Son 30 ildə təhsilin başına olmazın oyunlar açıblar.
Bu fikirləri sabiq təhsil naziri Firudin Cəlilov son illər test imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayının azalması məsələsinə toxunarkən qeyd edib.
Onun sözlərinə görə, abituriyentlərin maksimum nəticə toplaya bilməməsinin günahı təhsilin səviyyəsinin aşağı olmasında – təhsil verənlərdədir.
“Bu, təhsilin səviyyəsinin aşağı düşməsini göstərən amildir. Ayrı izahı yoxdur. Hər iki gündən bir eksperiment aparmaq olmaz. Yüz ölçüb, bir biçmək lazımdır. Son 30 ildə təhsilin başına olmazın oyunlar açıblar. Təhsildən xəbəri olmayan adamları rəhbər vəzifələrə gətiriblər. Ona görə də təhsil bu günə düşüb. Təhsildə sanballı islahat aparmaq lazımdır”, - deyə bildirib.
Firudin Cəlilov hazırda yeni təhsil sisteminə keçidin vacibliyini vurğulayıb, həmçinin 30 il əvvəl qəbul olunmuş təhsil haqqında qanunun işlədilməməsindən gileylənib.
“Elə sistemə keçmək lazımdır ki, o sistem davamlı olsun. 1992-ci ildə ilk dəfə təhsil haqda qanun qəbul etdik. Beynəlxalq universitetlər onu çox yüksək qiymətləndirdilər. Lakin qanunu işlətmədilər. Qanunda olan bəndlərin heç biri işlənmədi. Biz orada qeyd etmişdik ki, universitetlərin rektorları seçki ilə olmalıdır. Kollektiv özü seçməlidir. Rektorlar bəzən universitetlərə öz şəxsi mülkləri kimi baxırlar”, - o, vurğulayıb.
***
Xatırladaq ki, "Dövlət Əlifba komissiyası"nın (1990) rəhbəri olan F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə "Elm, təhsil və mədəniyyət komissiyası"nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) , o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
1992-ci ilin fevral ayında Azərbaycan Respublikasının Təhsi nazirinin müavini təyin olunan F.Cəlilov 18 may 1992-cil ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir.
12 may 1993-cü ildə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilmiş və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
...O, daha sonra elmi fəaliyyətlə məşğul olub və onlarla kitabın müəllifidir.
JASMİN