“Elmə, təhsilə, intellektual inkişafa, səhiyyəyə belə yanaşma ağır nəticələrə gətirib çıxara bilər, hətta müstəqilliyi itirməyə qədər...”
Bu cədvəl Azərbaycan xalqının müstəqilliyi dövrünün ən acınacaqlı göstəricilərini ifadə edir: kitabxanaların və kitabların sayının ciddi surətdə azalması.
Bu fikirləri İqtisad Elmləri Doktoru, professor (keçmiş maliyyə naziri) Saleh Məmmədov bildirib
Professor təqdim etdiyi cədvələ əsasən, 1992-ci ildə Azərbaycanda 4909 kitabxana olduğunu, 2020-ci ildə isə cəmi 2922 -nin qaldığını (əhalinin sayının 20-30 % artmasına baxmayaraq) diqqətə çatdırıb.
O, qeyd edib ki, müvafiq olaraq kitabxana fondunun sayı 44,5 milyon ədəddən 31,6 milyon ədədə qədər azalıb.
“Əhalinin hər min nəfərinə düşən kitab sayı isə 5980 nüsxədən 3160 nüsxəyə düşüb. Bu ümumi göstərici bütün digər sahələrə eyni səviyyədə təsir edib. Elmin inkişafı, təhsil, səhiyyə və s. göstəricilər eyni qaydada azalmış, İQ indeksi kəskin düşüb. Ölkədə təmiz istehlakçı cəmiyyət formalaşıb”, - deyə o, bildirib.
Onun sözlərinə görə, sovet dövründə (zəif də olsa) formalaşan yaradıcı Azərbaycandan əsər-əlamət qalmayıb.
“Gələcəyə nəzərdə tutulan iqtisadi strategiyada eyni meylin davamı nəzərdə tutulur. Müasir şəraitdə elm xərcləri cəmiyyətin inkişafında onurğa rolunu oynayır. Sovet dövründə elm xərcləri ÜDM-in 1,3 faizini təşkil edirdi, son dövrdə bu pay 6,5 dəfə azaldılmış, 0,2%-ə endirilmişdir. İqtisadiyyat nazirliyinin hazırladığı iqtisadi inkişaf strategiyasında 2026-cı ilə bu rəqəmin 0,1%-ə endirilməsi nəzərdə tutulur”- deyib.
Saleh Məmmədov qeyd edib ki, hazırda İsraildə bu rəqəm 5,4%-ə, Cənubi Koreyada 5,1%-ə, digər inkişaf etmiş ölkələrdə 3-5%-ə qaldırılıb.
“Elmə, təhsilə, intellektual inkişafa, səhiyyəyə belə yanaşma ağır nəticələrə gətirib çıxara bilər, hətta müstəqilliyi itirməyə qədər....”, - deyə vurğulayıb.
JASMİN