TEZADLAR.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə Nazirlər Kabineti qərar verib.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikasının vətəndaşları üçün aşağıdakı güzəştlər edilsin:

1.1. ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 10 manat;

1.2. orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;

1.3. Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;

1.4. orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;

1.5. orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;

1.6. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;

1.7. orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.

2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə kompensasiya edilsin.

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş kompensasiyanın alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada və müddətdə güzəştlərin tətbiqinə dair hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi üçün tələb.olunan.vəsaitin 2023-2024-cü illərin dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin.

5. Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 2 avqust 2022-ci il, № 270

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri ilə buradan tanış ola bilərsiniz.

Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN