Akif ƏLİ, fəlsəfə doktoru, yazıçı-publisist

Hörmətli Asif bəy!

Son vaxtlar Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinə, o cümlədən qəhrəman sərkərdə ulu Babəkə qarşı haqsız hücumların şahidi oluruq. Əslində heç bir elmi əsası olmayan, heç bir tarixi fakta dayaqlanmayan, həqiqətdən uzaq belə uydurma mülahizələr milli yox, daha çox dini təəssübkeşliyin cəhaləti təəssüratını yaradır. Məlum Qarabağ olayları fonunda Azərbaycan xalqının ideoloji mübarizə üçün vacib amillərə, nümunəvi vətən sevgisinə, örnək qəhrəmanlıqlar timsalına çox ehtiyacı olduğu indiki dövrdə millətin tarixinə bu cür cahil yanaşmalar, ancaq təəssüf doğurur. Bu kontekstdə Babəkin qəhrəmanlığına kölgə salmaq niyyəti güdən həmin təzadlı mövqelərə alternativ olaraq, vaxtilə tarixi mənbələr və sənədli faktlar əsasında yazdığım “Azman” povestimdən bəzi fraqmentlərin “Təzadlar”ın təqdimatında xatırlanmasını Sizdən xahiş edirəm. 

(Povestdən fraqmentlər)

...Ərəblərin həm sonsuz maraq, həm də həyəcan ifadə edən gözləri nəhəng adama dikilmişdi. Bəli, bu - artıq onun özüdür! İyirmi iki il Xilafətin taxt-tacını lərzəyə salan Babək Hürrəmi adlı vahimənin özü!

...At belində olduğu iyirmi iki il boyunca yurduna qılıncla gələn minlərlə, on minlərlə, yüz minlərlə yağı düşməni qılıncla da qarşılayıb qaytaran, ən məşhur ərəb sərkərdələrini bir-birinin ardınca məğlub edib qədim-qaim ölkələrin, qocaman səltənətlərin belə duruş gətirə bilmədiyi nəhəng imperiyanı az qala süquta uğradacaq bu qürurlu, qədd-qamətli vahimə indi qolları bağlı Xəlifənin önündə dayanmışdı.

...Çadırın qarşısındakı meydana toplaşan yüzlərlə adamın gözü Babəkdə olsa da, Babək heç birinə baxmır, heç kimi görmür, heç nəyə məhəl qoymurdu.

...Xəlifə xəlvətcə ovuna yaxınlaşan vəhşi bəbir kimi pəncələri üstündə Babəkə tərəf getdi... Dodaqlarına qonan “Bismillah!” kəlməsindən sonra ağlına gələn ilk nidanı ucadan pıçıldadı: “Bu necə adammış, İlahi...”

Qarşısındakı qolu bağlı əsirin tilsiminə düşüb ovsunlanan Xəlifə Mötəsimbillah ağac kimi göylərə boy verən bu cüssəli, qollu-budaqlı, nəhəng-nataraz yad kişinin ətrafına fırlandı. Fırlana-fırlana da özü ovsunçu cadugərlər sayağı altdan-yuxarı bu boy-buxuna, iri əllərə, uzun-uzun barmaqlara, əzələli qollara, səhrada quma basdırlan məsum qız uşaqlarının qəbri boyda iri ayaqlara baxdı, baxdı... və yenə ağzından qeyri-ixtiyari, səbəbi kimsəyə bəlli olmayan kəlmələr çıxdı: “Ey azman adam... Ey oddan-ocaqdan doğulan türk... Mənim qoşunuma sərkərdə olarsan?” 

Meydandan səssiz bir heyrət uğultusu keçdi. Toplaşanlar Xəlifənin bu qəfil təklifindən diksinib həm  içlərini çəkdilər, həm təəccüblə bir-birlərinə baxdılar. Xəlifənin dodaqları isə təkrar-təkrar pıçıldayırdı: “Olarsan?.. Mənim sərkərdəm... Hə?.. Mənim qoşunuma sərkərdə olarsansa - ol... Nə deyirsən!!!”

Bayaqdan bəri çənəsinin altını kəsdirib öz-özünə nələrsə pıçıldayan bu məzəli  adamı Babək sanki indi gördü. Uzun saçlı başını ağır-ağır göylərdən endirib aşağıya baxdı. “Budur bunların şahı?!” - düşündü. Ondan çox çirkin bir təklif eşidibmiş kimi, dədə-baba adətincə qəliz bir cavab vermək istədi. Amma düşündü ki onsuz da şu hərif başa düşməyəcək. Heç nə demədi. Üstdən-aşağı Xəlifəni süzüb “qarı düşmən dost olamaz, cahil, sən kim, mən kim...”” - düşündü. İstehzalı təbəssümlə üzünü yana tutdu.

Ötən ilin payızında Azərbaycana, Bəzz qalasına göndərdiyi qızıl möhürlü əfv təklifinə bu qəribə adamdan rədd cavabı alan, indi isə ikinci dəfə etdiyi mərhəmət təklifi səhradakı ilğım təki  havadan asılı qalan Xəlifə Mötəsimbillah Babəkin saymazyana hərəkətindən pərt oldu. Pörtmüş halda mırıltılı səslər çıxara-çıxara öz yerinə qayıtdı: “Şaqqalansın!” 

***

...22 illik mübarizəsi dövründə Xilafəti lərzəyə salan Babək heç də düşmən salnaməçilərin qəsdən əhəmiyyətini azaltmaq məqsədilə qələmə aldıqları kimi xırda qiyamçı, əyalət qisasçısı deyildi. O, qədim  bir xalqın qüdrətli sərkərdəsi, böyük bir ölkənin güclü hökmdarı, qüdrətli bir dövlətin müdrik rəhbəri idi. Onun qurduğu dövlətin bəlli qurumları, mənəvi yönü, həyat amalına uyğun od, alov, günəş, işıq rəmzi olan qırmızı bayrağı, ciddi təlim görmüş qoşunu, əsgkərlərin qırmızı rəngli xüsusi hərbi geyimləri, nizamlı ordu başçılarından ibarət hərbi şurası vardı... Qırmızı rəngin Odlar Yurdunda uğur rəmzi sayılmasının səbəbi də Tanrı tərəfindən endirilmiş müqəddəs “Avesta” Kitabınını amalından doğurdu. Yadelli işğalçılara qarşı müqavimətin döyüş taktikası Babəkin başçılıq etdiyi Hərbi Şuranın toplantılarında müzakirə edilir, qoşun başçıları ilə razılaşdırılır,  sonra hücuma keçilirdi. Babəkin iqamətgahı ilə qərb  dövlətləri arasında əlaqələr mövcud idi. Bizans imperatoru Feofilə göndərdiyi məktubda Babək bütün ərəb ordusunun onunla mübarizəyə qalxdığını,  Xilafətin bütün başqa hərbi münaqişələri dayandırıb qüvvələrini ancaq Babəkin üzərinə aparmaq məcburiyyətində qaldığını bildirirdi... 

***

...Qüdrətli enerjiyə malik ruhun ölməzliyinə inam Babəki və onun silahdaşlarını düşmən qarşısında əyilməz edirdi. Hürrəmilər ölümün yalnız vücuda, cismə, bədənə aid olduğuna, ruhun isə əbədi var olacağına əmin idilər... Hürrəmi hərəkatı işğalçılara qarşı yüz ildən çox fasiləsiz mücadilə verdi. Bu müddət ərzində onlar Xilafətin 6 böyük ordusunu darmadağın etdilər. Düşmən yüz minlərlə hesablanan canlı itki verdi. Azərbaycanlılar doğma yurd uğrunda cəsarətlə son nəfəsədək döyüşürdülər. Babəkin başçılığı altında hürrəmi hərəkatı bütöv Azərbaycanın bütün tarixi ərazilərini əhatə etmişdi. 22 il ərzində Babək özünün qeyri-adi sərkərdəlik və idarəçilik qabiliyyəti ilə güclü bir dövlət yaradıb vətəni basqılardan qorudu, xalqın əzəli adətlərini, dini dəyərlərini bərpa etdi, məmləkəti azad görmək naminə at belindən düşmədi. Xəlifə bacarıqlı sərkərdəsi olan bu xalqa qarşı döyüşməyin heç də asan olmadığını görüb bir-birinin ardınca yeni-yeni ordular göndərirdi. Lakin Babəkə qalib gəlmək mümkün olmurdu...

...”İslam” pərdəsi altında bərəkətli yurdu zəbt edənlərə qarşı amansız olan hürrəmilərin inancına görə Zərdüşt təliminə uyğun olaraq dünyada iki əks qütblü enerjinin - Xeyir və Şərin, İşığın və Zülmətin əbədi mübarizəsi var. Hürrəmilər ali idrak və əbədi qüdrət kimi Tanrıya sitayiş edir, onun yerdəki əlamətlərini, xüsusən həyat gücü verən günəşi, odu, atəşi, alovu müqəddəs sayırdılar. Hürrəmilər  minlərlə  peyğəmbərdən biri olan Şirvini müqəddəs sayır, çağırışlarına inanır, insan ruhunun əbədiliyini qəbul edirdilər. Şirvinlik inancına görə insanlar arasında ayrı-seçkilik olmamalıdır, Tanrının yaratdığı qadınla kişinin bərabər hüququ adi yaşam tərzidir. Onlar bədəvi ərəb tayfaları kimi qızla oğlan övladı arasında fərq qoymurdular. Məhz belə bərabərlik anlayışlarına görə onlara hücum edən səhra tayfaları dəhşətə gəlirdilər. Ərəbləri heyrətə salan və “vəhşi adət” kimi hiddətinə səbəb olan qadın-kişi bərabərliyinə adi baxan Azər türkləri başqa dinləri inkar etmir, heç birinin daxili işinə qarışmır, təhqirinə və təqibinə yol vermirdilər. Bütün bu inanclar ərəb tayfaları üçün anlaşılması çətin dərk edilən idi. 

***

...Sıldırım qayalar üstündə dayanıb aşağılarda düşmən qoşunlarının yürüşünü izləyən Babək onların yaxınlaşdığını və nəhayət, həlledici məqamın yetişdiyini görüb, əllərini göyə qaldırdı: “Ey Göy-Tanrı, sənə sığınıram! - deyə dodaqaltı pıçıltılarla şükranlıq etdi. - Səndən başqa qüdrət tanımıram. Səndən qeyri güc bilmirəm. Sən məni indiyədək yönəltdin. İnnən belə də məsləhətin üzrə yönəlt, yuca  Tanrım...” O, Tanrı duasını bitirib at belinə sıçradı. İri ağır qılıncını qınından sıyırıb yuxarı qaldırdı, döyüşçülərə üz tutub ucadan: “Andından dönənin cəzasını Tanrı versin!” - deyə irəli şığıdı.

İldırım sürətli hürrəmilər Babəkin arxasınca sel kimi axışdılar. Bir göz qırpımında göylərdən gələn bəla kimi çaşqın ərəb qoşununun içinə basıldılar. “Uca Tanrı, bizi hər iki dünyada şad et!”- deyə-deyə Babəkin ardınca özlərini düşmən qoşununa vurub qanlı döyüşə girən hürrəmilər dünyanı lərzəyə sala-sala ərəb uşaqlarının başına od ələyirdilər. Üst-başı al qana bələnib vuruşan savaşçıların bağırtısı, qorxudan hürküb şahə qalxan atların kişnərtisi, od saça-saça bir-birinə çarpılan qılıncların cingiltisi, insan naləsi dünyanı bürümüşdü... Üzbə-üzə savaşa girən iki qoşunluq insan selinin sayı-hesabı yox idi...

...Qarı düşmənin önündə əl-qolu zəncirli, lal-dinməz dayanan Babəkin düşüncələri o döyüş çaxnaşmalarına qarışıb gedir, fikirləri aşıb-daşırdı: “...Allaha xoş gedən əməlin adı təcavüz, işğal, talan ola bilməz, cahil! Tanrı nuru qəlblərdə, könüllərdə, fikir-düşüncələrdə işıq saçmalıdır, nizələrin ucunda, qılıncların qığılcımında yox! Siz bizə xoş niyyətli Doğru Yol müjdəçisi kimi, yoxsa yem axtaran qoluzorlu hozular  kimi gəldiniz? Beləmi buyurmuşdu Allah?! Əlbəttə yox! Şad-xürrəm ölkəmizə fəlakət gətirdiniz. El-obamızı talan edib xarabazara çevirdiniz, şəhərləri, kəndləri qarət etdiniz, görməmişcəsinə yurdumuzu taladınız, çalıb-çapdınız, camaatın var-yoxunu qamarladınız, dinc adamları qılıncdan keçirtdiniz, insanlarımızın həyatını səfalətə atdınız. Qara əllərinizi oğuzun min-min illik yaşam tərzinə uzatdınız. Özünüzün çöl adətlərinizi pak beynimizə, səhralar dolaşan ruhunuzu dağ havalı könlümüzə, saçınız kimi qarmaqarışıq dilinizi saf dilimizə yamaq etməyə gəldiniz. Qədim-qaim məbədlərimizin üstündəki nişanələrə “küfr” deyib lağ etdiniz, ululardan qalma müqəddəs kitabələrimizi yandırdınız, gözəllik doğuran nə gördünüz dağıtdınız. Allah böyük Mühəmməddən sizə ismarıc nazil etməmişdimi ki, göydən enən başqa dinlərə dözün, onlar Doğru Yolun yolçularıdır, onlara da Kitab endirilib? Nazil etmişdi də amma sizin acgöz cahilləriniz yanar ocaqlarımızı, pak alov məbədlərini imansızcasına dağıtdılar, sizin məscidlər qədər bizim üçün də müqəddəs olan atəşgahlarımızı, sitayiş yerlərimizi uçurtdular. Tək Tanrıya tapınan Zərdüştilərə yönəltdiniz nifrətinizi. İnsana yaraşmayan vəhşi əməllərə əl atdınız bizim ölkədə. “Kafir” adı qoydunuz, cahillik edib “qeyri-Kitab əhli” dediniz bizə, qılıncla gəldiniz üstümüzə. Am ma ən qədim müqəddəs Kitabın sahibləriydik biz. Uca dediyiniz doğru amalların, Xeyrin və Şərin bu dünyaya öncə “Avesta”dan bəyan olunduğunu bilmədiniz. Sizin yürüşlər inanc üçün deyil, işğal üçün oldu... Sizin gəlişinizlə insanların ruhu ucalmadı, alçaldı, tapdandı. Qoşunlarınız  Azərbaycana, o gözəl yurduma daraşıb harda işıq gördüsə qapatdı, köz gördüsə qaraltdı.  Sizdən öncə min illərlə qəlbimizdə, beynimizdə, ruhumuzda daşıdığımız dəyərləri “İslama yaddır” deyib dağıtdınız... Aclıq görmüş adamlarınız cənnət sandığınız bağlarımızda ağacları yoldular, yaşıl vadilərdə axar çaylarımızı murdarladılar, bərəkətli zəmilərimizdə sünbülləri tapdadılar... İnsana yaraşmayan hər əməl törətdilər tanımadıqları məmləkətdə ərəb cahilləri... Onçu dinclik sevən Azər bəyləri haqsız zülmə dözmədi, sayımız sayınızca olmasa da, ayağa qalxmağa qeyrətimiz yetdi... Qor oğlu oğuz dəliqanlısı qulağı sırğalı həbəşdən, Qorqud oğlu azərban qeyrətlisi bədəvidən acizmiydi bu zülmə dözəydi?! Biz sizi qılıncdan keçirmədik, zatən siz özünüz qılıncımıza çarpıldınız... Əməliniz qəzəbimizə doğrandı...”

Babəkin susqunluğu Xəlifəni darıxdırdı. Hakimin oxusunu yarımçıq kəsib üzünü Babəkə tutdu:

- Bura bax, niyə danışmırsan? Niyə heç olmazsa özünü müdafiə üçün nəsə demirsən, ay od oğlu?  Mən şərtimi dedim axı? Aman dilə! Susmaqla özün özünü cəhənnəm əzabına düçar edirsən bil... Niyə bizi sevə bilmədiniz? Biz məsum Allah bəndələrini? Sizin sirriniz nədədir ki, yüz dəfə min-min qoşun göndərdim üstünüzə, hamısını qırıb-çatdınız, qaçırtdınız, dağıtdınız... 

Taxtın qarşı tərəfində sərilmiş iri öküz dərisinin ortasında, edam kötüyünün bir addımlığında dayanan Babək heç halını dəyişmədən, hökmün ağırlığına məhəl qoymadan susduğu kimi susdu, bu çəpəl mühitdən qurtulacağı anı qarşılayırmış kimi dərindən nəfəs alıb dodağının altında pıçıldadı: “Aman Tanrım, ruhuma qida ver dözüm bunlara... Uca Tanrım, bu vaxtacan necə idarə etmisən bundan sonra da bildiyin kimi davran mənimlə... Sənin dediyin ən Doğru Yoldur mənim üçün həmişə... Heç vaxt sənə asi olmadım... Sevərək xidmətində qaldım... Sənə minnətdaram verdiyin oda, alova, ocağa görə, yaşatdığın yurda görə, verdiyin suya, çörəyə, bədəndəki cismə görə... Bundan sonra da Sənin məsləhət bildiyin hər acıya varam... ulu Tanrım!” 

...Dəri salınmış meydanın kənarında, əli-qolu bağlı Abdulla ilə yanaşı dayanan atəşpərəst Mazyar baş verən  dəhşətlər içində özünü itirib dərin həyəcanla Babəkə tərəf səsləndi: 

-Ey Babək, oğlum mənim! Sən bu vaxtadək heç kəsin görə bilmədiyi bir işi görmüsən. Sən illərlə  sərasər Ocağımızın odunu qorumusan. İndi isə heç kəsin dözə bilməyəcəyi işgəncələrə dözməlisən! Dözə biləcəksənmi?! 

Babək dönüb ağsaqqala baxdı, sonra qardaşı Abdullaya baxdı və kənardan sezilməyəcək qədər yüngülcə gülümsünüb baxışları ilə onlara təsəlli verdi, Mazyara astadan pıçıldadı:

- Görəcəksən, ağsaqqal... Qadir Tanrı verməyincə ər bayılmaz! Mötəsim dediyin nə zatdır ki can alıb adam qorxuda? Sən mənim dözümümü görəcəksən!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN