Unudulmaz bəstəkarımız, xalq artisti Süleyman Ələsgərovun həyat və yaradıcılığına həsr olunan və peşəkarcasına hazırlanmış 344 səhifəlik "Biblioqrafiya" Mirzə Fətəli Axundzadə adına Milli kitabxanamızın görkəmli sənətkarın yuvarlaq ildönümünə layiqli hədiyyəsidir.
Bu dəyərli kitab görkəmli bəstəkar haqqında yazdığım geniş müqəddimə ilə başlayır. Həmin önsözü diqqətinizə təqdim edirəm:
ONU DAHA YAXŞI GÖRÜB-TANIMAĞIN KÖRPÜSÜ
Süleyman Ələsgərov nə qədər yaşayıb? Dəftər-kitabla götürsək, sənədlə hesablasaq, bu sadə sualın sadə də cavabı var: 1924-cü il fevralın 22-də doğulmuşdu, 2000-ci ilin 21 yanvarında vəfat etdi, deməli, 76 illik bir ömür. Ancaq kağızla gerçəklik həmişə üzdən göründüyü qədər eyni olmur axı! Qədim rəvayətdə deyildiyi kimi, məgər neçə il ömür sürmək elə o qədər yaşamaq deməkdir? Həyat var ki, onilləri üst-üstə qalansa da, puç, mənasız, bir-birinə bənzəyən dadsız, fərəhsiz boşluq təsiri bağışlayır. Ömürlər də var ki, ən qısası da parlaqlığıyla göz qamaşdırır, içi boş yüz ömürdən daha dəyərli görünür. Süleyman Ələsgərov bu 76 ilin nə qədərini YAŞAYIB? Bu 76 ilin qoynuna səpilmiş saysız-hesabsız ömür qırpımlarının hansıları onillər ötəndən sonra da hər an Süleyman müəllimlə idi, hansıları öz ilıq xatirəsiylə Süleyman müəllimə daim yeni güc bağışlayır, həyatı daha artıq sevməyə, sabaha daha ümidli olmağa, təzə əsərlər yaratmağa ilhamlandırırdı?
Çalışmaların, canatmaların, usanmazlığın öz yerində, amma gərək bəxtin də ola, gərək tale yolunu avand da edə, gərək işin də düz gətirə, gərək qarşına da ucdantutma bədxahlar, biganələr deyil, heç olmazsa hərdən xeyirxahlar, qolundan yapışanlar, sənə arxa durmağa hazır nəciblər də çıxa.
İnsanın alnına əzəldən hamınınkı olacaq, millətin həyatına qarışacaq, bihudə uçub getməyəcək anlarla dolu ömür yaşamaq yazılıbsa, bəxt də ayaq üstə olur, sənə hayan olanları, yol açanları da qismət özü qarşına çıxarır.
“Əməlisaleh” deyimi Süleyman ustada çox yaraşırdı və hər görüşümüzdə öz dilindən, özü ilə görüşməyəndə başqalarından onun nəciblikləri barəsində o qədər təfərrüatlar eşidirdim və indi özünün həyatda olmadığı vaxtlarda da eşidirəm ki, o dürüst əməlləri, o yaxşılıqlar silsiləsini göz önünə gətirəndə, o ömür qırpımlarının lap az bir qismini xəyalən sapa düzəndə, baxıram ki, deyəsən, bu həyat 76 yaşdan çox çıxır axı.
...1920-ci illər qurtarhaqurtardadır, musiqinin quşu qonub Süleymanın ürəyinə. Bir şuşalının başı üzərində musiqinin quşu onsuz da daim uçur. Amma ilahi sənət quşu körpəcə bir ürəyi yuva seçirsə, bu, artıq tale deməkdir və balaca Süleyman özünə tütək aldırır. 1930-cu illərin lap başlanğıcında Cıdır düzündə tək-tənha oturub doymadan uzun günlər və aylar boyu saatlarla tütəyində “Qarabağ şikəstəsi”ni, el havalarını çaldığı anlara kim deyə bilər ki, uçub gediblər? O dəqiqələr, o saatlar son nəfəsinədək Süleymanla qaldı, xatirələrində, yaddaşında, dodaqlarında, nəfəsində həmin havalar, həmin səslər axıradək dipdiri oldu. Əlbəttə ki, həmin ömür qəlpələrinin hər biri ona nəsib olmuş həyatın boşuna uçub getməmiş, həqiqətən yaşanmış, ləzzət alınmış, dadı damaqdan getməyən günləri dəstəsinə yazıldı.
1940-cı ildə dəmiryol vağzalında qatardan enən, həyatında ilk dəfə bircə tanışının olmadığı Bakıya gələn gənc Süleyman yaxınlıqdakı konservatoriyaya – Üzeyir bəyin üstünə yollanmışdı.
Bir-birlərini ilk dəfə idi görürdülər. Üzeyir bəy dəstəyi qaldırmışdı, universitetin direktoru professor Cəbrayıl Ələsgərovla danışaraq yer məsələsini həll etmişdi, universitetin Kolodeznaya (indiki Rostropoviçlər) küçəsindəki yataqxanasında Süleymana otaq vermişdilər.
Elə təmaslarının ilk anındaca bu arxasız-köməksiz uşaq arxasında güvənə biləcəyi dağın dayandığına qürrələnmiş və qəhərlənmişdi, sonralar illər boyu Üzeyir bəydən daim elə bu cür qürur və qəhər oyadan köməkləri və diqqətləri gördükcə onun əsla başqa insanlara bənzəmədiyinə əmin kəsilmiş, müqəddəsliyinə inanmışdı.
Bakıya ilk gəlişindən yarım əsrəcən böyük vaxt ötən günlərdən birində hansısa görkəmli həmkarı (kimliyini mənə söyləmişdi, öz aramızda qalsın demişdi, mən də dediyinə əməl edirəm) Süleyman Ələsgərova zəng vuraraq gileylənmişdi: “Oxumusunuz? Qəzetdə tarzən Kamil Əhmədovun məqaləsi dərc olunub, Üzeyir bəyi peyğəmbər adlandırır. Day bu boyda yox da! Hamımız bilirik Üzeyir bəy dahidir, amma onu peyğəmbərə bərabər tutmaq düz alınmır axı”.
Müsahibinin təəccübünə rəğmən Süleyman müəllim nəinki onun sözlərini təsdiqləyir, əksinə: “Lap düz yazıb, – deyir. – Biz peyğəmbərləri görməmişik. Onların müqəddəslikləri, böyük əməlləri haqqında ya eşitmişik, ya oxumuşuq. Üzeyir bəydə isə biz həmin ali keyfiyyətlərin hamısını gözümüzlə görmüşük, onun peyğəmbər xislətinə canlı şahidik”.
Üzeyir bəyi görməmişəm, mən dünyaya o, həyatdan gedəndən xeyli sonra gəlmişəm. Ancaq Üzeyir bəylə yaxın olmuş, onu qəlbən sevmiş, mənə də çox əziz insanlar illərcə o qədər təsirli xatirələrini söyləyiblər ki, hərdən mənə elə gəlir, o müstəsna insanı lap yaxından tanımışam, ömrünün hər mərhələsinə və çox hadisələrinə bilavasitə şahidəm. Üzeyir bəyi mənə doğmalaşdıranlardan biri də Süleyman müəllim idi ki, onun danışdığı Üzeyir hekayətlərinin hər biri həmişə yaddaşımda, qəlbimdədir.
Bu xatırlayan Süleyman müəllimdir. Gecələrdən birində onunla söhbətlərimizi yazdığım bolluca kasetlərdən birini qoymuşam maqnitofona, lent fırlanır, sanki elə bu anda da nəfəsini duyacaq qədər yaxındadır: “Hər ilin sonunda Üzeyir bəy musiqi fondunun müdiri Əyyub Şıxzamanovu çağırırdı ki, bax gör nəyin qalıb. O da deyirdi ki, tutalım, 70 min qalıb. Üzeyir bəy: “Yaxşı, bir vərəq götür, yaz, Fikrət Əmirov 5 min manat, Cahangir Cahangirov 5 min, Əşrəf Abbasov 5 min, Süleyman Ələsgərov 5 min...” Yazdırırdı, üstündə dərkənar qoyurdu. Nə bir əlavə qulp qoyan vardı, nə komissiya düzəldib pulun hara sərf olunduğunu soruşan, nə çək-çevirə salan.
Üzeyir bəyin ağır müharibə illərində bizim ilk əsərlərimizi vaxtaşırı alaraq maddi dayaq göstərməsi sayəsində həm yaşayışımız təmin olunurdu, həm də yaradıcılıqla daha çox, daha səylə məşğul olmağa həvəslənirdik”.
…1948-ci ildə Süleyman konservatoriyanı bitirəndə Üzeyir bəy azarlı idi, Moskvada, Kreml xəstəxanasında müalicə olunurdu. Ümumən, o dövrdə Üzeyir bəyi incidən tək naxoşluq deyildi və əslində mübtəla olduğu xəstəliklərin, o sıradan şiddətli şəkərin səbəbi ömrünün mütəmadi zəhərlənməsi idi, birbaşa oçağkı respubika rəhbəri Mircəllad Bağırovun onu mütəmadi təqib, təhdid və təhqir etməsi idi. Ancaq canının ağrımasına, ruhunun sızıldamasına baxmayaraq, hətta o nisgilli günlərində də unutmamışdı, teleqram göndərərək tələbəsini təbrik etmişdi. Söz yox, belə teleqramları tək Süleymana yox, başqa yetirmələrinə də yollamışdı. Üzeyir bəy dünyagörmüş, müdrik insan idi. Yaxşı anlayırdı ki, bu bircə parça kağız yetirmələrinin hər biri üçün necə böyük sevinc bağışlayacaq, iftixar gətirəcək.
Bu və bu qəbil onlar və yüzlərlə gözəl əməlin sahibini Süleyman və Üzeyir bəyi elə Süleymanca tanıyan digərləri necə peyğəmbər saymayaydılar.
Süleyman Ələsgərovun yolunun lap başlanğıcında, ilk addımlarını atdığı əyyamlarda Üzeyir bəy kimi NUR topasıyla tuş düşməsi Allahın bu cavana həyatdakı ən qiymətli sovqatlarından idi. Üzeyir bəylə ötmüş illərin, ayların, günlərin, saniyələrin hər biri Süleyman müəllimin düşüncəsində və qəlbində ömür saatı dayananadək riqqət, həyəcan, sevgi oyatmaqla qaldı və həmin Üzeyirli anlar da Süleyman ömrünün YAŞANMIŞ parçaları sırasına əlavə edilməlidir.
1942-ci il. Oktyabr ayı. Müharibənin ən müdhiş vaxtlarıdır. Konservatoriya binasını hospital kimi istifadə edirlər. Müvəqqəti olaraq konservatoriya tələbələri dərslərini İncəsənət İnstitutunun Nizami küçəsinin tinindəki birmərtəbəli korpuslarından birində keçirlər. Üzeyir bəy xalq musiqisinin nəzəri əsaslarından bəhs edən növbəti mühazirəsini deyir. Qəfildən hiss edir ki, uşaqların diqqəti yayındı. Qonşu auditoriyadan Bülbülün avazı gəlir. Ağabacı Rzayeva dillənir: “Üzeyir bəy, Bülbülün oxuduğu bizim Süleymanın mahnısıdır”.
“Lap yaxşı. Elə isə durun gedək, birgə qulaq asaq”.
Bülbül dərsini bitirib evə getməyə hazırlaşır, Üzeyir bəy xahiş edir ki, professor ayaq saxlasın, mahnını bir də oxuyub sonra getsin.
“Gözlə məni” tələbə Süleymanın birinci mahnısı idi. Müəllimi Bülbülə vermişdi ki, baxıb fikrini bildirsin. Şeiri isə qəzetdə təsadüfən görmüşdü və oxuyunca çox təsirlənərək bu misralara nəğmə qoşmağı qət etmişdi. Doğmalarına üz tutaraq “gözləyin, qayıdacağam” deyə ümidlə çırpınan bu şeiri yazmış əsgər Şirzad Əliyev davada 23 yaşında həlak olmuşdu, şeiri isə qəzetdə ölümündən iki ay sonra dərc edilmişdi.
Bülbülün daimi müşayiətçisi Vladimir Kozlov Üzeyir bəyin bu təvəqqesindən sonra keçir royalın arxasına, Bülbül tələbəsinin mahnısını bir də oxuyur, Üzeyir Süleymanı təbrik edir, “Yaxşı yazmısan” deyir, Bülbül də mənalı-mənalı baxır Süleymana: “Bu gündən sənin mahnına vətəndaşlıq hüququ verildi”.
İki dahinin, iki böyük müəllimin xeyir-duası ilə ilk mahnının “göbəyinin kəsilməsi” həyatın YAŞANAN və dəfələrlə YAŞANACAQ parçası deyilmi?
1960-71-ci illər Süleyman Ələsgərov Musiqili Komediya Teatrında direktor və baş dirijor işlədi. Həmin dövr, bilənlər, bələdlər, səriştəlilər hamısı təsdiqləyir ki, Musiqili Komediya Teatrının ən bəhrəli, ən coşqun illəri oldu. Köhnə aktyorlardan qalanlar axıracan bunu deyirdilər ki, ağzımızın dadı, teatrımızın ən gözəl fəsli Süleymanla getdi.
İş-güclə, yaradıcılıq qələbələriylə, alqış səsləriylə çağlayan o illərin hər anı YAŞANMIŞLAR sırasında deyilmi?
Və o anların HƏYAT GÜCÜnün bir gizlinci də budur ki, bir ötənlərdə YAŞANIBLAR, bir də sonra hafizədə YAŞAMAQDA davam edirdilər.
Odur ki, bütün bunları və buna oxşar qatar-qatar bəxtiyar ömür parçalarını üst-üstə gələndə Süleyman ömrünün YAŞANMIŞ qisminin əslində 76 ildən qat-qat çox olduğu qənaətinə gəlməmək olmur.
...Süleyman Ələsgərov xoşbəxt və ağgün insan idi. Ömrü çox uzun olacaq dəyərli əsərlər yaratdı, bütün Azərbaycan boyu xətir-hörmət, məhəbbət qazandı, fərasətli, ağıllı övladları, çox sevdiyi nəvələri, nəticələri ilə baş-başa könül toxtaqlığı ilə bəxtəvər həyat sürdü. Amma Süleymanı Süleyman edən, AĞGÜN edən və bütün qazandıqlarının təməlində dayanan bir ad da vardı – AĞGÜL xanım. Şuşada birlikdə birinci sinfə getmişdilər. Sonra təhsil və uğurlu sabahlar ardınca Bakıya pənah gətirdilər. 1945-də evləndilər və 76 ilin 69 ilini Süleymanla Ağgül qoşa idilər, can bir qəlbdə, əl-ələ, ürək-ürəyə yaşadılar, birlikdə AĞGÜN oldular və Ağgülünü itirincə Süleyman da çox qalmadı…
Süleyman Ələsgərovu əvvəl mənim barmaqlarım tanıyıb. Çox illər sonra onunla artıq şəxsən – gözlərimlə, duyğularımla, düşüncəmlə yaxından tanış olarkən bu insanın bir vaxtlar barmaqlarımla tanış olduğumdan az fərqləndiyini gördüm. Uşaqkən musiqi məktəbinin tar sinfində oxuyurdum, dərsliyimiz Səid Rüstəmovun tərtib etdiyi “Tar məktəbi” kitabı idi və indiyədək dönə-dönə nəşr edilmiş həmin dərslik hələ də dəyərini saxlamaqdadır. O vaxtlar – 1960-70-ci illərdə tar üçün bizim müəlliflərin not əsərləri barmaqla sayılacaq qədər az idi. Səid Rüstəmovun özünün, Hacı Xanməmmədovun tək-tək əsərləri sırasında Süleyman Ələsgərovun “Daimi hərəkət”i də vardı.
1970-1980-ci illərdə Süleyman müəllimə bələdləşdikcə, onu yaxından müşahidə etmək imkanı qazandıqca qiyabi tanışlığımızın körpüsünə çevrilmiş, musiqi məktəbinin birinci sinfində ikən not-not, səs-səs öyrəndiyim “Daimi hərəkət” əsəri kimi, özünün də bir an dinclik bilmədiyinə, daim hərəkətdə olmasına şahid kəsildim. Bir yerdə oturmağı sevməyən, daim hərəkətdə olan başqaları da, olsun ki, çoxdur. Amma hər işə vaxt çatdırmağı bacaran, xeyirdən-şərdən qalmayan Süleyman müəllimin o çoxların çoxunda olmayan gözəlliyi müdam xeyirxahlıq saçması idi. Yəni hər sənətkar böyüklüyündən-kiçikliyindən, istedadının səviy¬yəsindən asılı olmayaraq artıq sənəti özünə məslək seçdiyi, öz ömründən kəsib insanlarçün nəsə yaratdığı, deməli, həm də həyatının o örnəkləri doğurmağa həsr etdiyi paçalarını xalqa bağışladığı üçün xeyir daşıyıcısıdır. Süleyman Ələsgərov yarım əsrdən artıq müddətdə qiymətli sənət əsərləri doğurdu, yaratdıqlarının əksəri musiqi, mədəniyyət xəzinəmizin yaşarı inciləri sırasına daxil oldu və həm də bu əsərlərin bundan belə daim yaşayacağı elə onun sağlığında hər kəsə əyan idi. Onun "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan, ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları, "Solğun çiçəklər" operası, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, tar üçün konsertləri, sayı iki yüzü aşan mahnı və romanslarının bir çoxu, "Tarantella"sı, "Rəqs-tokkata"sı, "Aşıqvari"si, qanun aləti üçün yazdığı "Rapsodiya"sı... həmişəlik Azərbaycanla qalacaq, onu yenu nəsillərin də müasirinə çevirəcək. Lakin Süleymanı Süleyman edən yalnız qiymətli əsərləri deyil və həm də onun şəfqətlə dolu varlığı, bir an belə onu tərk etməyən mərhəmət duyğusu, imkanı olan yerdə uzun düşünmədən kömək üçün əlini uzatmağa tələsməsi, arxa durmağa hazır olması idi. Əlbəttə, ola bilməz ki, bir adam hamıya yalnız yaxşılıqlar edə və ondan inciyən, narazı qalan tapılmaya. Bəlkə Süleyman müəllimdən də tələbələrindənmi, tabeliyində çalışmışlardanmı, dost-tanışındanmı... sonacan razı olmayanlar varmış. Hər halda mən indiyəcən beləsinə rast gəlməmişəm. Əksinə, Süleyman müəllimi az-çox tanıyanlardan, onunla oturub-duranlardan hansını dinləmişəmsə, hər dəfə indiyəcən bilmədiyim daha bir xeyirxahlığından xəbər tutmuşam. Və hər təzə eşitdiyim belə söhbətlərlə Süleyman müəllim gözümdə bir qədər də böyüyüb. Hər təzə eşitdiyim belə söhbətlərdən sonra Süleyman müəllimin dəfələrlə qulaq asdığım tanış əsərləri də mənə bir az da şirin, bir az da cazibəli gəlib, onun insanlığının işığı əsərlərinə çilənərək onları mənim nəzərlərimdə bir az da parlaqlaşdırıb.
Xeyirxahlıqdan bezən, xeyirxahlıq etməyindən peşman düşən, yaxşılıqlarının müqabilində nanəcibliklər, nankorluqlarla üzləşərək mütəəssir olan adamlarla rastlaşdığımız olub. Süleyman müəllim kimi yaxşılığı elə taleyini bağladığı musiqi kimi özünə peşə etmiş, həyat meyarına çevirmiş insanları həm mən nadir görmüşəm, həm də ümumiyyətlə belələri tək-tək olur. Xüsusən yaşadığımız qatmaqarışıq zəmanədə. Süleyman müəllim əxlaqı, vərdişləri, əməlləri ilə ayrı bir epoxanı təmsil edirdi və nə acı ki, o cür bütöv adamlar getdikcə tükəndi və bu həqiqətlə barışmaq ürək sıyırır.
Süleyman müəllimi ayrı cür yox, məhz belə etmiş səbəblərin, təməllərin sırasında, təbii ki, əslinin-nəslinin, ona qanla ötürülən saf keyfiyyətlərin danılmaz yeri vardı, amma əlbəttə ki, həm mənim müşahidəmcə, həm öz etirafınca, başlıca cövhər Üzeyir bəy idi. Böyük həyatın təlatümlü axarına qoşulduğu ilk vaxtlardan Üzeyir bəyi görmüşdü, ondan yalnız yaxşı musiqiçi deyil, yaxşı adam olmağın da dərslərini durmadan almışdı. 1940-cı ildə Şuşadan Bakıya gələndən Üzeyir bəyin nəvazişini gördü, qayğısını duydu, Üzeyir bəy ömrünün son 8 ili Süleymanın gözləri qarşısında keçdi və bu illərin hər günü qutsal bir varlıqdan dərs almaqçün Pərvərdigarın yaratdığı nadir fürsət idi. Həmişə çalışdı ki, ustadına oxşasın, yavaş-yavaş bu çalışmalar, ustada bənzəmək cəhdləri Süleymanın həyat tərzinə döndü, hər kəsə bəlli simasını yaratdı.
1935-ci ildə, sonraların məşhur skripkaçısı Azad Əliyevin atası Həmzə Əliyevin Şuşada 2 il qabaq təşkil etmiş olduğu musiqi texnikumunun tar sinfinə girəndə Süleyman 11 yaşında idi və ilk müəllimi aralarında yaş fərqi az olan Qəmbər Hüseynli idi. Qəmbər Gəncə Musiqi Texnikumunun axırıncı kursundaydı, Şuşada müəllim kimi təcrübə keçməyə göndərilmişdi və qismət onları görüşdürmüşdü ki, sonralar da daim bir-birlərinə hayan olsunlar. 5 il sonra – müharibə ərəfəsində Bakıda, konservatoriyada oxumağa başlayanda Süleyman ona 6-ca ay dərs demiş Qəmbər Hüseynli ilə yenidən görüşür. Radionun xalq çalğı orkestrində dirijorluq edən Qəmbər keçmiş şagirdi Süleymanı da burada işə düzəldir, hələ heç kəsin tanımadığı yeniyetmə bəstəkarın ilk qələm təcrübəsini, birinci əsəri olan “Rəqs”i idarə etdiyi orkestrin repertuarına salır. Azərbaycanın bircə radiosu vardı ki, hamının qulağı onda idi. Radioda səslənmək xalqa tanınmağın ən qısa yollarından idi və müəllimi bu imkanı qəlb genişliyi ilə Süleymançün yaratmışdı. Zənnimcə, Süleymanı tanıdığımız Süleymana çevirən və sevdirən başlıca səbəblərdən biri də bu oldu ki, o, ömrü uzunu qarşılaşdığı xoş, xeyirxah münasibətləri heç vaxt sadəcə yaxşılıq kimi deyil, həm də hər dəfə bir unutmamalı dərs olaraq qavradı. Yalnız haqsızlıqlarla, qəddarlıqlarla, təzyiqlərlə tuş düşmüş bir adamın yumşaq, rəhmdil olacağına, üzləşdiyi bütün naqislikləri yaddan çıxararaq içəridən qabalaşmayacağına, sərtləşməyəcəyinə ümid bəsləmək xam xəyaldır. Daxilən nazik olmaqçün, yaxşılıqlar edə bilməkçün gərək özün də bunu kimdənsə dadmış olasan. Sıxma-boğmalar, burunlamalar, badalaqgəlmələr, ardıcıl zərbələr istər-istəməz insanı qisascıl edirsə, rastına çıxmış nəcibliklər ürəyə və düşüncəyə yaxşılıqları qaytarmaq borcunun bərəkətli toxumlarını səpir. Həm də bu borc duyğusu insanda yaranırsa, onun əvvəli olur, sonu yox.
Süleyman Qəmbər Hüseynlidən təmənnasız diqqət, hörmət, məhəbbət görmüşdü. Bu borcu haçansa hökmən qaytarmalıydı. 1955-ci ildə Süleyman Ələsgərov İncəsənət işləri idarəsinin rəisi idi. O vaxtlar Qəmbər Hüseynli artıq kifayət qədər tanınmış, etiraf edilmiş bəstəkar olsa da, müharibədə alman əsirliyinə düşdüyünə, həbsdə yatdığına görə və ilk növbədə paxıl həmkarların mərdümazarlıqları ucbatından Bəstəkarlar İttifaqından xaric edilmişdi, Moskva, ardıcıl müraciətlərə rəğmən, inadla onun üzvlüyə yenidən bərpasını rədd edirdi. Həmin 1955-ci ildə Süleyman müəllim Moskvaya ezamiyyətlərindən birində Qəmbərin sənədlərini də götürür, SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikovun qəbuluna gedir, dünyanın tanıdığı “Cücələrim”in müəllifi haqqında zəmanətini verir, xahişini edir və “hə” cavabını alır.
Sovet dönəmində üstündə siyasi damğası olan, həbsə düşmüş, hələ bir yaradıcı ittifaqdan da xaric edilmiş yaradıcı insan elə diriykən ölmüş kimi idi – qarşında bütün yollar bağlı, belə tərcümeyi-halla lap gündə bir şedevr yarat, adın, soyadın mane olacaqdı ki, o əsər adam arasına çıxsın – radioda səslənsin (o vaxt hələ televiziyamız açılmamışdı), nəşr edilsin, səhnələrə yol tapsın.
Süleyman Ələsgərov bu hərəkəti ilə Qəmbər Hüseynliyə sadəcə yaxşılıq etməmişdi, ona yeni həyat bağışlamışdı, onu diriltmişdi. Ancaq bu, yalnız Qəmbər Hüseynliyə edilən yaxşılıqdımı?
Axı sonra Qəmbər Hüseynli 6 il də olsa yaşadı, həmin 6 ildə bir-birindən elə gözəl əsərlər yaratdı ki, daha musiqimizi o incilərsiz təsəvvür etmək mümkün deyil.
1961-ci ilin avqustunda Qəmbər Hüseynli vəfat edəndə Süleyman müəllim Gəncənin rəhbərliyinə müraciət edir, həyatı vaxtsız tərk etmiş istedadlı bəstəkarın xatirəsinin əbədiləşdirilməsi üçün ağız açır – doğma şəhərindəki musiqi texnikumu Qəmbər Hüseynlinin adıyla qovuşur...
Tanrı Süleymana imkan vermişdi ki, sağlığında və ölümündən sonra yaxşılıq gördüyü Qəmbər Hüseynliyə borcunu qaytarsın. Amma Üzeyir bəy başda olmaqla, ömründən çox insanlar keçmişdi ki, vaxt Süleymandan onlara da borcunu bilavasitə qaytarmaq girəvəsini əsirgədi. Fəqət bütün borclarını qaytarmağın həllini Süleyman həyatı uzunu riayət etdiyi başqa bir düsturla tapdı: “Mənə cavab gözləməyi ağıllarına belə gətirmədən yaxşılıq ediblərsə, mən də cavab, minnətdarlıq, “sağ ol” gözləmədən yaxşılıqlar etməliyəm”.
Haçansa oxuduğum və qəlbimə yağ kimi yayılan müdrik bir kəlam var: “Yaxşılıq edin və şər sizə yaxın düşməz”. Yoxlayanlar təsdiqləyər ki, bu, həqiqətən, belədir. Bu düsturun fəlsəfəsi etdiyin yaxşılıqların əvəzində sadədilliklə yanaşaraq həcmcə, şəkilcə mütləq etdiyinə bərabər yaxşılıq gözləməməyi tövsiyə edir. Bəlkə özümüz hiss etmədən bizi bir çox bəlalardan, xatalardan nə zamansa atdığımız xeyirxah bir addım, fədakar bir əməl, minnətsiz bir sevgi mühafizə edir?!
Süleyman Ələsgərov Şuşanı çox sevirdi, yalnız onun havasıyla yox, adıyla nəfəs alırdı. Şuşa itiriləndən sonra Süleyman müəllim sanki dəyişdi, başqa adam oldu, çöhrəsinə, gözlərinə dərin bir kədərin kölgəsi qondu. Şuşada iki mülkü vardı. Yay-qış ilin neçə ayını orada keçirirdi. Ürəyinə təzə bəstələrin ilhamı daman kimi özünü verirdi Şuşaya. Yazdıqlarının yüzdəsəksəninin göbəyi Şuşada kəsilmişdi. 13 operettasının 9-nu, 1 operasınıı, 100-dən artıq irili-xırdalı mahnısını, simfonik lövhələrini orada qələmə almışdı. Hər yay Şuşadan Bakıya təzə bir musiqili komediya ilə qayıdırdı. Onun Şuşadakı evi bir ziyalı ocağı, mədəniyyət mərkəzi kimi idi, o tərəflərə yolu düşən seçilmişlərdən hər birinin yolu həmin evdən keçərdi, köməyə, qayğıya ehtiyacı olanlar həmin evə tələsərdilər.
Süleyman Ələsgərov dünyadan Şuşa həsrəti ilə getdi. Ancaq xəyal sandığımız aydın bir gerçəyə çevrildisə, millətimizə Qarabağ Zəfərinin, Şuşanın azadlığının səadətini yaşamaq nəsib oldusa, bunda, əlbəttə ki, Şuşa aşiqi Süleyman Ələsgərovun ömrü boyu insanlara və bütövlükdə millətinə etdiyi yaxşılıqlara İlahinin verdiyi cavabın da payı var.
...Əsatir nağıl edir ki, Yaradan Davud peyğəmbərin oğlu Süleyman peyğəmbərə bütün varlıqlar üzərində mistik hakimiyyət vermişdi və o, bütün canlıların, hətta ağacın, otun, gül-çiçəyin də dilini bilirdi. Ancaq nəhayətdə o da, hər kəs kimi, ömrünü başa vurdu, torpağa qovuşdu. Ona görə də ən uzaq keçmişlərdən günümüzədək ömrün faniliyindən deyən bir qüssəli qanadlı ifadə çatıb: “Süleymana qalmayan dünya”.
Ancaq ömrü boyu gözəlliklər yaratmış və xeyirxahlığı özünə şüar etmiş Süleyman Ələsgərov kimi şəxsiyyətlər keçdikləri yolla 3 min ildən artıq yaşı olan zərbülməsəlin də fəlsəfəsini dəyişə bilirlər. Millətinə yadigar qoyduğu solmaz irsi və minnətdar yaddaşlardakı nəcib izləriylə Xalq artisti bəstəkar Süleyman Ələsgərov bu gün də milləti ilədirsə, necə demək olar ki, dünya Süleymana qalmayıb?! Dünya Süleymana qalıb və Süleyman da bu dünyada həmişə var olacaq.
Qalmağının bir nişanəsi də elə vərəqləyəcəyiniz bu kitabdır. Süleyman Ələsgərovun ruhunu sevindirəcək kitab. O, səliqəli, həm də son dərəcə intizamlı bir insan idi. Belə bir şakəri vardı ki, çıxışa dəvət olunduğu istənilən yerə getməzdən öncə – radio, televiziya, hansısa yubiley nərasimi, rəsmi iclas, nə olur-olsun – hökmən söyləyəcəklərini qara mürəkkəblə, iri, aydın xətlə yazardı. Çox vaxt həmin mətn elə cibindəcə qalardı, sinədən danışardı, amma istənilən halda həmişə qabaqcadan yazıb hazır etməyi vacib sayardı. Çünki tarixə sayğıyla yanaşan insan idi və anlayırdı ki, hər yazılan tarixdir.
Süleyman Ələsgərova həsr edilən bu kitabda tarix və tarixçələr qovuşur. Bu kitab görkəmli bəstəkarın və unudulmaz insanın ömür xəritəsidir. Onun özünə xas olmuş səliqə-sahmanlı ardıcıllıqla həm yazdıqları, həm də haqqında yazılmışları əks etdirən bu soraq toplusu, inanıram ki, Süleyman Ələsgərovu daha aydın görüb və tanımaq üçün ən münasib körpüyə və mötəbər bələdçiyə çevriləcək.
Daha yaxından görüb tanıdıqca, onun keçdiyi şərəfli ömür və yaradıcılıq yolundan daha dərindən agah olduqca bu işıqlı insanın niyə məhz dünyada qalan Süleyman olmasının gizlincini də daha artıq duyacaqsınız.
6 aprel 2024
Rəfael Hüseyn,
Professor,
Millət Vəkili 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN