Döyüş bölgəsinə yaxın olduğundan hərbçilərin icazəsi lazım idi. İcazə alıb Göygöl ərazisinə daxil olduq. Uşaqlardan ayrılıb dağın döşünə tərəf getdik. Yamacdan yarpızı, kəklikotunu dərib burnuna çəkdi. Çömbəlib oturdu. Üzü Murov dağı istiqamətində hönkürüb ağladı… Ermənilərin yurd dağıntılarına dözmürdü… İçində sızıldayıb başını buladı, «Yəni, bu işğal cavabsız qalacaq? İnanmıram, erməninin başı əzilməlidir və əziləcək də…»,- deyərək ovcuna sıxıb əzdiyi kəklikotu ilə yarpızı dərindən nəfəs alıb ciyərlərinə çəkdi… Təsəllisi bu oldu…

***

…Tanrı Ordumuza güc verdi, təpərli igidlərimiz 2020-ci ildə düşmənin başını ilan kimi əzəndə tez-tez zəngləşirdik. Bir dəfə isə dedim ki, Şahin müəllim, nə vaxt istəsən, portala yazdıraq adınızı, birlikdə gedək Ağdama. Gülümsədi, dedi, yox, istəmirəm… Dedim, nooldu, niyə istəmirsən bəs? Dedi, məni öldürməyə aparırsan? Elə bildim minalanmış ərazilərdən çəkinir, ona görə də: -Şahin müəllim, sən qorxan adam deyilsən, nooldu sənə?!- deyib güldüm. Dedi, yox, minadan qorxmuram, dağıdılmış Ağdamı elə görməkdən, qorxuram, elə ordada ürəyim dayanar, yıxılıb ölərəm… Qoy xəyalımdakı Ağdam elə 30 il əvvəlki Ağdam kimi də qalsın… Tikilər, bir az bərpa edilər, gedərəm…

***

…Zarafatları qeyri-adi idi, sətiraltı deyərdi, gülməkdən özümüzü güclə saxlayardıq.

Siqaret çəkən idi. Bir dəfə redaksiyamızın qonağı oldu, «Azkontrak»la bağlı problem yaşanırdı… Otağa girən kimi siqaretini yandırıb tüstülətdi… Dedim, əşşi, bu nədir eyy, sən bu siqaretdə nə görmüsən axı!? Tulla getsin…

Gülüb nə desə yaxşıdır: «Ağdam və Şuşa alınanda atacam…».

Ağdam və Şuşa alındı, zəng etdim ki, Şahin müəllim, yadındadırmı, demişdin ki, Şuşa ilə Ağdam alınanda siqareti atacam… Sözünün üstündə durursanmı?

Telefonda gülərək: -Əlbəttə, mən həmişə nə söz vermişəmsə, yerinə yetirmişəm, -deyib, sonra əlavə etdi: -Amma yaddaşını təzələ, mən demişdim ki, siqareti atacam, amma deməmişdim ki, çəkməyəcəm…

 Daha deməyə söz tapmadım…

***

…Təəssüflər olsun, indi bütün o xatirələri keçmiş zamanda deməyə məhkumuq.

 Ən azı ayda bir dəfə dostlarını yığıb məclis qurardı, maraqlı söhbətlər edərdi. Amma həmişə də hamıya bir xəbərdarlığı olardı: «Burda, ancaq Qarabağdan danışın, heç olmasa, xəyalən Kəlbəcərdən vurub Laçına, ordan Şuşaya, ordan da Ağdama gəlib çıxa bilək, xəyalımızda özümüzü yenidən 20-30 il əvvəlki kimi hiss eliyək…».

 Ağdamdan, Şuşadan danışılanda üzü gülürdü, sevinirdi, duyğulanırdı, hiss edirdik ki, danışılanları eşitmir, xəyalı Şuşada, İsa bulağının üstündə, Kəlbəcər yaylağındadır…

 O, özünü çox xoşbəxt sayırdı ki, 30 il işğal altında qalmış torpaqlarımızın azadlığını gördü, duydu, özünü o yurd yerlərində gördü!

 Allah rəhmət eləsin! İnanıram ki, ruhu hər gün o yurd yerlərini gəzib dolaşacaq… Amma bizsiz… Tək-tənha! Baxmayaraq ki, təkliyi sevməzdi…

Asif MƏRZİLİ

asif-sahin-1-1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN