Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” layihəsi çərçivəsində yeni şeirlər təqdim olundu.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair, publisist, tərcüməçi, AYB-nin Quba bölməsinin və “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı “Güllü misralar” şeirində təbiətin əsrarəngizliyini tərənnüm edir. Şair qışdan çıxmış yaz günündə güllərin, arıların, kəpənəklərin yaratdığı gözəlliyinin qarşısında heyran qalır. “Bənövşə” şeirində şair təbiətin nazlı qızı boynubükük bənövşəni vəsf edir, onunla duyğularını bölüşür. “Mən” şeirində şair özünü təbiətin hər qayasına, daşına, dumanına, çəninə çiçək gözünün sehli təbbəssümünə, göz yaşına bənzədir.

Güllü misralar

Elə bil çəməndə toy-düyün olub,

Heyrətim güllərin gözündən öpür.

Arılar o qədər ərköyün olub

Qönçə açılmamış üzündən öpür.

 

Baxdım, bu gül yolu, bu çiçək yolu,

Düşüb ölə bilsəm bəsdimi, burda?!

Üstdə arı yolu, kəpənək yolu,

Yol basıb güllərin üstünü, burda...

 

Sünbüllər tellənir meh tumarıyla,

Lalələr bir yanda özünü çəkir.

Ərköyün kəpənək işlək arıyla

İkisi bir gülün nazını çəkir.

 

Nərgizlər məst olub öz qoxusundan,

Hər naxış üstünə yüz ilmə düşüb.

Bir arı oyanıb qış yuxusundan

Bir gülün canına üşütmə düşür...

 

Bir ləçək üstündə arı izləri,

Bir ləçək altında xəzəl görünür.

Gözümdən çəkilmir şehli gözləri,

Güllər ağlayanda gözəl görünür.

 

Yaşıl göz yaşında islanan tənək,

Özünü ağlayan dilə dönəcək.

Gülün yarpağında ölən kəpənək

Yarpağın üstündə gülə dönəcək...

 

Yol azan kəpənək tüldən yapışır,

Kəpənək günahı yuyulan deyil.

Güllər bir-birini öpüb yatışır,−

Güllər bu yuxudan ayılan deyil...

 

Gəzirəm şeirimin gül ləklərini,

Heyrətim könlümü qana çevirir.

Gül elə soyunur ləçəklərini, –

Arılar üzünü yana çevirir,

 

Bənövşə gözündə nazlı bir giley,

Sıxdım bir laləni, gördüm qan çıxır.

Şairlik adında nə varsa hər şey

Süzülüb bu axşam canımdan çıxır...

 

Gül gülə ötürər, sünbül sünbülə,

Yaşıl heydən salar, al vurar məni.

Elə durulmuşam, elə yüngüləm,

Bir quş dimdiyində qaldırar məni...

 

Bənövşə

 

Səndə insaf yoxuymuş,

Məndə ürək, Bənövşə.

Gəl dünyanı yarıya

Bir də bölək, Bənövşə.

 

Aya bax, Göydə şamdı,

Ah, nə gözəl axşamdı...

Ruhum əsdi, oxşandı

Mələk-mələk Bənövşə.

 

Sevgi yolu bəyazdı,

Həsrət qardı, ayazdı,

Bizi bir eşqə yazdı

Bir cüt lələk Bənövşə.

 

Gəl bu yerdən daşınaq,

Bir az göydə yaşanaq...

Nə eşqdən yaşınaq

Nə ar bilək, Bənövşə.

 

Naza bax, gül yaşında,

Gül tağı var qaşında,

O sevdanın başında

Bir də ölək, Bənövşə.

Mən

Bu dağlar, qayalar çiyin-çiyinə,

Bu dağın, qayanın bir daşıyam mən.

Bir çiçək gözündə şehli təbəssüm,

Bir çiçək gözündə göz yaşıyam mən...

 

Ömür avarını düzünə çəkir,

Payız sarısını üzünə çəkir,

Bu yerlər hey məni özünə çəkir,

Tələsə-tələsə yavaşıyan mən.

 

Arxada illərin uğuru, puçu,

Ümid günəşimdi hər işıq ucu.

Açılır, yumulur torpağın ovcu,

Üstə düyün düşən naxışıyam mən.

 

Dərə tək dumanlı, çənliyəm hələ,

Yarı sevinc, yarı qəmliyəm hələ.

Həlli tapılmayan tənliyəm hələ,

Taleyi Avazla yanaşıyam mən.

 

Fikirlə yonulub oyulasıyam,

Yonula-yonula duyulasıyam ...

Bir gün öz üstümə qoyulasıyam,

Düşünən, danışan başdaşıyam mən.

Təqdim etdi: Y.Məmmədli

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN