Əqidəsizlərin miskinliyi...  (publisistik düşüncələr) 

 Akif ƏLİ,

Fəlsəfə doktoru,

Əməkdar jurnalist,

yazıçı-publisist

“Xalq Qəzeti”nin bölgə müxbiri hörmətli Hamlet Qasımov bu günlərdə sosial şəbəkələrdə ictimai əhəmiyyətli mühüm bir məsələyə toxunub. Vaxtilə dövlət qulluğunda çalışmış təcrübəli qələm dostumuz “Ehtiyatlı  olun!” başlıqlı yazısında göstərir ki: “Gəncəbasarda müqəddəs Şəhid adından istifadə edərək, xüsusi geyim forması tikdirmiş, sinələrinə iri hərflərlə "PRESS" sözləri yazılmış və ya sadəcə mülki formada "Şəhid anasını danışdırmışam, Şəhid atasının səsini yazmışam..." deyib icra hakimiyyətlərini, onların yerlərdəki nümayəndələrini şantaj edən xüsusi "müxbirlər" peyda olub.” Belələrindən birinə   təsadüfən “obyektdə iş başında” rast gələn Hamlet müəllim daha sonra yazır: “...Şəklini çəkdiyimi görüb əl-qol açdı, "məni niyə çəkirsən" dedi və sonra da yoxa çıxdı. Cibindən 5-6 saytın vəsiqəsini, ezamiyyə vərəqələrini açıb tökmüşdü icra nümayəndəsinin stolunun üstünə.” Yazı bu sözlərlə yekunlaşır: “Bəzi Şəhid ailələrinə isə deyirəm. Belələrini yaxına buraxmayın. Onların məqsədi sizə kömək eləmək deyil, sizdən, Müqəddəs Şəhidlk zirvəsinə yüksəlmiş övladınızın adından öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ən böyük dayağınız Dövlətimizdir və Şəhid ailələrinə münasibəti də göz qabağındadır...”

Hər bir vicdanlı vətəndaş ağır müharibədə düşmənin başını əzib tarixi qələbə çalan ölkəmizdə belə miskinlikləri görmək istəməz. Bunlar Qalib Xalqın adına yaraşmayan əməllərdir. Adətən  ictimaiyyətin yolgöstərəni, demokratiyanın əsas atributu sayılan mediamızın əvvəlki bazar meydanına qayıtması  yolverilməzdir.  

Məsələ adi görünsə də, çox aktual və ciddidir. Baş qaldırıb cücərən saxtakar “Press” gəzəyənlərinin ifşası ona görə vacibdir ki, müxtəlif idarə və təşkilatları dolaşıb işə mane olan əqidəsizlərin ayağı və sorağı nəhayət, bu məmləkətdən kəsilməlidir. Müasir dövrdə dünyanın heç bir inkişaf etmiş ölkəsində "Jurnalist" adı altında idarələrin qapısını döyüb pul diləyənlər yoxdur. Halbuki çox ölkələr hər barədə zəngin dövlət olan Azərbaycanın inkişafına həsəd aparır. Xüsusən, 44 günlük Vətən Müharibəsində Xalqımızın göstərdiyi iradə, əzm, əqidə kimi mənəvi keyfiyyətlər ən inkişaf etmiş ölkələrdə belə heyranlıqla izləndi. Tarixi Qələbə qazanan Xalqımız dünyaya vətənsevərlik, qəhrəmanlıq, namus, qeyrət nümunəsi göstərdi.

Ali Baş Komandanın sıx həmrəyliyə nail olaraq, ölkəni bir yumruq kimi birləşdirib düşməni darmadağın etdiyi o şərəfli günlərdən cəmi bir il keçib. Amma şanlı Zəfərimizə heç layiq olmayan bəzi  prosesləri müşahidə etmək təəssüf doğurur. Müxtəlif qütblərin maraqlarına xidmət edən, dini, ya etnik zəmində ara qarışdırmağa çalışan, gənc nəsli narkotik maddələrlə zəhərləmək yolu tutan işbazlar, Qələbəyə kölgə salmaq istəyən, Azərbaycanın dostlarını tənqid edib düşmənlərini ideallaşdıran, hətta az qala mənfur erməniyə qahmar çıxan çeşidli əqidəsizlər cücərib fəallaşır... Bu “fəallar” cərgəsində cılız olsalar da, müqəddəs mətbuat adına ləkə olan saxtakar “Press” nüsxələri də eyni aktivliklə iş başına qayıdır. Döydükləri idarə və təşkilatların qapısında yalvar-yaxarla hətta "günorta yeməyi", "benzin pulu" üçün "heç olmasa 5 manat verin" deyənlər olur. Jurnalist peşəsi üçün nə qədər ayıb!

Amma bu, hələ dərdin yarısıdır. Dərdin hamısı odur ki, belələrini dövlət idarələrində qapıdan qovanda, Bakıya gəlib özləri kimi dələduzların işlətdiyi reket saytlarda pul verməyən həmin vicdanlı, düzgün əqidəli işçilərə qarşı şantaj kompaniyası aparır, barələrində yalan, böhtan, şər dolu yazılar dərc etdirirlər. Amma “5 manatını” alıb əlini öpdüyü kimsələr “haqqını ödəyib” canını qurtarmış sayılır...

Son bir ildə rastımıza çıxan bir neçə reket saytlarda müşahidə etdiyimiz iş mexanizmi oxşardır: məsələni “şişirtmək” üçün eyni savadsız, məntiqsiz, mənasız qarayaxma mətnini nöqtəsinə-vergülünə toxunmadan dalbadal bir neçə reket saytlarda yayılır. Hamısı da ən çox  istifadə olunan  “Redaksiyamıza daxil olan məlumata görə...” kodu altında. Onlara deyən gərək ki, axı, sizin “redaksiyanı” özünüzdən başqa kim tanıyır ki, hələ bir məlumat da göndərələr?! Demək, mənbə şübhəlidir, bəlkə də yazını sifariş verən elə həmin qara yaxılan kadrın özünün iş yoldaşıdır, çalışdığı idarənin daxilindən ötürülən informasiyadır. Əsasən Dövlətə və Prezidentə sadiq olan, işlədiyi idarənin təəssübünü çəkən, çirkaba əli bulaşmayan gənc perspektivli kadrlar daha çox paxıllıq, intriqa səbəbindən hədəfə gətirilirlər. Hətta öz ağıllarınca, guya ləkələmək istədikləri kadrı daha şiddətli “cəzaya” məruz qoymaq üçün onun adı ilə yanaşı, heç dəxli olmadığı halda idarənin, nazirliyin, komitənin, ya şirkətin rəhbərinin də adını hallandırır, onu qəzəbləndirib istədiklərinə nail olmaq üçün “işin içinə” qatırlar. Donosbazlığın bu qədər miskinliyi əsil “37-ci il” markasıdır! Fərq ondadır ki, indi daha bu “priyomlar” çox işləmir...

Təbii, ağıllı idarə rəhbəri hər deyilənə, yazılana kor-koranə inanmaz. Özü adi məntiqi təhlillə, elementar araşdırma ilə həqiqəti üzə çıxara bilir. Bununla da işçinin haqsızlıqla üz-üzə qalmasının, şübhəli niyyətlərlə ləkələnməsinin qarşısını alır. Obyektivliyi qorumaqla yanaşı, düzgün idarəçilik metodu olaraq vəziyyətdən optimal çıxış yolu tapır. Donosbazın ağlı ilə insanların taleyi həll edilməz! Kadrlara bu cür həssas yanaşma hər cəhətdən, əsasən də dövlətçilik baxımından doğru və səmərəlidir. Çünki bir aparat məmurunun yetişməsinə, təcrübə toplamasına, hər dövlət qulluqçusunun formalaşmasına illər sərf olunur.

Hər halda, deyir, milçək bir şey deyil, amma ürək bulandırır...

Məlumdur ki, vaxtilə rəsmi strukturlarda mediadan öz qərəzli “siyasi oyunları” üçün istifadə edən məkrli kəslər olub. Və onlara qarşı ən yuxarı səviyyədə müvafiq tədbirlər görülüb. Bəs son vaxtlar yenə də ictimaiyyət arasında bəzi KİV-lərin səviyyəsiz mövzulara qayıtması nədən xəbər verir? Niyə yenə də tamaşaçı zövqünü oxşamayan, gərəksiz çıxışlar, şit verilişlər efirə ayaq açır? Yalnız gəlir götürmək  naminə yaradılan saxta saytlarda yenə “qara piar” üslublu yalan, böhtan, şantaj materialları görünür. Hətta millətin qəhrəmanları olan şəhid ailələrini belə öz çirkin əməllərinə qatmağa səy göstərənlər ortalıqda dolaşır...

Peşəkarların ürək ağrısı ilə müşahidə etdiyi kimi, mediamız son illərdə itirilən klassik nüfuzunu hələ tam qaytara bilmir. Buna mane olan isə məhz həmin sözügedən dələduzluq hallarının aradan qalxmamasıdır. Dünyanın ən gözəl peşələrindən olan Jurnalistika bir ara hörmətini, nüfuzunu o dərəcədə  itirdi ki, hər həvəskar özünə “jurnalist” deyib, Gəncəbasarda “iş başında” yaxalanan reket “müxbir” kimi, cibində 5-6 saxta saytın, qəzetin vəsiqəsini gəzdirməyə başladı. Jurnalistika bu qədərmi ucuzlaşdı?! Niyə özlərini “Akademik”, “Hakim”, “Prokuror”, “Polis”,  “DTX zabiti”, “Dövlət qulluqçusu”... kimi qələmə verib reketlik edənlər yoxdur, amma “Jurnalist” titulundan istifadə edənlər dəstə-dəstədir? Düzdür, hərdən o sahələrdə də “istedadını” göstərmək istəyən bir-iki dələduz tapılır. Amma onlar dərhal aşkar edilib zərərsizləşdirilir, layiq olduqları yerdə oturdulur və məsələ birdəfəlik bitir. Reketir “müxbirlər”, əldəqayırma “jurnalistlər” isə hətta “iş başında” tutulsa və ifşa olunsa da, yenə əllərini-qollarını sallayıb o biri “obyektə” gedirlər...

Səbəbi bilirsinizmi nədir? Səbəbi odur ki, dediyimiz hüquq-mühafizə orqanlarına, inzibati idarələrə bazarda kulyok satmaqdan, ya qapan dalında durmaqdan bezən kimsələr gedib işə girə bilməzlər. Oralarda nizam-intizam, qayda-qanun sırf peşəkarlıq qradasiyaları üzrədir. Amma mətbuat sahəsinə ötənlərdə məhz mətbuat işini  bilməyən diletantların kütləvi axını baş verdi. Hətta acgöz, görməmiş, pulgir adamların əsil reket qaydaları ilə yönəltdiyi media aləmində bəzən peşəkarlar da “reket” damğası ilə dışlanır, diletantlar içəri doldurulurdu... İntriqan adamların ələ keçirdiyi qəzetlərdə, tele-efirlərdə sifarişli yalanlar, şantaj, saxtakarlıq artır və artdıqca mətbuatı gözdən, nüfuzdan salırdı. Ekran-efir mədəniyyətindən xəbərsiz, provinsial düşüncəli plebeylər şit və zövqsüz şoulardan başqa nə hazırlayacaqdılar ki?! Həqiqət sözünü deyib xalqı məlumatlandırmaq, auditoriyanı maarifləndirmək, cəmiyyətdə mədəni inkişafa rəvac vermək, elm, bilik aşılamaq, cilalı tamaşaçı, oxucu zövqü formalaşdırmaq onların qafasınca deyildi əlbəttə! Təbii ki, yaradıcı sənətə xas mizan-tərəzi satış tərəzisi ilə əvəzləndikdə adekvat olaraq yalan, böhtan, şantaj, hədə, şər atma, aldatma, qarayaxma metodları da  meydana çıxar.

Nəticədə nə oldu? Həmişəki kimi – dünyanın qədim bumeranq qanunu işə düşdü, başqalarına atılan zopalar qayıdıb öz təpələrinə dəydi. Və məsələ o dərəcədə rüsvayçı yöndəm aldı ki, kriminal xarakterli mətbu məsələlərə hüquqi qiymət vermək zərurəti yarandı. Həqiqətin üzə çıxması üçün Prezident iradəsini ortaya qoydu, Prokurorluq işə qarışdı, Polis axtarışlar və həbslər apardı, Məhkəmə araşdırması başlandı...

Dünyanın ən gözəl peşələrindən biri olan jurnalistikanı Azərbaycana gətirən Həsən Bəy Zərdabinin məzarına hər il şəstlə çiçək düzənlərin tamahı gül açanda Həsən Bəyə də xəyanətdə bulundular! Mətbuat aləminə son 100 ildə olunan pisliklərin ən pisi baş verdi: caydırıcı presedent yarandı! Xalqı elm, bilik, maarif işığı ilə bəhrələndirməli olan mətbuat, incə zövq aşılayan tele-radiolar və hətta qəzet köşkləri də gəlir köşkünə çevrildi. Müqəddəs mətbuatın yolu azdırıldı...     

 Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?

 Ruhun şad olsun, böyük M.Ə.Sabir!

Bax, bu gün rayon-rayon gəzib “5 manat diləyən” miskin “müxbirlər”, bir əlində beş sayt tutan naşı “baş redaktorlar”, nəinki ali məktəb diplomu, hətta orta məktəb attestatı ala bilməyən savadsız “jurnalistlər” həmin “bazar presedentinin” yaratdığı toplumdur. Mətbuata daraşan öyrəncəli toplum.  

Bu məqamda DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin mətbuatda, sosial şəbəkələrdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı, əldə olunması və daşınması ilə əlaqədar görülən tədbirlər haqqında yaydığı informasiyaları xatırlatmaq yerinə düşərdi. Əhalini zəhərləyən bu çirkabın təmizlənməsi prosesi nə qədər çətin, ağrılı getsə də, polis orqanları heç bir güzəşt olmadan xalqı bu ölümcül bəladan xilas etməkdə qərarlıdır. Sanki mediamıza da eynən buna bənzər "narkotik" aludəçiləri daraşıb. Vərdişdən əl çəkə bilmirlər. Sayları o qədər çox olmasa da, bunlar da anlaqsız şəkildə pak və təmiz media mühitini çirkləndirənlərdir. Cəmiyyətdəki narko-tacirləri polis təmizləyir. Bəs mediada təmizlik işlərini kim aparacaq?!    

Burda diqqəti bir daha hörmətli Prezident İlham Əliyevin mövqeyinə yönəltməyi vacib sayırıq.  Missiyası xırdaçılıqdan uzaq ali kateqoriyalar məkanı olan mətbuat ən xırda intriqaların, cılız “razborkaların”, aşağılıq mövzuların, şər-böhtan, qarayaxma oyunlarının meydanına çevriləndə, pisliklərin medianı şəxsi haqq-hesab çəkmək, intriqa yaratmaq, kimisə  gözdən salmaq aləti kimi istifadə ediləndə Prezident kəskin mövqeyini açıqlamışdı: “…Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir… bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı işlərin üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.”

Məlumdur ki, dövlət strukturlarında həyatın və cəmiyyətin bütün sahələri, o cümlədən, siyasi-ideoloji, mədəni-mənəvi iş sferası olan mətbuatla, kütləvi informasiya vasitələri ilə işləmək üçün lazımi hüquq və səlahiyyətlər verilmiş çeşidli qurumlar, təşkilatlar, aidiyyatı şöbələr, vəzifələr mövcuddur. Məhz bu vəzifə səlahiyyətlərinin icrasına görə vergi ödəyicilərinin sayəsində dövlətdən yüksək maaş alanlar – həmin vergi ödəyicisi olan namuslu vətəndaşların qorunması, mətbuat vasitəsilə şantaj edilməməsi, mübarizə növü kimi nahaqdan ləkələnməməsi üçün sorumludurlar. Axı, cənab Prezidentin açıq və aydın mövqeyini hər dəfə təkrarlamasına nə ehtiyac?!

Bu dözülməz vəziyyətin aradan qaldırılmasında əlbəttə, ictimai qurum və təşkilatlar da aidiyyatı dövlət qurumlarının yanında olmalıdır. Azərbaycan Prezidenti bu barədə də mövqeyini açıq bildirib, çıxışlarında vətəndaşları ictimai fəal olmağa çağırıb. “İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var”, – deyən Prezident əhalinin PA-na göndərdiyi məlumatları əvvəllər bəzilərinin gizlətdiyini, kimdən şikayət edirdilərsə, məktubların ona göndərildiyini vurğulayıb, buna son qoyulduğunu qətiyyətlə bildirib: “Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı.”

Dövlət başçısının bu çağırışlarından sonra həm rəsmi, həm ictimai qurum nümayəndələri cəmiyyətin sağlamlaşdırılması üçün haqsızlıqlara və çatışmazlıqlara qarşı, araqarışdıranlara və xalqın  qələbəsinə inamsızlıq yaradanlara qarşı, şəhid ailələri hesabına varlanmağa çalışanlara və eləcə də namuslu adamları hədəfə alan saxtakar qərəzli saytlara, reket “müxbirlərə” qarşı mübarizədə əlbir olmalıdırlar. Yüksək əqidəli Qalib Xalqa yaraşmayan miskinliklərin ifşası və ortalıqdan yığışdırlması günün tələbidir.

Biz axı bir yumruq kimi birləşəndə hətta qarı düşməni də iti qovan kimi qova bilirik!  

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN