(Zaur Ustac yaradıcılığına bir nəzər)

Hərə dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik missiyasını yerinə yetirmək üçün qələmdən yapışmalı olub və ilk şeirlərindən anadan  şair doğulduğunu təsdiqləyib.

Zaur poeziyasının işığında görürsən ki, qələm ona, o da qələmə yaraşır. Qələmlə ülfət bağlayan şair ürəyindən gəlməyən bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət bağladığı qələminə xəyanət etməyib, etməyir və etməyəcək də...

Şairin “Sevgi dolu şeirlər” kitabını (2024) böyük maraqla, həvəslə, həm də həyəcanla oxudum. Ürəyim ağappaq işıq selinə büründü, duyğularım təzələndi və ruhumu qidalandıran şeirlər Zaurun söz dünyasının təmizliyindən, saflığından, halallığından xəbər verməklə yanaşı, həm də şairin vətənə, torpağa, yurd yerinə... böyük sevgisinin göstəricisidir.

Zaurun təkcə “Ağ çiçəyim” şeirilə  onun vətən  sevgisini, yurdun hər  gülünü, çiçəyini  necə əzizlədiyini, onlara müqəddəs bir varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən ki, “Xoş gördük, günaydın, ay Ağ çiçəyim!” – deyən şairin ürəyindən süzülən səmimi, kövrək misralar ruhumuzu sığallayır və o, gözəl bir təbiət mənzərəsini Ağ çiçəyin timsalında rəssam kimi çəkərək gözlərimiz önündə canlandırır. Sözlə Ağ çiçəyin şəklini çəkən, çiçəyi insaniləşdirib onunla söhbət edən şair inandırıcı, təsiredici misraları inci kimi ard-arda düzərək həm gözümüzü, həm də könlümüzü oxşayır.

Dümağsan, qar sənin yanında qara,

Tanrım rüsxət verib, baxmayıb qara.

Bu qarlı qış hara, tər çiçək hara?

Xoş gördük, günaydın, ay Ağ çiçəyim!

Zaurun hər şeiri onun həm yaradıcılığını, həm məramını, məsləkini səciyyələndirir, həm də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos xatirinə yazılmayıb, hər misra onun iç dünyasından qopub gələn ən kövrək, ən həzin, ən səmimi hisslərdir, duyğulardır. Duyğularını, hisslərini, fikir və düşüncələrini şeirlərinə hopduran, hər “sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabını çəkinmədən, cəsarətlə ədəbi hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam. Çünki ədəbiyyatın ədəbi  tarixinə yazıla biləcək bu misraları onun kimi yazan olarmı? “Yelləncək” şeirində oxuyuruq:

Çiçəklər ruhumun yelləncəyidir,

Ruhumu asmışam nar çiçəyindən.

Arzular dünyamın gələcəyidir,

Arzumu tutmuşam bar çiçəyindən.

Bu poetik misraları oxuyandan sonra düşündüm ki, Zaurun özü də işıqdır, sözü də. Onun sözünün işığında ziyarətgaha doğru üz tutub getmək olar. Çünki şair sözünün işığında mənən saflaşırsan, ruhən təmizlənirsən, imam övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna.

Bu misraların işığında müqəddəs yerlərə ziyarətə necə getməyə bilərsən? Və həm də ziyarətə Qarabağ atının belində getmək necə də gözəl olardı!

Anası Günəşdi, atası Aydı,

“Qıratdı”, “Düratdı” Qarabağ atı!

Tanrı ərməğanı, butadı, paydı,

Baratdı, muraddı, Qarabağ atı!

“Sevgi dolu şeirlər”də idrak və təsvir üslubu təzə, orijinaldır, həyati, dünyəvidir, təbii və ülvidir. Təbii və ülvi olduğuna görə də şeirləri ürəyə yatımlıdır, könül rahatlığı gətirəndir, oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara yaxşılıq etməyə, savab işlər görməyə səsləyəndir. Bu şeirlərə hopmuş hissləri, duyğuları canlı səs kimi eşitmək olur, çünki şair havada uçuşan səsləri “tutub”  şeirə gətirərək oxuculara təqdim edir. Oxucular da bu şeirlərdə  öz hisslərini, duyğularını, fikir və düşüncələrini hiss edir, ürək döyüntülərini, qəlb çırpıntılarını  duyur. Şairin ürək döyüntülərilə oxucuların ürək döyüntüləri üst-üstə düşür ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.

“Sevgi dolu şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında lirik duyğular şairidir,  fikir və düşüncə şairidir. Onun şeirlərində fəlsəfi fikirlər özünü qabarıq şəkildə göstərir, eləcə də onun şeirlərində yalan və uydurma bir misraya, misralarında “laxlayan”, yerində olmayan bir sözə, bayağı, cılız hisslərə,  saxta, boğazdan yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində ümid  işığı var, bu günə, gələcəyə inam dolu ovqat var, mübarizəyə çağırış var, namərdlərə, şeytan adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o, şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam” deyən şair ancaq düzü-düz, əyrini – əyri yaza bilər, qələmilə vətənə, millətə, Azərbaycan ədəbiyyatına xidmət edə bilər.

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam.

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam.

Onu da deməyi özümə borc bilirəm ki, şairin şeirlərinin “dili” təbii və sadədir. Təbii və sadə olduğu qədər də xəlqidir. Onun şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik duyğularından, yurd yerinə sevgisindən xəbər verir:

Gəzdim qarış-qarış doğma torpağı,

Hər dağda, dərədə  izim var mənim.

Hələ keçilməmiş uca dağların,

Uca zirvəsində gözüm var mənim.

("Gəzdim")

“Sevgi dolu şeirlər”in işığında sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim önündə “Yazıçı” nəşriyyatında ötən əsrin 70-ci illərində çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım, görünür, rastıma çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə oxudum. Heyrətdən əllərim üzümdə qaldı. Bu sonetlərin sehrinə düşdüm,  cazibə qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm. Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər bir şeiri Zaur dünyasının böyüklüyündən, Zaur yaradıcılığının zənginliyindən, novatorluğundan xəbər verir.

“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz  tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Vaqif İSAQOĞLU

AYB və AJB üzvü

vaqif-c

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN