Şair-publisist Cabir Alpoğlu Albantürkün altı aydan bəri toplayıb, tərtib edərək çapa hazırladığı, elmi redaktoru t.ü.f.d., dosent Aqil Şahmuradov, məsləhətçisi tədqiqatçı-tarixçi Zabit Babayev, ədəbi redaktoru dilçi-pedoqoq Neman Qədirbəyli olan və 29 müəllifin yazılarının yer aldığı "Alpan - Türk yurdu" adlı tarixi, publisistik, maarifləndirmə və tanıtım məqsədli nəşr nəhayət ki, bir neçə həmkəndlimizin maddi yardımı ilə işıq üzü gördü. Zərdabi nəşriyyatında çapdan çıxan 456 (mətn 384 səh., şəkil 72 səh.) səhifəlik bu toplu-kitaba yazılan Ön sözü diqqətinizə təqdim edirik.
Tarxini öyrənib ibrət götürənlər və gələcək nəsillərə ötürənlər uduzmaz
Vətənpərvərliyi, təssübkeşliyi və zəhmətsevərliyi ilə seçilən, özünəməxsus yaradıcılıq üslubuna malik olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Cabir Alpoğlu Albantürkün poeziyası, publisistik yazıları, tarixi səpkidə olan tədqiqatları, xüsusilə də doğulub boya-başa çatdığı Quba rayonu Alpan kəndinin keçmişi və bu günü ilə bağlı apardığı araşdırmalar həm məzmun, həm də ifadə tərzi baxımından diqqəti cəlb edir, maraq doğurur. “Qədim Alpan və albanlar”, “Yaralı varlığımız” və “Üçüncü nöqtə” adlı kitabların, onlarla publisistik və elmi məqalənin müəllifi olan C.A.Albantürkün oxuculara təqdim etdiyi yeni kitabı - “Alpan türk yurdu” - təkcə müəllifin yaradıcılıq uğuru kimi deyil, həm də Azərbaycan tarixinin, xüsusilə Qafqaz Albaniyası, o cümlədən onun tərkib hissələrindən biri olan Alpan kəndinin tarixinin öyrənilməsi və təbliği istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirilməlidir.
Elmi-kütləvi nəşr olan “Alpan türk yurdu” kitabında yer alan materialları şərti olaraq üç hissəyə bölmək olar: 1) Qafqaz Albaniyasının tarixi kontekstində Alpanın tarixi keçmişi ilə bağlı olan elmi və elmi-publisistik məqalələr, 2) Alpan kəndinin müxtəlif aspektlərdən tərənnüm olunduğu ədəbi nümunələr, 3) erməni faşizminə qarşı müharibədə iştirak etmiş alpanlıların cəbhə yolunun əks olunduğu materiallar. Bir də ki, topluya yazıları daxil edilən hər müəllifin yazı üzlubuna, mövzuya yanaşma tərzinə toxunmadan məqalələrinin təqdim olunması ayrıca bir rəngarənglik və elmi, ədəbi səviyyələr nümayişi sərgiləyir.
Məlumdur ki, Alpan kəndi, onun tarixi və onomastikası ilə bağlı məsələlər Qafqaz Albaniyası tarixini öyrənən tədqiqatçıların həmişə diqqət mərkəzində olmuşdur. Onu da vurğulamaq lazımdır ki, qeyd olunan tədqiqatçıların sırasında məsələyə qeyri-obyektiv yanaşan, tarixi fakt və reallıqları məqsədyönlü şəkildə təhrif edən, türklərin bu coğrafiyada aborigen deyil, sonradan gəlmə olduqlarıı “sübut edənlər” də vardır. Onlar qeyri-elmi yanaşmalardan istifadə edərək, tarixi həqiqətləri saxtalaşdırmaq yolu ilə hərəkət etsələr də, əldə etdikləri “uğurlar” qısaömürlü olur, ortaya çıxardıqları “elmi nəticələr” obyektiv tarixi faktların kölgəsində sabun köpüyü kimi əriyərək buxarlanır. C.A.Albantürkün hazırladığı “Alpan türk yurdu” kitabı, obyektiv fakt və arqumentlərə əsaslanan digər elmi əsərlər kimi, elmi yaradıcılığın prinsip və qanunauyğunluqlarını əldə rəhbər tutaraq, elmin inkişafına öz töhfəsini verən tədqiqatçıların mövqelərini nə qədər gücləndirirsə, tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutanların mövqelərini bir o qədər zəiflədir.
Kitabın hazırlanması prosesinə məntiqi və sistemli yanaşan müəllif bilavasitə Alpan kəndinin tarixi ilə bağlı işıq üzü görən araşdırmalarla yanaşı, öyrənilən elmi problemlərin ümumalban tarixi kontekstində qiymətləndirildiyi tədqiqatlara da müracət etmişdir. Kitabda Qafqaz Albaniyası, onun tarixi coğrafiyası, tarixi inkişafının müxtəlif mərhələləri, etnik tərkibi, qədim və orta əsrlərdə Cənubi Qafqazda və Ön Asiyada cərəyan edən hərbi-siyasi proseslərdə iştirakı ilə bağlı zəngin məlumatlar və tarixi mənbələrdən götürülmüş konkret faktlar yer almışdır. Qeyd olunan məlumat və faktların müqayisəli və sistemli təhlili Azərbaycan ərazisinin, o cümlədən Alpan kəndinin qədum türk yurdu, ümumtürk tarixinin və mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu sübut edir.
Konkret ərazinin, regionun məskunlaşması və etnik tarixi ilə bağlı problemlərin öyrənilməsi prosesində müxtəlif elmi metodların tətbiqi ilə yanaşı, inkişafın ümumi qanunauyğunluqlarının üzə çıxarılmasına bu və ya digər dərəcədə imkan verən cöğrafi, antropoloji, təsərrüfat-mədəni, linqvistik və s. amillərdən də istifadə olunur. Coğrafi yanaşma oykumenanın sərhədlərinin müəyyənləşdirilməsi, onun ayrı-ayrı hissələrində baş verən etnik yerdəyişmə proseslərinə aydınlıq gətirilməsi, antropoloji yanaşma müxtəlif təbii-coğrafi mühitdə uzunmüddətli məskunlaşma və inkişaf nəticəsində böyük insan qrupları arasında formalaşan fiziki fərqlərin üzə çıxarılması, təsərrüfat-mədəni yanaşma, konkret təbii zonada təsərrüfat fəaliyyətinin təşəkkülü, maddi və mənəvi mədəniyyətin meydana gəlməsi, etnoslar arasında tarixi və mədəni əlaqələrin təhlil edilməsi, linqvistik yanaşma isə xalqlar arasında qohumluq əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, coğrafi, antropoloji və təsərrüfat-mədəni yanaşma etnosların mənşəyi, sosial münasibətləri, qohumluq əlaqələri və s. barədə müəyyən mülahizələr irəli sürməyə imkan versə də, qeyd olunan sahələrdə mənzərəni tam canlandırmaq üçün kifayət deyildir. Mənşə, genetik bağlılıq və qohumluq əlaqələrini üzə çıxarmaq üçün linqvistik yanaşma daha geniş imkanlara malikdir. Bu yanaşma, bir tərəfdən, dilləri morfoloji xüsusiyyətlərə görə sistemləşdirən və qruplaşdıran morfoloji və ya tipoloji, digər tərəfdən isə, onları mənşə ümumiliyi və qohumluq əlaqələrinə görə qruplaşdıran geneoloji və ya genetik təsnifata əsaslanır. Bunu nəzərə alaraq, C.A.Albantürkün hazırladığı kitabda Qafqaz Albaniyasının qədim və orta əsrlər tarixi ilə bağlı məsələlərdən bəhs edən və linqvistik materialların təhlilinə əsaslanan elmi məqalələrin yer alması təqdirəlayiq haldır. Tədqiqatlarına müraciət olunan müəlliflər müxtəlif metodlardan istifadə edərək, onomastik vahidlərin təhlili əsasında Qafqaz Albaniyasının etnik tərkibi ilə bağlı meydana çıxan suallara cavab verməyə çalışır, qədim və orta əsrlərdə ölkə ərazisində yaşayan əhalinin əsas hissəsinin türkdilli tayfalara mənsub olduğunu sübut edirlər. Habelə, kitabda yer alan etnoqrafik materiallar, milli bayramların keçirilməsi ilə bağlı Alpan kəndində mövcud olan adət və ənənələr, əhalinin məişəti və dəyərlər sistemi də bu kəndin türk dünyasının bir parçası olduğuna şübhə yeri qoymur.
C.A.Albantürkün “Alpan türk yurdu” kitabı-toplusu Alpan kəndinin tarixi inkişaf mərhələləri, keçmişi ilə bu günü arasında körpü salmaq baxımından da əhəmiyyətlidir. Belə ki, kitaba daxil edilən materialların xronoloji çərçivəsi qədim və orta əsrlər ilə məhdudlaşmır, Alpan kəndinin yeni və ən yeni dövr tarixini əhatə edən məsələlər də, hadisələrin və proseslərin inkişafına dialektik yanaşma sərgiləyən müəllifin diqqətindən kənarda qalmamışdır. Bu baxımdan Quba xanlığı, Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı və bu işğala qarşı mübarizə, XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslər və xalqlararası münasibətlər, sovet dövrünün və müstəqillik illərinin reallıqları və bütün bu hadisə və proseslərdə Alpan kəndinin və alpanlıların yerini və rolunu müəyyənləşdirməyə imkan verən tarixi faktlar, elmi araşdırmaların nəticələri, ayrı-ayrı şəxslərin xatirə və təəssüratları, bu kənddə doğulub-böyüyən, Azərbaycanın ictimai-siyasi, hərbi, elmi, ədəbi-bədii, sosial-iqtisadi həyatında iştirak edən şəxslər haqqında bioqrafik məlumatlar, onların fəaliyyəti ilə bağlı müxtəlif səpkili materiallar diqqəti cəlb edir və hesab etmək olar ki, gələcək nəsillərin də marağına səbəb olacaqdır.
Tarixin müxtəlif dövrlərində azərbaycanlılar öz yurdunda, ulu əcdadlarının miras qoyduğu torpaqlarında erməni işğalı, hiyləgərliyi və namərdliyi ilə qarşılaşmış, qurbanlar vermiş, ermənilərdən bir alət kimi istifadə edən böyük güclərin məkrli oyunları nəticəsində parçalanmış və vətən torpaqlarının bir hissəsi yadellilərin nəzarətinə keçmişdir. Lakin onlar bu acı reallıq ilə heç vaxt barışmamış, müqavimət göstərmiş, tarixi ədaləti bərpa etmək üçün müxtəlif üsullarla mübarizəsini davam etdirmiş və etdirməkdədirlər. Son otuz ildən çox bir dövrdə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr və azərbaycanlıların işğalçılara qarşı müqaviməti, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən 44 günlük müharibədə Ermənistan ordusu üzərində qazanılan parlaq qələbələr bu mübarizənin şanlı səhifələrindəndir. Ümumi zəfərin əldə olunmasında Alpan kəndindən olan müxtəlif rütbəli hərbi qulluqçular və müharibə dövründə səfərbərlik xətti ilə hərbi xidmətə çağrılan gənclər də iştirak etmiş, qəhrəmanlıq göstərmiş, orden və medallara layiq görülmüşlər. “Alpan türk yurdu” kitabında istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində iştirak etmiş alpanlılar barədə verilən materiallar, bir tərəfdən, onların fərd olaraq hər birinin keçdiyi döyüş yolunu göstərmək, qəhrəmanlıqları haqqında məlumatları oxucuya çatdırmaq, digər tərəfdən isə, ümumilikdə müharibə reallığı, erməni işğalçılarının vəhşiliyi, Azərbaycan ordusunun mənəvi-psixoloji vəziyyəti, döyüş əməliyyatları və əldə etdiyi uğurların əhəmiyyətini dərk etmək və qiymətləndirmək baxımından kifayət qədər aktualdır.
Maddi və ya mənəvi olmasından aslı olmayaraq, kainatda mövcud olan çox şey dialektikanın qanunlarına tabedir, yəni sadədən mürəkkəbə, başlanğıcdan sona doğru hərəkət edir, konkret zaman və məkan çərçivəsində fərdlər, nəsillər, cəmiyyətlər və s. bir-birini əvəz edir, özündən sonra sadəcə müəyyən xatirələr və izlər qoyur. Bu mənada, vətən yolunda, haqq-ədalətin təntənəsi uğrunda canlarından keçən şəhidlər istisna təşkil edir, onlar öz qəhrəmanlıqları ilə təbiət və cəmiyyətin məlum qanunauyğunluqlarını kölgədə qoyaraq, hər iki dünyada ölməzlik zirvəsinə yüksəlmişlər. “Alpan türk yurdu” kitabında şəhidlər haqqında təqdim edilən materiallarla tanış olan oxucu buna bir daha əmin olur.
Ümumilikdə, Cabir Alpoğlu Albantürkün hazırladığı “Alpan türk yurdu” kitabı tarixi, etnoqrafik, ədəbi-bədii baxımdan, xalqımızın tarixi yaddaşını qoruyub saxlamaq cəhətdən əhəmiyyətli bir işdir, müəllifin diqqət mərkəzinə çıxardığı məqamların hər birini gələcəkdə ayrıca tədqiqat obyektinə çevirmək mümkündür və bu kitabın materialları qeyd olunan istiqamətdə yeni-yeni tədqiqatların aparılmasında müsbət rol oynaya bilər.
Aqil Şahmuradov,
toplunun elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru,
dosent