Bu gün yəhudi xalqının “Pesax” bayramıdır.
Xatırladaq ki, Yəhudi xalqının əsas bayramlarından biri olan “Pesax”ın qeyd edilməsi 15 apreldən - günəş qürub etdikdən sonra başlayacaq.
Deyilənlərə görə, bu bayram yəhudi xalqının Misirdən çıxması ilə bağlıdır. "Pesax bayramı" İsraildə yeddi gün qeyd olunur, digər ölkələrdə isə yəhudilər bu bayramı ənənəvi olaraq səkkiz gün qeyd edirlər.
Qeyd edək ki, dağ yəhudilərinin bayramları nisbətən fərqli adlandırdığı söylənilir. Məsələn: "Pesax - Nisonu", "Purim - Qomonu" , "Şavuat - Asal ta" , "Roş ha-Şana - Aravo" adlandırırlar. Bu bayramlar içərisində "Pesax" və "Purim" daha böyük nüfuza sahibdir. Bayramların hər birində müxtəlif ayinlərə həyata keçirilir.
Məlumatlara görə, "Pesax bayramı" Musa peyğəmbərin adı ilə bağlıdır. Belə ki, müqəddəs Tuva vadisində (bəzi mənbələrdə Tur dağı söylənilir) Allah və Musa peyğəmbərin söhbəti baş tutmuşdur. Allah Musaya buyurdu: "Ey Musa, mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Sənə vəhy etdiyimə qulaq as. Şübhəsiz, mən Allaham, məndən başqa Tanrı yoxdur. Mənə ibadət et və məni anlamaq üçün namaz qıl! Qardaşın Harun ilə birgə Fironun yanına get və ondan Allahın adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə".
Musa müqəddəs Tuva vadisindən geri döndükdən sonra qardaşı ilə birgə Fironun yanına gedir və Allahın ona dediklərini edir. Lakin Firon heç bir sözə inanmır və yəhudilərin Misir ərazisindən çıxmasına heç bir vaxt icazə verməyəcəyini söyləyir. Bütün bunlara baxmayaraq, Musa Allahına inanaraq və güvənərək yəhudiləri Misir ərazisindən çıxaracağı ilə bağlı fikirlərini qəti şəkildə bildirir. Misirdən çıxma xəbərini yəhudilər eşidən zaman yolda yemək üçün dərhal çörək bişirmək qərarına gəlirlər. Lakin vaxt məhdudiyyəti olduğu üçün onlar mayasız çörək, yəni "Matsa" hazırlayırlar. Məhz "Pesax bayramı"nda yəhudi ailələrinin süfrələrinin bəzəyi həmin mayasız çörək olan "Matsa"dır.
Musa peyğəmbər yəhudiləri Misirdən çıxararkən Fironun ordusu onları təqib edir. Musa peyğəmbərin və yəhudilərin qarşısında keçilməsi mümkün olmayan Qırmızı dəniz var idi. Bu zaman Musa peyğəmbərə Allahdan vəhy gəlir: "Ey Musa, əlindəki əsanla dənizə vur!"
Bu an dəniz 2 yerə ayrıldı - Musa peyğəmbər və digər yəhudilər dənizi keçdilər. Arxadan gələn ordu isə dəniz suları altında qalaraq öldü...
***
Yazıçı, publisist Peter Lyukimson mətbuata verdiy müsahibədə “Pesax”ı - yəhudilərin bir xalq olaraq doğulma tarixi kimi əks etdirdiyini vurğulayıb.
"Bundan əvvəl yəhudilər, sadəcə bir icma idi. Bizim bütün dualarımız, bütün tarixi yaddaşımız bu və ya digər şəkildə Misirdən köçə qayıdır. Bu, 3334 il əvvəl baş verib”, - deyə bildirib.
"Pesax bayramı"nı bütün dünya yəhudiləri kimi dağ yəhudiləri də qeyd edir. Bayramın keçirildiyi gün ərzində yalnız "Matsa" (mayasız çörək) yeməyə icazə verilir.
Biz də “Pesax bayramı” münasibətilə bütün dost yəhudi xalqını, o cümlədən bizimlə birgə yaşayan və dar günümüzdə də, xoş günümüzdə də qəlbi Azərbaycan xalqı ilə bir vuran dağ yəhudilərini də təbrik edirik. Dostluğumuz əbədi olsun!
JASMİN