Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” layihəsi həyata keçirilr. 

Layihənin rəhbəri Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucuları olan şairlər, yazıçılar, ziyalılar Şuşa haqqında yazdıqları şeir, hekayə, əfsanə, nağıl, esse və s. oxuculara təqdim olunacaq. Layihəyə informasiya dəstəyini “Вышка” qəzeti verir. Şair Zeynəb Camaləddinin “Şuşa” şeirində yurdumuzun nazənin sənəmi, dilbər guşəmiz Şuşanın gözəlliyindən dilbər guşəsi olan Pənahabadı, Şuşanını igidlərindən, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizdən, qəhrəman oğullarımızdan bəhs edilir. Şeirdə Şuşanın görkəmli şəxsiyyətləri Vaqifdən, Xan qızı Natəvandan Mir Mövsüm Nəvvabdan, Cabbar Qaryağdıoğludan  bəhs edirilir.  

  

ŞUŞAM

 Dəyəndə yad ayaqlar ətəyinə, yalına,

Sanki yarımcan idim, əskik bir yanım, Şuşam.

Yağı xəncər çəkəndə əzəmət, cəlalına,

Deyirdim bu ağrıya necə dayanım, Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım Şuşam.

 

Qeyrətinə qurban el, igid ərənlər, ərlər,

Keçilməz səngər olan, ər oğlu ər nəfərlər,

Siz torpağa döndünüz, doğulanda Zəfərlər,

Şəhidiylə yoğrulan,  bir olan,  qanım, Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

 

 

Qayalar arasında, Pənahabadım, qalam,

Sən Tanrıdan ərməğan, sən Tanrıya bir salam.

Sən əbədi mirasım, sən babalardan qalan,

Möhürləndi səninlə bu gün ad-sanım Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

 

Nətavanım, Vaqifim iz qoydu diyar-diyar,

Nəğmələrdən doğuldu, Xan oldu İsfəndiyar.

Cabbarımı söyləyim, ya Nəvvabı? – az olar!

Muğamatım, təsnifim,  tarım, kamanım, Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

 

Göz ilə görünməyən ruhların yurd, yaylağı,

Mələklər toplanan yer, bəlkə  çayı, çaylağı,

Sən nağıllar aləmi, pərilərin oylağı,

Ay nurunda çimənim, ulduz sayanım, Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam

 

Gecə həzin, göy bəyaz, ulduzlar çiyid-çiyid,

Buludlar əlçim-əlçim, hər duyğusu bir öyüd.

Pıçıltısı layladı, telləri salxım söyüd,

Möcüzənə bələnim, uyum, oyanım, Şuşam,

Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

Təqdim etdi: Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN