Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 27 aprel 2024-cü ildə “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı Festivalı” keçiriləcək. Festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda keçiriləcək. Saat 11: 00-dan 12:00 -a qədər sərgi ilə tanışlıq, saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı olacaq. Konsertdə dövlət qurumlarından, KİV-lərdən nümayəndələr, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Tədbiri el bayramı səviyyəsində keçirəcəyik. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və satışı təşkil olunacaq.
Kəlağayı xanımların baş tacı, qeyrət, ismət ölçüsüdü. Kəlağayı nənələrimizin nənəsindən bizə qalan mənəvi mirasdı, üz aydınlığıdı. Babalarımızın babasının öz ömür-gün yoldaşlarına hədiyyə etdiyi gözəllik və yaraşıq rəmzidir. Analar Vətəni, torpağı, yurdu , namusu, isməti, abır-həyanı qorumaq üçün başına kəlağayı örtüb, kəlağayıya and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarımızı qorumağa göndərib. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir.
Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək. Bütün bu işlərin yekunu 26 Noyabr “Azərbaycan Kəlağayısı Günü”ndə keçirələcək möhtəşəm tədbirdə daha maraqlı təqdimatı ilə diqqəti çəkəcək.
Y.Məmmədli