Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu baletmeysteri, xoreoqraf, Əməkdar artist Emin Əliyev çalışdığı kollektivə baş baletmeyster vəzifəsinə təyin olunub.

Emin Əliyev ona göstərilən etimada görə Mədəniyyət nazirinə minnətdarığını bildirib: “Cənab nazir Anar Kərimova mənə göstərilən etimada görə təşəkkür edirəm. Bu etimadı böyük məsuliyyətlə doğruldacağıma, teatrın balet truppasının üzvləri ilə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Uğurlarıma sevinən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Emin Eldar oğlu Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Rusiyanın Böyük Teatrında, Sankt-Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib.
2008-ci ildə “Əməkdar artist” adına layiq görülən E.Əliyev dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.
Emin Əliyev 2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda balet artisti kimi fəaliyyətə başlayıb, 2020-ci ildən isə quruluşçu baletmeyster vəzifəsini icra edib.
2019-cu ildə Akademik Musiqili Teatrın yaradıcı heyəti ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" Beynəlxalq Festivalında uğurla çıxış edib.
Teatrın bir çox uğurlu layihələrində iştirak edən istedadlı baletmeyster 2019-cu ildə rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilən "Paris Notr-Dama ithaf" (V.Hüqo) tamaşasında solist kimi iştirak edib.
Əməkdar artist elə həmin il Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun musiqisi əsasında hazırlanan “Nəsimi” kompozisiyasında baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı olub və bu promo-rolikə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.
Şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr Emin Əliyevin yaradıcılığına da öz töhfəsini verib, onun quruluşunda və ifasında "Qalib əsgər" və "Sarı gəlin" kimi maraqlı kompozisiyalar ərsəyə gəlib.
E.Əliyev ötən il Akademik Musiqili Teatrın “Nizami ili”nə həsr etdiyi “Nizami – 880” balet-kompozisiyasının da xoreoqrafı və Nizami Gəncəvi obrazının ifaçısı olub. Bu maraqlı işinə görə də Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Nizami irsinə verdiyi yaradıcılıq töhfəsi üçün “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə medalı ilə təltif olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN