44 günlük Qarabağ savaşındakı möhtəşəm Qələbəmizin ildönümü münasibətilə igid əsgərlərimizlə yanaşı, ziyalılarımız da öz töhfələrini vermək əzmini əsla gizlətmədilər. Hamı təmsil etdikləri sahələrin imkanları daxilində özünü ifadə etməyə çalışdı: rəssamlar çəkdikləri tablolar, müğənnilər kliplər, yazıçı və şairlər yazdıqları əsərlər, ssenaristlər isə ekrana ötürdükləri sənədli və bədii filmlər vasitəsilə...

Təbii ki, qısa zaman kəsiyində sanballı əsərlərin ortaya çıxması əsla gözlənilən deyildi. Bu səbəbdən də “tezbazar” yazılan poetik mətnlər, çiy ssenaridən “törənən” filmlər və poetik “nümunələr” və səviyyəsiz kliplər ekran-efir məkanına ayaq açmış oldu.

Lakin bütün bunlar əsla pessimizmə əsas vermir. Çünki sadalanan “nümunələr”lə yanaşı, yaradıcı ziyalıların “ürək və yaşantılar” laboratoriyasından çıxmış, tər və əzab içində yazılmış əsərlər var ki, onları fəxarətlə Azərbaycan “Qarabağnaməsi”nə daxil etmək olar və lazımdır da.

Şair Qiymət Məhərrəmlinin “Gəl gedək Qarabağa…” poetik toplusu məhz belə əsərlərdəndir. Qələbəyə aparan 30 ilin göynərtili həsrəti, müəllifin əminliyi və sarsılmaz inamı kitabın sanbalına sanbal qatır, oxucuları özünə cəlb edir.

Şairin vətəndaş mövqeyi, mövzuya özünəməxsus baxışı sözügedən poetik topluya xüsusi əzəmət verir. Hər şeir, hər misra “Dəmir yumruğ”a çevrilərək bizə sarı gələn hər bir namərd düşmənin başını əzmək gücündədir – bu da Qiymət xanımın sərrast güllə kimi açılan deyim və ifadələrin gücündən irəli gəlir.

Hər bir poetik nümunənin altındakı yazılma tarixinin fərqinə varmasaq, onların əbədi təzə-tərliyinin şahidi olarıq.

“O – bədəndi, o – ruh, can,

O – şərəfdi, şöhrət, şan.

Qarabağ – Azərbaycan!

Gəl gedək Qarabağa!”

“Gəl gedək Qarabağa” şeiri 2020-ci ildə yazılsa belə, ondan çox-çox əvvəl yazılan digər əsərlərində müəllif nikbinliyini gizlətmir, haçansa tapdaqda olan torpaqların öz halal sahiblərinə qaytarılmasına əmindir. “O yurd səni gözləyir” əsərində müəllif hələ 2002-ci ildə

“Bəsdi bunca köz basıldı yarana,

Dağlar baxıb qan-yaş tökür arana;

Qayıtmaqçın əl basmışdın Qurana, –

Torpağa dön, yurda qayıt, eloğlu!”

- yazmaqla millətimizi qələbə ruhlu xoş ovqata kökləyir, uğura əminliyini digər şeirlərində də bəyan edir. Qiymət xanımın “Sən demə...”, “Sübut eylə”, “Vətən, yaralı Vətən...”, “Özümüzə qayıdaq”, “Qalx ki...” kimi ümid ovqatlı əsərlərində müəllif gec-tez qələbənin bizim olduğunu inamla bəyan edir – tarixi fakta çevirilmiş 44 günlük qələbəmizə sevinərək “Gəl gedək Qarabağa…” kimi müsbət ovqatlı kitabı həmvətənlərinə ərməğan edir.

Dönə-dönə qürur hissi ilə vurğulayıram ki, Azərbaycan “Qarabağnamə”sinə daxil olunacaq bu poetik toplu illər keçsə də, öz aktuallığını itirməyəcək, şəhirlərimizin axıdılan qanına güzgü tutacaq – gənc nəsli vətənpərvərlik ruhunda böyüdəcək, onları Turançılıq ideyası ətrafınfa birləşdirəcək.

Giya Paçxataşvili,

Rusiya, Gürcüstan və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, şair-tərcüməçi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN