…İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında at oynatmasını başa düşdük, çünki o zamanlar ermənilərin tarixi arxası-dayağı olmuş Rusiya onları qucağında bəsləyirdi…
Bəs indi Ermənistanın çirkin niyyətini informasiya libasında bəsləyib-dəstəkləyib Bakıda at oynadan «Sputnik Armeniya»ya sözümüz nədir??? Dəfələrlə bu portalın Azərbaycan əleyhinə çirkin təbliğat apardığını yazıb-müzakirə edən ziyalılarımız olub. Amma faydası yoxdur. Niyə???
***
Azərbaycanın Əməkdar jurnalisti Azər Həsrət bu barədə fikirlərini bizimlə bölüşdü:
-Dövlətimiz özünə qarşı bu hörmətsizliyə bu qədər təmkinli yanaşmamalıdır. Margarita Simonyanın erməni təbliğat maşınlarından biri olan «Sputnik Armenia» faktiki olaraq Qarabağdakı bölücü erməni ünsürlərin tribunası kimi çıxış edir. Bu qurum “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağ Respublikasının prezidenti”, “Dağlıq Qarabağ Respublikasının ordusu” ifadələrini, sanki beynəlxalq səviyyədə tanınırmış kimi təqdim edir. Eyni zamanda Margaritanın özü də açıq şəkildə erməni bölücülüyünə dəstək verir, hətta bu bölücülüyü körükləndirir. Son günlər isə daha da irəli gedərək Qarabağın Rusiyaya birləşdirilməsi barədə çağırışlar edir bu propaqandist erməni arvad. İndi bunun başçılıq etdiyi qurumun bir bölməsi nə adla Azərbaycanda əlini-qolunu sallayaraq fəaliyyət göstərə bilməlidir? Əgər fəaliyyət göstərmək istəyirlərsə, zəhmət çəksinlər, bəyanatla bildirsinlər ki, «Sputnik Armenia» da, Simonyan da səhv edir, bir daha bu səhvləri təkrar etməyəcəklər. Belə olarsa «Sputnik Azərbaycan»ın fəaliyyətinin davam etdirilməsinə baxmaq olar. Əks təqdirdə, Azərbaycan özünə hörmət edən bir dövlət olaraq bunların fəaliyyətini dərhal və heç bir qeyd-şərtsiz dayandırmalıdır. Əgər bizə bənzər media lazımdırsa, ölməmişik, şərait yaradılsın, özümüz ondan da keyfiyyətli iş təqdim edə bilərik. Nə vaxta kimi Azərbaycanı ona-buna yem edəcəyik axı? Özümüzün istedadımız da, təcrübəmiz də yetərincədir. Sadəcə «Sputnik Azərbaycan» kimilərə yaradılan şərait bizə də yaradılsın, qalanı bizlikdir…
A.Məmmədli