İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, canını-qanını fəda etmiş Azərbaycan oğulları bizim qürur yerimizdir.
Dövlətimiz vətənin müdafiəsində şəhir olmuş qəhrəmanlarımızın ailələrini hər cür qayğı ilə əhatə edib və etməkdədir, o cümlədən qazilərimizin də yaşayış şəraitini yaxşılaşdırmaq üçün real addımlar atılır.
Qeyd edək ki, Vətənin ağır günlərində milliyyətindən, dinindən asılı olmayaraq, bu torpağın vətəndaşları - oğulları amansız düşmənlə üz-üzə durub, döyüşlərdə iştirak edib, əzmkarlıq, cəsurluq göstəriblər.
Onlardan biri də İvan Levşadır.
O, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub
Bu il isə İvan imtahan verərək, Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi sürücülüyü” ixtisasının ödənişli fakültəsinə qəbul olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev bu il yüksək bal toplayaraq (13 nəfər 500, 3 nəfər 600 bal) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olan tələbələrlə görüşüb.
Qurumun məlumatına görə, Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Vətən müharibəsi qəhrəmanlarına həssaslıqla yanaşdığını bildirib və İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini, həmçinin ona xüsusi təqaüd veriləcəyini də qeyd edib.
Görüşdə həmçinin tələbələrə ASCO adından qiymətli hədiyyələr təqdim olunub.
JASMİN