...Azərbaycan tarixində özünəməxsus yeri olan, dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babək Xürrəmdinə

müxtəlif yanaşmalar var. Babəkin dünyagörüşü Zərdüşt ruhu ilə sıx bağlıdır. 22 il azman ərəb xilafəti ilə döyüşən, qətiyyən sarsılmayan, əksinə, xilafəti sarsıdan bir güc kimi Babək türkün əzəmətini, yenilməzliyini sübut etdi. Düşündürücüdür: türkün başına bu qədər fəlakətlər gəlib, onu zaman-zaman yox etmək istəyiblər, olmayıb, Zərdüştü, Babəki, Nəsimini, Səttarxanı və b. verib. Həqiqətdir ki, hələ də tarixi-ulusal dəyərlərimizə yiyə dura bilmirik, istənilən ölçüdə yararlanmırıq. Babək Xürrəmdin yenilməzliyinin ömrümüzdə örnəyə çevrilməsi üçün nə etməliyik?  

Bu gün Azərbaycana - Bakıya ayaq basan əcnəbi görəsən, Babək kimi yenilməz qəhrəmanın Vətəninə gəldiyini hiss edirmi, daha doğrusu, biz gələnlərə bunu hiss etdirə bilirikmi? Çağımızda Babək mövzusuna istər-istəməz yeni səviyyədə, daha yaradıcı yöndə yanaşmağımız önəmlidir. Babək yenilməz türk sərkərdəsi, fiolosof, habelə Xürrəmdinlik inancının yaradıcısıdır. Düşünmək olar, Babəkin həm də kitabları varmış, ancaq ərəblər Bəzz qalasını işğal edərkən ondan demək olar, heç bir soraq qoymayıblar. Babəkin İslam dünyabaxışına yox, o dövr ərəb hakimiyyətinə qarşı olması düşüncəsi məntiqsizlikdir, çünki ərəblər Azərbaycana konkret dini dünyabaxışla gəlirdilər. Babək isə yurdunu azad görmək istəyir, yad, yabançı  baxışların Ulusun içinə gəlməsinə qarşı çıxırdı.

Onu döyüşdən-döyüşə aparan da bu idi. Əgər Babəkin təhqiramiz şəkildə edamı ilə hər şey qurtarsaydı, dərd yarı idi. Əslində Babək hərəkatı faktiki olaraq məğlubiyyətə düçar olduqdan sonra yüzillər boyunca ərəb tarixçiləri Xürrəmdinliyin etkisini heç eləmək, Babəki bir tarixi sima kimi aşağılamaq yönündə ardıcıl iş görüblər. Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. Babəkin şəxsiyyəti, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlükdə Ulusumuzun özgəçiliyə qarşı böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı, bu gün yararlana biləcəyimiz az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını məhv edib, Babəkin qudsal yolu, igidliyi ilə ilgili ləyaqətsiz sözləri yazıb saxlayıblar. Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəb tarixçilərinin  yazdıqları da doğru olardı. Bəs Babəkimizin başçılığı altında Ulusumuz yad, yağı, soyumuzu kəsənə qarşı necə davranmalıydı? Özünü bütün varlığıyla ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış Türk ulusu üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı? Bu gün Babəki ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq.

Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babəkə ikili yanaşmadan azad olmağımız gərəkdir, çünki o, Ulusumuzun hər anlamda azadlığı uğrunda döyüşürdü. Bu böyük qəhrəmanımız haqqında uydurulan bütün yalanlara dözmüşük, indi də dözürük. Niyə? Çünki özümüz ola bilmirik. Babək - birüzlüyümüzün təsdiqidir, yenilməzlik ünvanıdır. Babək hər şeydən öncə ruhaniyyat hadisəsidir, xalqın dünyabaxışının ifadəsidir. Bu səbəbdən o, özündən gerçək baxımdan qat-qat güclü yağıya qarşı inamıyla döyüşürdü. İnsanlarımız yadlıqlara dirəniş məqamına yüksəlməlidirlər. Bu isə bütöv şəkildə yalnız İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışı ilə baş tuta bilər.

Gerçək imkandan artıq imkanımız içimizdə həmişə var, onu üzə çıxarmalıyıq. Babək haqqında daha ciddi, ruhlu sənət əsərləri yaranmalıdır. İncəsənətin bütün sahələrində Babək mövzusuna yenidən müraciət olunmalıdır. Babəkə bütün varlığımızla yiyə durmalıyıq. Ata Babəki Azadlıq peyğəmbəri sayırdı. Sən həmişə bizimləsən, Babək!

Atanın Babəkliklə bağlı içsəsini oxuculara sunuram.

***

 İNAM ATA (ASİF ATA)

BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ

 Fərəh İnamı

Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.

Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.

Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq – İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.

Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.

Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.

O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…

Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.

Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.

Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.

Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı.

Xəlifət Babək Peyğəmbərliyi və qəhrəmanlığından dəhşətə gəlmişdi.

Peyğəmbərlik ilə Qəhrəmanlığın misilsiz birliyi yaranmışdı və bu birlik başı Bağdadda, ayağı Hindistanda olan Xəlifət Həşəmətini yerindən oynadırdı.

  1. Şirvinlik

Babək daxilində Şirvin gəzdirdiyinə inanırdı. Şirvin qədim Şərq Allahlarından biriydi və insandan kənarda yox, insanda yaşayırdı. İnsanı yaratmamışdı, ancaq onu Allahlığa – İlahi qüdrətə çatdırırdı, – hər dövrdə bir Şəxsin ömründə zühur edirdi, – Xürrəmilər zamanında Babəkin aqibətinə düşmüşdü. Rəmzi biçim Ruhani həqiqət söyləyirdi. Allahlıq İnsandan kənarda deyil, İnsandadır. İnsan öz mahiyyətinə görə İlahi xilqətdir: bu İnam Babəkə – Möhtəşəm Yağıyla döyüşən Peyğəmbərə və Qəhrəmana gərək idi.

Babək Şirvinin qulu deyildi, o, Şirvinə itaət eləmirdi. Şirvindən qorxmurdu, Babəkin üzərində Şirvin hökmdarlığı durmurdu; Şirvin Babəkin qəlbində, ağlında, əməlində yaşayırdı.

Babək özünü Allah sayırdı, bununla da ülvi bir həqiqəti izhar edirdi: İnsan özü Allahdır, onu yenmək, əzmək, tapdamaq olmaz: daxildə Allah gəzdirən üçün mümkün olmayan əməl yoxdur, bu səbəbdən də Xəlifət adlanan Azmanla döyüşmək olar, Qüdrət sındıran Zoru sındırmaq olar, daxilində Şirvin gəzdirən Fatehlik Dünyasına qarşı dura bilər: – Dünyanı əyənlərə əyilməmək İnadı yaradırdı Şirvinlik Babəkdə – Ərdəbildə Şirvin zühur etmişdi, Bəzz qalası Ucalığında dayanan, Dəhşətlə döyüşən.

III. Babəkilik – Məzdəkilik

Babəkiliyi Məzdəkiliyin davamı sayırlar. Əslində isə Babəkiliklə Məzdəkiliyi yalnız Zərdüştlüyün Ümumi İdeyası – Hürmüzdlə Əhrimənin, İşıqla Qaranlığın Döyüşü birləşdirir: həm Babək, həm də Məzdək Zərdüşt İnamına tapınırdılar.

Məzdək Ümumi Mülkiyyətə bel bağlayırdı, Babək Ümumiçiliyi Fərziyyədir. Babəkçilikdə Hürmüzd İşığı müqəddəs Fərəhə çevrilmişdi: bu Fərəh Xəlifət Etiqadı adlanan Qaranlığa qarşıydı. Babək Qəhrəmanlığı Peyğəmbərliklə tən idi. Babək Yurdunu Xəlifət əsarətindən – Cəhalətindən xilas edirdi, İnsanları İtaət Fəlakətindən qurtarırdı: Azad Ağıl, Azad Ürək, Azad İradə uğrunda döyüşürdü.

Babəki təkcə üsyançı kimi anlamaq – səhvdir, Babək – İnamçıydı, Etiqadçı, Ruhçuydu: o, Xəlifətçiliyi İnsan Aqibətindən silmək istəyirdi. Məzdək Zərdüştçülüyə arxalanan Üsyançı idi. Babək Zərdüştçülükdə Yüksələn Peyğəmbər idi, həm də peyğəmbərə Qəhrəmanlıq bəxş olunmuşdu.

  1. BABƏK və SPARTAK

Babəki Spartakla müqayisə edirlər. Bu müqayisədə üstünlük Babəkin tərəfindədir.

Spartak Roma İmperiyasıyla bir il döyüşdü, Babək Xəlifətlə 23 il. Spartakın məqsədi Roma imperiyasını yox etmək deyildi: Vətənə – Frakiyaya qayıtmaq idi.

Babəkin Məqsədi – Xəlifəti – Xəlifətçiliyi yer üzündən silmək idi.

Spartak – Üsyan yaradıcısıydı, Babək – İnam yaradıcısı.

Spartak da Babək kimi Azadçıydı – ancaq Babək Azadçılığı İnam səviyyəsindəydi.

  1. BABƏK və ƏFŞİN

Babək də Xəlifətə qarşıydı, Xəlifət sərkərdəsi Əfşin də.

Babək Xəlifətin Mövcudluğuna, mahiyyətinə – İnamına, İdrakına, Əxlaqına, İradəsinə qarşıydı, Əfşin – hakimliyinə.

Babəkin İdealı – Azad İnam, Azad İdrak, Azad Mənəviyyat, Azad İradə – Azad Yurd… idi, Əfşinin İdealı – Fatehlərdən Azad olmuş Sasani İranı.

Babək Xəlifətlə açıq döyüşürdü, Əfşin gizli.

Əfşin Babəklə birləşmək istəyirdi; Babək Əfşinlə birləşmədi: Sasani İranı daxilində Azərbaycan Müstəqilliyinə küsənmədi.

Babəkə əsil müstəqillik gərək idi. Babək Əfşinlə birləşsəydi – Öz Azadlıq İnamına dönük çıxardı.

Babək Xəlifətə qarşı olduğu dərəcədə əslində Əfşinə qarşıydı.

Əfşinə – Möhtəşəm İran gərək idi: Azərbaycan Müstəqilliyi həmin möhtəşəmliyə xidmət etməliydi.

Babəkə Azad Azərbaycan gərək idi: – Azadlıq özü ən böyük Möhtəşəmlikdir – Bütöv, bölünməz.

Babək – Əfşin birliyi yaranmadı, çünki əslində Babək – Əfşin Təzadı var idi.

  1. BABƏK – SƏHL

Səhlin İnamı – varidat idi: bu İnam naminə Ləyaqətdən keçmişdi: Babəkin başına çoxlu varidat düşürdü. Onu qazanmaq üçün riyaya tapınmaq, xainlikdən, müxənnətlikdən, biclikdən, qəbahətdən, həqarətdən faydalanmaq gərək idi.

İnsanlıq varidata satılırdı: Vicdan, Namus, Qeyrət.

Babəki satmaqla Səhl – İnsaniliyi satdı.

Babək – Azadlıq pərvanəsiydi, Səhl – varidat divanəsi.

Satqınlıq Varidatı Səhlə cah-cəlal gətirdi; Baqratilər adlı çar sülaləsi yarandı xain əməldən.

Səhl Babək ölümündən qazandı.

Babəki qətlə yetirən Xəlifət Səhli taxta çıxartdı.

VII. BABƏK – HÜRUFİLƏR

Babək «Mənəm Allah» deməyib – «Məndə Şirvin var» deyib.

Hürufilər «Mənəm Allah» deyiblər – mahiyyətcə Babəkə xas olanı deyiblər.

Babək «İnsan – Azadlıqdır!» demirdi: Azad İnsan uğrunda döyüşürdü. Əslində Azadlıq – elə Allahlıqdır.

Hürufilər «İnsan – Allahdır» deyirdilər; mahiyyətcə Babəkə xas olanı deyirdilər.

Babək «İnsan qəlbi – Göydür!» demirdi, ancaq Mənəviyyat Azadlığı uğrunda döyüşürdü.

Hürufilər «İnsan Qəlbi – Göydür!» deyirdilər. Mahiyyətcə Babəkə xas olanı deyirdilər.

Babək «İnsan sifəti Müqəddəs Kitabdır» demirdi, ancaq İnsan ləyaqəti uğrunda döyüşürdü.

Hürufilər «İnsan sifəti müqəddəs Kitabdır» deyirdilər, mahiyyətcə Babəkə xas olanı deyirdilər.

Babək «İnsan kainatın Ali nəticəsidir» demirdi, ancaq İnsan Vüqarı uğrunda döyüşürdü.

Hürufilər «İnsan kainatın Ali nəticəsidir!» deyirdilər, mahiyyətcə Babəkə xas olanı deyirdilər.

Hürufilərin İnsan İnamı Babəkin Azadlıq İnamına Doğmadır.

Babəklə Hürufilər arasında Müqəddəs Bağlılıq var.

VIII. BABƏK – FÜZULİ

Babək Fərəhi – Füzuli Eşqində yaşayır. Eşq Füzulidə Əzabıyla, məşəqqətiylə, Dəhşətiylə, Yanğısıyla Kamillik yoludur: Füzuli Eşq bəlasından cuşa gəlir, onu çağırır, ona qovuşur; Yanmaq Fərəhinə çevrilir Eşq Füzulidə; Müqəddəs Kədər Sahibidir Füzuli – Mahiyyətcə Fərəhlidir.

Füzuli Kədərinin Mənası – Fərəhlidir.

Füzuli Kədərində Babək Fərəhi yaşayır.

  1. BABƏK – MUĞAM

Muğam Müqəddəs Fərəh yoludur.

Mütləqə qovuşma vasitəsiylə Müqəddəs Fərəhə çatmaqdır.

Dünya qəmini anlamaq Fərəhidir.

Şərlə döyüş Fərəhidir.

Müqəddəs hiddət Fərəhidir.

Müqəddəs heyrət Fərəhidir.

Muğam Ali İnsanilik vəsfidir, bu səbəbdən də Müqəddəs Fərəh izharıdır. Babək Ruhuyla təndir.

  1. AQİBƏT

Misilsiz böhtanlara məruz qalıb Babək.

İnamını nəşəlik, haramlıq, zinalıq kimi qələmə veriblər. «Xürrəmi»liyi Fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar. Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim ediblər.

Çünki qorxublar.

Əvvəl Babəkin özündən, sonra Xatirəsindən.

Bu səbəbdən də əvvəl özünü, sonra xatirəsini şaqqalayıblar.

İndi də qorxurlar.

Ruhundan qorxurlar.

İtaət İnamından qorxmurlar.

Azadlıq İnamından qorxurlar.

  1. GƏRƏKLİK

Fərəh İnamı gərəkdir Yurdumuza, Şərqimizə, Dünyamıza.

Fərəh Müqəddəsliyi gərəkdir.

Müqəddəs Fərəh gərəkdir.

Babək Ruhu gərəkdir.

İşıqlı ATALI

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN