Bu il ali məktəblərə qəbul olunan 2 355 nəfər abituriyent təhsil almaqdan imtina edib.

 Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən 48 608 abituriyent elektron qeydiyyat üçün müraciət edib və 2 355 nəfər elektron qaydada müraciət ünvanlamayıb.

Qeyd edək ki, bu sayda abituriyentin qəbul imtahanlarında uğurlu nəticə əldə etdikdən sonra təhsil almaqdan imtina etməsi çox məyusedicidir.

Bunun səbəblərindən birinin abituriyentin (ödənişli ixtisas qrupuna qəbul olunduğu üçün) ödənişli təhsil almağa imkanı çatmaması (həmçinin evlərin kirəyə qiymətlərinin yüksəlməsi, xərclər…), bir çoxunun arzuladığı ixtisas qrupunu qazana bilməməsi (yaxud özəl universitetlər olması), digər bir səbəb kimi isə bəzilərinin xarici ölkələrin universitetlərinə də eyni zamanda imtahan verib qəbul olunması ilə izah edilir.

Lakin bu qədər abituriyentin böyük çoxluğunun sonuncu səbəblər üzündən təhsildən imtina etmədiyi də məlumdur.

Düzdür, son illər tələbə krediti verilir, lakin bu imkandan da bütün tələbələr yararlana bilmir.

…Və bütün hallarda, illərlə əziyyət çəkərək təhsil alan (əksəriyyəti üçün ailələrinin repetitora böyük məbləğdə pul xərclədiyi), imtahanların psixoloji təsirini  yaşayan abituriyent, sonda ali məktəbdə oxuma şansı qazansa da, bu və ya digər səbəblərdən təhsil almaqdan imtina edəsi olur.

Xatırladaq ki, təhsil almaqdan imtina edən abituriyentlərin sayı 2019-cu ildə 350 nəfər olub.

Onların 90-ı Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Dillər Universitetinin, 58-i Azərbaycan Texniki Universitetinin, 53-ü Azərbaycan Neft və Sənaye Universitetinin, 26-sı Bakı Slavyan Universitetinin, 63-ü Azərbaycan Dövlət İqtisad Universitetinin, 31-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 20-si Memarlıq və İnşaat Universitetinin tələbəsi olacaqdı.

Görünən odur ki, 4 il ərzində bu rəqəm dəfələrlə artıb və əsl səbəblərinin öyrənilməsinə ciddi ehtiyac var.   

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN