Ənvər Əhmədin emosional dünyası poetik yaradıcılığında parlaq şəkildə əksini tapır. Cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə dözümsüzlüyü, Vətən sevgisi şeirlərinin poetikasını, fəlsəfi fakturasını müəyyənləşdirir
“Hörmətli Asif Mərzili! Bu ədəbi oçerki yeni nəşr ediləcək “Ədəbiyyat tarixi” üçün yazmışam. Hələ ki, heç bir yerdə dərc edilməyibdir. Ənvər Əhmədin haqq dünyasına qovuşduğu hamımızı kədərləndirdi. Təsəlli üçün bu ədəbi oçerki (həcmi böyük olsa da..) dərc etməyinizi, xahiş edirəm! Hörmətlə: Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.
17.02 2022”.
“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər....
Səməd Vurğun
(Əvvəli ötən sayda)
Xalq yazıçısı Anar Rzayev: “Ənvər Əhməd el qeyrətli ziyalıdır. Ənvər ictimai-siyasi hadisələrə həmişə emosional tənqidi münasibətdə olur. Ruhunun-ictimai fəallığı şeirlərinə də hopur. El şairlərinə xas olan ictimai siyasi motivlər onun poetik lüğətini müəyyənləşdirir. Ənvər Əhməd şəhər infrastrukturuna, çoxmərtəbəli evin qapalı məkanına alışsa da, elat - tərəkəmə koloritini, kənd insanının saflığını qətiyyən itirməyib. Türk keçmişinə sevgi etnik mədəniyyətimizlə qürur hissi onun yazı üslubunu və mövzusunu şərtləndirir.
Ənvər Əhmədin emosional dünyası poetik yaradıcılığında parlaq şəkildə əksini tapır. Cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə dözümsüzlüyü, Vətən sevgisi şeirlərinin poetikasını, fəlsəfi fakturasını müəyyənləşdirir. Onun sevgi şeirlərində də, mən deyərdim ki, bir kişi səmimiyyəti var. Əksər poeziya nümunələrində kişi dəyərlərindən söz açır. Praqmatikliyindən, hadisələri real qiymətləndirmək baxımından fərqlənir… O həyatda, davranışında şairdir və dəyərli poetic məharətə sahibdir. Ənvər Əhməd mənim düşüncəmdə bütöv Azərbaycana yaraşan bir ziyalıdır. Onun yazılarında təfəkkür və dil arasında məsafə qısa və lakonikdir. Yəni, onun istəyində bədii mətn yorucu olmamalı, fikir və ifadə qısa, yığcam olmalıdır. “
Xalq şairi, filologiya elmlər doktoru Xəlil Rza Ulutürkün fikri ümumən bu münasibətin bariz nümunəsidir: “Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir”.
Ənvər Əhmədin özünün dediyindən: “Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Ergi düzündə doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla “tərəkəmə balası” deyə müraciət edirlər”.
Ənvər Əhməd bir tərəkəmə balası kimi daxilən azaddır, sərbəstdir, yovşan ətrli şeirlər müəllifidir, poeziya çəhlimlərdə səllimidir...
***
Professor, filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli: “Azərbaycan ədəbiyyatında tərəkəmə həyatına, onların adət-ənənələri, məişətinə dair yazılan əsərlərin sayı o qədər də çox deyil. Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş qədim türkdilli tayfalar olan tərəkəmələr- oğuz türkləri əsasən Azərbaycanın Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində icma halında yaşamışlar və indi də bu proses davam edir. Onların əsas məşğuliyyət sahəsi maldarlıq və əkinçilikdir. “Tərəkəmə” xalq rəqsini tərəkəmələrin yaratdığına qətiyyən şübhə eləmirik. Amma mən “tərəkəmə” deyəndə bütün bu etnoqrafik detallardan daha çox çölçülüyə, azad quşların, ağacların, çayların, göllərin dünyasına qovuşan, doğulduğu gündən ölənəcən daxilən azad olan insanları düşünürəm. Çomaq götürüb, çarıq geyib, dağda-aranda qoyun-quzu otaran, sapand atan, at çapan, süd sağan, suluq tutan, bulama bişirən tərəkəmələr-köçəri həyat tərzi keçirən bu azad insanların içindən Xudu Məmmədov kimi dünya şöhrətli bir alim yetişdi. Elə “Tərəkəmə” poemasının qələmə alınması da onun təkidilə olub: “Ənvər, sən xalis tərəkəməsən. Çobanlıq həyatını yaxşı bilirsən. Onların həyatından, xalqımızın ulu adət və ənənələrindən, ümumən köçərilik həyatından bir etnoqrafik poema yazsan, pis olmaz”.
***
“Tərəkəmə” poeması eyni oyun havasının ritmi ilə başlanır (mənə belə gəlir). Sözlərin təkrarı və səslərin alliterasiyası üzərində qurulan “giriş” hissəsində biz tərəkəmə həyatının romantikasını seyr edirik.” “Tərəkəmə” poeması sırf tarixi-etnoqrafik poemadır, böyük bir elatın tarixi və müasir həyatıdır... Onun bir sıra qəhrəmanlarının da müəllifin müasiri olmasını təsadüfi hesab etmək mümkün deyildir. Bunlardan, çoban Xanlar, Həsən, Kal Bayram, Xanım, Şərəf, Sarı Kərim, Zaman oğlu Mustafa, Hacı İbiş, çoban Paşa, Mir Ələkbər, Hör-nör Şəmil, Bığ Əkbər, Dönməz Əliş, Nər Vəli, Xanım, nazlı Şəhla, Sona xala, Gülüsüm bibi, Əhməd baba, Şərəf bacı, Uruz əmi, Musa kişi, çoban Boran, Murgüz Alı, Ter Əhməd, Dızıq Qara və başqaları bu sıradandır. Demək olar ki, hər biri epizodik səciyyə daşıyan bu adamlar poemaya təbii bir kolorit gətirir, adların, ayamaların özü çox mətləbdən və elat mədəniyyətinin incəliyindən xəbər verir. Bir sözlə, Ənvər Əhməd poemada tərəkəmə həyatının romantik dünyasını özünəməxsus tərzdə, parlaq, tipik çalarları ilə, “Söz közündə, odunda əriyə-əriyə” təqdim edir.
Dağ suyu tək duru idi qanımız,
Buz salı tək möhkəm idi canımız,
Nağıl idi ötüşən hər anımız,
Gün doğmamış yağlı yaxmac yeyərdik,
Nənəmizə “sağ ol, sağ ol” deyərdik.
Qulun salan at çullanar, bağlanar,
Yalmanlanan atın şişi dağl
anar,
Qotur dəvə gühənindən yağlanar,
Cidov öküz soncuqlayar, getməzdi,
Alıq aşar, mənzil başa yetməzdi.
Misal gətirdiyimiz bu iki bəndin tekstoloji tərkibində istifadə edilən sözlər, ifadələr, poetik sintaksis tərəkəmə elatının məişətini doğru-düzgün, bütün koloriti ilə əks etdirir ki, bu cəhəti bütün poema boyu müşahidə etmək mümkündür... Bunlar əslində milli-etnoqrafik dəyəri olan urvatlı sözlərdir... Bu poemada mövzuya, bədii sözə, hissə, fikrə zərgər dəqiqliyi ilə məhəbbət və hörmət var, sözü hörmətə mindirmək var... Burada şairlik təcrübəsi və yüksək sənətkarlıq texnikası da var... Mətndə qürur qarışıq bir nisgil var ki, elatın bir çox ənənələri öləziməkdədir, adı çəkilən yurd, yaylaq yerləri indi düşmən işğalındadır və o dağlar, qayalar, bulaqlar da, bizim özümüz də bir-birimizin nisgilini çəkirik... “Dağ günləri elin ən xoş günüydü, Hər səs-səda çobanların ünüydü...” misraları bu günün faciəsini alt qatda nümaiş etdirir. İndi bizim, Qarabağ elatlarının “xoş gününü”, “səs-sədasını, ününü”, dağlarını - yaylaqlarını əlindən alıblar... Məkan olmayanda, sənin təsvir etdiyin həyat da olmur...
Əlbəttə, “Tərəkəmə” poeması, tarixi-etnoqrafik gerçəklikləri əks etdirən tərəkəmələrin tarixi həyat tərzi və məişətini maraqlı, həyati detallarla təqdim edən poetik təəssüratlar silsiləsi kimi olduqca maraqlıdır. Poetik ricətlər, emosional təsvirlər, lirik təhkiyyənin səmimiyyəti və orjinallığı, şairin görüb müşahidə etdiyi hadisələr, tərəkəmə həyatının az qala bütün etnoqrafik detalları ilə təsviri o qədər real, təbii və inandırıcıdır ki, burada tarixi-etnoqrafik xronikadan daha artıq, ruhu oxşayan məlumat əldə edir, əsər boyu Qarabağ tərəkəmələrinin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları bircə-bircə sanki səyahət edirsən, kəhərə süvar olub Haramıdan, Şah təpəsindən, Küdrüdən, Çataldan, Nərgiztəpədən, Ergiqarışandan keçirsən, Qaravəlli, Kələbədin, Sarvanlar, Kəbirli, Eyvazlı, Sarıcalı, Arazbar, Əlnəzərli, Xəsilli, Təhlə, Ovşar, Muğanlı, Qaradolaq, Aşıqlı və digər kənd-oba adları poetik misralara həkk olaraq yaddaşda qalır...
Ənvər Əhmədin “Od götürdük Şəhriyarın sözündən” deyərək ustad Məmmədhüseyn Şəhriyarın “Heydərbaba” poemasının ritmik havasından bəhrələnməsi də, yeni məkan və siferada daha da doğmalaşır, situasiyaların təbiiliyini və şirnliyini qorumağa xidmət edir... Ənvə Əhmədin digər əsərlərində olduğu kimi bu əsər də təzə-təravətli poetik deyimlərə zəngin olan poemadır.
Oxucu müəllifə qoşulub, özü demiş - Çalbayırdan, Murad təpəsindən, Sarıyerdən, Ceyran bulağından, Qırxqızdan, Dəli Dağdan, Çilgəz yaylağından, Qaraarxdan, Qaraxaçdan, Yüzbulaqdan, Əyriqayadan, İşıqlıdan, Uzun yaldan, Ağ qayadan, Mıxtökəndən, Səbətkeçməzdən keçir, Qarabağın tərəkəmə obalarını gəzir, göyəbaxana, vanaya, küzə baxır, göy çəmənə sərələnib gülə-çiçəyə batır, kəklikotu dəmləyib içir, sürüyə sərdən vurur, qalayı gümüş təki parıldayan qavlamanı götürüb sağmal qoyunları ovşarlayır, sərnic-sərnic süd sağır, dələmə tutur, bulama bulayır, suluq bişirir, ağuz sağıb kətəməz yeyir, atlama içir, zoğal çomağı götürüb bəlgə tutaraq zarafat-zarafat çobanlarla “çomaq davasına” çıxır, qıyxırıq qoparır, 24 yan keçədən tikilən muxurularda xalı-gəbə, nişan xurcunu, yun corab, örkən, çatı toxuyan gözəl-göyçək qızların tırınqıyla çaldıqları ilmələrə, vurduqları allı-güllü naxışlara, oxuduqları qədim el mahnılarına heyran kəsilir. “Tərəkəmə” poeması belə başlayır:
“Tərəkəmə çalındı, qanım coşdu, qaynadı,
Qollarını qaldırıb elim,obam oynadı.
“Tərəkəmə” çalındı, igidlər bəlgələndi,
Çomaqlar şaqqıldadı, torpağa od ələndi.
Qırat aşdı gədikdən, od yağırdı nalından,
Bığıburma bir oğul yapışmışdı yalından.
...”Tərəkəmə” çalındı... Babək andım içildi,
Həsrətimin nöqtəsi gözlərimdə kişildi.
Dırnaq-dırnaq oyuldum, külüng-külüng qazıldım,
Qayaların üstünə göz yaşımla yazıldım.
...”Tərəkəmə” çalındı, köç yolu haçalandı,
İlmə-ilmə calandı könlümün Vətən andı.
Qılınc-qılınc doğuldum, qala-qala ucaldım,
Dünya-dünya qocaldım.
Ənvər Əhmədin “Tərəkəmə” poemasının sonluğu fəlsəfi-estetik mənada göstərir ki, xalqın, millətin mahiyyəti saflıqla yoğrulduğundan həmin saflıq və mərdlik əsrlər, eralar ötsə də, getdikcə artır, güclənir, elə bil, illər, əsrlər, eralar geri qayıdır, hər şey yeni keyfiyyətdə, yeni mahiyyətdə spiralvari şəkildə təkrar olunur və insan taleyinin (tərəkəmə elatının) tarixçəsində yenidən canlanır; müəllif, məkan, zaman, qəhrəman, ədəbi əsər anlayışının özü də təzələnir:
Ürək həmin ürək,
Duyğu həmin duyğu,
Yolçu həmin yolçu!
...Minib köhlən atımı,
Çapdım, çapdım, ha çapdım
Harda dayandı,
Orda yurdumu tapdım.
Tapdım, ulu babamın
Ulusu düşdü yada.
Çomağım sancılmamış
Yer yoxumuş dünyada.
Nə gözəl, nə qədər ülvi duyğulardır bunlar. Bunlar “Dədə Qorqud”dan gələn = “oxu at, ox sancılan yerdə, xeyməmi qur” fəlsəfəsindən, dinimizdən gələn “Ağ dəvə xıx edib - diz qatdayıb yatan yerdə peyğımbərə ev tikin!” inancından süzülüb gələn bulaqdır…
Təsvir-təqim olunan hadisələr, etnoqrafik detallar səni ictimai sferaya - mətndən kənara çəkir, içində mətndə olmayan, vaxtilə gördüyün, yaxud görəcəyin hadisələr canlanır, ən müxtəlif düşüncələri, duyğuları oyadır, müqayisə edirsən, yenidən poetik mətnə qayıdır, yenidən onun dərinliyinə dalırsan... Oxucu fəhmindən asılı olaraq (fəhmin intensivliyi) poetik mətni anlamağın yeni strategiyası ortaya gəlir.
Bunlar bir daha tarixi gerçəkliyi canlanıraraq onu göstərir ki, at üstündə doğulan, at üstündə ölən türkün əkmək qazandığı çomağı, həm onun silahı olub, həm onun bayrağı… “Çomağım sancılmamış, Yer yoxumuş dünyada.” - deyiminin, misralarının poetik-tarixi məna yükü də, bundan ibarətdir… “Türk qanlı köynək kimi geyir əyninə yurdu”- misrasının siqləti bayraq rənginə dönmürmü?! Və yaxud, “Dönüb ildırıma, çaxıb, hey çaxıb, Qılınc tariximiz heç vaxt pas atmaz!” - sözünə sonsuz inam və heyranlıq buradan yaranmırmı?!
Beləliklə, əsəri xronoloji qaydada deyil, olduğun məkan və zaman ölçüləri daxilində, keçmiş zamanın donmuş anında anlamaq tələb edilir...
“Qılınc”, “Misri qılınc” mifik-folkloristik obrazları Ənvərin poetik strukturunda müxtəlif məna və mahiyyətdə vaxtaşırı müraciət edilən obrazlardandır… Bəlkə də, bu genetik yaddaşdan - Ənvərin atası müdrik Misir kişinin, Misir Zaloğlunun adından assosiativ güc alır... Misir uşağının - şair Ənvərin, yazıçı Əbülfətin, jurnalist Yusifin xislətində gecələyən tərəkəmə saflıqdan güc alır... Və Ənvər Əhmədin Əfzələddin Xaqani babası demiş, O, “Misri qılıncı Misri qələmə, Misri qələmi Misri qılınca sözün ovxarnda əvəzləşdirə bilir... Cünki əsrlər boyu türk məişət və təfəkküründə Misri qılınc və Misri qələm vəhdəti həmişə olubdur... Ulu Səməd Vurğun elə-belə deməmişdi: “Müsəlləh əsgərəm, mən də bu gündən!” Bu onun həmkarlarına, qələmdaşlarına mesajı idi - Şairlər, Yazıçılar, başqa sözlə, yaradıcı adamlar həmişə vətəninin, xalqının “MÜSƏLLƏH ƏSGƏRİ”dir!!..
“Hardan başlayır vətən?” sual dilemmasının cavabdehləridirlər, əllərində Misri qələm sərhədçidirlər. Ona görə də,onun lirik qəhrəmnının Vətənin bütövlüyünə gedən yolu sərhəd dirəklərinə çatanda yolu kəsilir, yarımçıq qalır, yol da canlı kimi ölür: - “Sərhəd dirəyinə çırpıb başını, Çığıra-çığıra ölərlər yollar.”
(Davamı var)
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas