Azərbaycan tarixinin incilərindən olan nümunələr örtaya çıxarılmaqdadır... Belə ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda son onilliklərdə elm aləminə məlum olan qiymətli abidələrdən biri – XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri çapdan çıxıb. Bu barədə Şərqşünaslıq İnstitutu məlumat yayıb.
Məlumatda bildirilir ki, əsəri fars dilindən institutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərcümə edib. Rəna Rzayeva, həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin müəllifidir. Uzun illər yeganə əlyazma nüsxəsi başqa bir ad altında Londondakı Britaniya muzeyində saxlanmış “Munisnamə”nin əhəmiyyəti bundadır ki, onun təkcə özü deyil, müəllifinin şəxsiyyəti də farsdilli ədəbiyyat tarixi üçün tamamilə yeni faktdır. Azərbaycan Atabəyləri sarayında xidmət etmiş, dahi Nizami Gəncəvinin müasiri və bəzi ehtimallara görə dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustad haqqında, təəssüf ki, orta əsr mənbələrində və təzkirələrdə heç bir məlumata rast gəlinmir. Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi barədə müəyyən təsəvvürü yazıçının kifayət qədər zəngin yaradıcılığının hələlik əldə olan yeganə nümunəsindən – “Munisnamə”dən almaq olar.
“Munisnamə” orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və müəyyən mənada unikal əsərdir. Təkcə ədəbi əsər kimi deyil, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri görünən, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusu olan “Munisnamə” farsdilli ədəbiyyat tarixində müəyyən ədəbi təmayülün yetkinləşməsində dönüş nöqtəsi olub. O, yarandığı dövrün tarixi gerçəkliyini, ədəbi normalarını, bədii-estetik prinsiplərini əks etdirməklə yanaşı, çoxsaylı tellərlə özündən əvvəlki və sonrakı ədəbi fəlsəfi irslə bağlanır. Bu tellər bir yandan yazılı fəlsəfi və ədəbi abidələrə, digər tərəfdən isə müxtəlif xalqların şifahi ədəbiyyatına gedib çıxır. Həcmcə çox iri bir abidə “Munisnamə”nin əlyazma nüsxəsi 750 səhifəyə yaxındır. Bununla belə, abidəni struktur baxımından iki hissəyə ayırmaq olar. Bunlardan birincisini, şərti olaraq didaktik, ikincisini isə bədii hissə adlandırmaq olar. Əsər 17 fəsildən ibarətdir. Materialların fəsillər üzrə bölüşdürülməsində tam qeyri-bərabərlik mövcuddur. Belə ki, didaktik hissəyə daxil olan ilk 16 fəsil əsərin ümumi həcminin altıda birindən də az qismini təşkil edir. Bu hissə özü iki qismə ayrılır. 1-7-ci fəsillərə daxil edilmiş material islamdan sonrakı dövrü əhatə edir, 8-16-cı fəsillər isə qədim yunan, İran (pəhləvi) və qismən də hind etik-fəlsəfi fikri ilə əlaqədardır. Bədii hissəni əhatə edən 17-ci fəsil öz növbəsində 31 hekayətdən ibarətdir. Həmin hekayətlər də həcmcə bir-birindən fərqlənir və əlyazmada ən kiçik hekayət 2 səhifədən ibarətdirsə, ən böyüyü 86 səhifədir.
Belə bir vacib elmi sahəyə həsr edilmiş kitabın nəşrinə görə müəllifi təbrik edir, yeni elmi nailiyyətlər arzu edirik.
A.Məmmədli