“Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq.”
Qazaxıstan KİV-də Qazaxıstan Respublikası Təhsil Nazirliyinin “Orta təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin müəyyən edilməsi haqqında” qərar layihəsi dərc olunub.
Sənəddə orta təhsil müəssisələrində (mülkiyyət formasından və idarə tabeliyindən asılı olmayaraq) 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin aşağıdakı tarixlərinin müəyyən edilməsi təklif edilir:
1) 2022-2023-cü tədris ilinin başlanğıcı - 1 sentyabr 2022-ci il;
2) 1-ci siniflərdə tədris ilinin müddəti - 35 tədris həftəsi, 2-11 (12) siniflərdə - 36 tədris həftəsi;
3) tədris ili ərzində tətil dövrləri:
1-11 (12) siniflərdə: payız tətili - 7 gün (31 oktyabr - 6 noyabr 2022-ci il daxil olmaqla), qış tətili - 9 gün (31 dekabr 2022-ci ildən 8 yanvar 2023-cü il daxil olmaqla), yaz tətili - 9 gün (18-dən 26 mart 2023-cü ilədək);
1-ci sinifdə: əlavə tətillər - 7 gün (2023-cü il fevralın 6-dan fevralın 12-dək).
Qeyd edilir ki, iki tədris həftəsi əlavə etməklə tədris ilinin müddətinin artırılması gündəlik dərslərin sayının ixtisarına, “çətin” mövzuların öyrənilməsinin intensivliyinin azaldılmasına, tədris prosesinin inkişafetdirici təlim prinsipləri əsasında təşkilinə imkan yaradacaq.
“ Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq”, - deyə vurğulanır.
Bildirilir ki, qərar layihəsi avqustun 2-dək ictimai müzakirədə olacaq.
JASMİN