Tanınmış şair Qəşəm Nəcəfzadə neçə gün əvvəl Maştağa Narkoloji Dispanserə salınmış oğlu, gənc yazıçı Kəramət Böyükçölə ürək yanğısı ilə daha bir şeir həsr edib...
Mən daha şəkiləm, şəklimə bax get...
(Kəramət Böyükçölə)
Hönkürdüm gecənin qaranlığına,
Səssiz otağıma baxıb ağladım.
Çıxıb pəncərəmə bir qara pişik,
İti caynağına baxıb ağladım.
Getdi ağlım, huşum sənin adında,
Zəhər gizlənibmış şirin dadında.
Köhnə ayaqqabın durur qapımda,
Qırılmış bağına baxıb ağladım.
O toy şəkillərin çırılıb qalıb,
Divar quzulayıb yarılıb qalıb,
Barışın beşiyi qırılıb qalıb,
Bumubuz otağına baxıb ağladım.
Saçın tökülərdi gözünün üstə,
Söz demək olmadı, sözünün üstə.
Qapının ağzında, güzgünün üstə,
Qalan darağına baxıb ağladım.
Gecənin soyuğu yudu tərimi,
Böldü hecalara kəlmələrimi.
Təcili yardımın nömrələrini,
Yığan barmağıma baxıb ağladım.
Sən balam deyilsən, yığışıb çıx get,
Şeirimi oxusan, gözünü sıx get.
Mən daha şəkliləm, şəklimə bax get.
Soluma, sağıma baxıb ağladım.
Bilmə ki, mən sənə soyuğam, yadam,
Atasın bu qədər incitməz adam,
Məni öz yanına çağırdı atam,
Çevrilib arxaya baxıb ağladım.
Təqdim etdi: A.Məmmədli