2022/2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus+” KA2 proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində magistratura səviyyəsində yeni yaradılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisasına tələbə qəbulu həyata keçirilib.
AzTU-dan Tezadlar.az-a bildirilib ki, yeni tədris ilindən bu ixtisas üzrə 19 tələbə təhsil alacaq. Bundan başqa, universitetin bakalavriat səviyyəsində də səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulunun həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, layihə çərçivəsində AzTU-nun əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib, bu sahədə qabaqcıl Avropa universitetlərinin tədris proqramları ilə tanış olub, müvafiq tədris materialları əldə ediblər.
E.ŞİRİNOV