Ötən ilin dekabrın sonlarında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş maliyyə naziri Rafael Əliyevə və
Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mənsur Əsgərova qarşı cinayət işi üzrə proses başa çatıb. Hər iki şəxs başqa şəxslərlə əlbir olaraq dövlət büdcəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunurdular. Əsgərov öz ifadəsində bildirib ki, yüklər üçün və sərnişinlərdən qanunsuz vergilər yığılıb. 2020-ci ildə Naxçıvan Gömrük Komitəsinin sədri təyin edilmiş Səhhət Həbibbəyli Əsgərova nəqliyyat daşımaları proqramına (TIR) yığılan vəsaitin yalnız bir hissəsini daxil etməyi tapşırıb (Turan). Məhkəmədə həm də məlum olub ki, tariflər və ödənişlər şöbəsinin rəisi olan Əsgərov 3 min manat ölçüsündə "paket" şəklində qeyri-rəsmi ödəniş alırmış. Əsgərovun sözlərinə görə, o, pulu şəxsən komitə sədrinə onun kabinetində verirmiş. İstintaq Əsgərovu 273 milyon manatı mənimsəməkdə təqsirli bilib. Təqsirləndirilən Rafael Əliyev bildirib ki, 2020-ci ildə maliyyə naziri təyin edilənə qədər Əsgərovla eyni vəzifəni tuturmuş və qanunsuz yığılan vergiləri NMR Gömrük Komitəsinin sədrinin adamlarına verirmiş. Sonradan, Naxçıvanın maliyyə naziri olduqdan sonra Əliyev büdcə vəsaitlərini 10% şişirdilmiş qiymətlərlə satınalmalar üçün müxtəlif dövlət qurumlarına köçürürdü. Daha sonra bu vəsait nağdlaşdırılır və mənimsənilirdi. R.Əliyev etiraf edib ki, nazir kimi vəzifə maaşı 2300 manat, "paketi" isə 15 min manat təşkil edirmiş. Əliyev 3 milyon manatı şəxsən NMR-in keçmiş başçısı Vasif Talıbovun oğlu Seymur Talıbova verdiyi haqqında ifadə verib. İstintaqın və məhkəmənin gedişatı zamanı Əsgərov büdcəyə 21 milyon manat, Əliyev isə 31 milyon manat ödəyib. Hər ikisi 179.4-cü maddə ilə (mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) təqsirli biliniblər, bu maddə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmə onların hər birinə 12 il azadlıqdan məhrumetmə cəzası verib və dərhal real cəzanı şərti cəza ilə əvəz edib. Hökm çıxarıldığı an hər ikisi azadlıqda olub.
***
Xatırladaq ki, 2022-ci ilin noyabr-dekabr aylarında Naxçıvanda bir sıra yüksək vəzifəli şəxslər böyük ölçüdə vəsaiti mənimsəmək və vəzifədən sui-istifadə ittihamları ilə həbs olunub. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda bildirilirdi ki, Əliyev və Əsgərovla yanaşı, Dövlət Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli, Arxitektura Komitəsinin keçmiş rəhbəri Hicran Rüstəmov və başqaları həbs olunub. 2023-cü ilin mart ayında həbs edilən şəxslər ev dustaqlığına keçirilib, Həbibbəyli isə əvvəlcədən ev həbsində idi. Əliyev 15 milyon manat, Rüstəmov 212 milyon manat, Həbibbəyli və Əsgərov isə 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunurdu.
***
Məhkəmə hökmündə diqqəti çəkən bir məqam da var: həbs edilənlər mənimsədikləri vəsaitlərin bir qismini geri qaytarıblar. Daha dəqiq desək, istintaqın və məhkəmənin gedişatı zamanı Əsgərov büdcəyə 21 milyon manat, Əliyev isə 31 milyon manat ödəyib. Sual olunur: onlar bu vəsaitləri hardan və necə götürüb ödəyiblər? Bu qədər nəğd pul Azərbaycanın maliyyə bazarından gizlədilib, sonra üzə çıxarılıb. Belə də pul tədavülü nəzarətsizliyi olarmı?
A.Məmmədli