İntihara cəhd edən uşaqların çoxu, sən demə, valideynlərinin diqqətini cəlb etmək istəyirlər...
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova KİV-ə bildirib.
Sosial şəbəkələrin və digər bir sıra kənar təsirlərin uşaqların formalaşmasında böyük rolunu qeyd edən millət vəkili bunun, uşaqların psixologiyasına mənfi təsirindən danışıb. O, uzun illər ali məktəblərdə çalışdığını və tələbələrlə sıx təmasda olduğunu vurğulayraq, yeni qəbul olan tələbələrdə həmin narahatverici amilləri hiss etdiyinə diqqət çəkib:
“...Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hadisələr sosial şəbəkələrdə müzakirəyə çıxarılır, fikirlər tamam başqa istiqamətə yönəldilir. Mən bunun tərəfdarı deyiləm. Uşaqlarımızı kənar təsirlərdən qorumaq, onları maraqlandıran sualları cavablandırmaq üçün hər zaman yanlarında olmalıyıq. Psixoloqlarımız da buna mütləq diqqət etməlidirlər”, -deyə Tamam Cəfərova bildirib.
Millət vəkili intihara cəhd edən şagirdlərlə söhbət zamanı onların bu addımı atma səbəblərini də aydınlaşdıra bilib:
“Biz məktəblərdə baş verən neqativ halları araşdırırıq. İntihara cəhd edən uşaqlarla söhbət apararkən səbəbini soruşduqda, özlərinə diqqət cəlb etmək üçün bu addımı atdıqları cavabını alırıq”, - qeyd edib.
Pedaqoqun sözlərinə görə, şagirdlər evdən onlara diqqət edilmədiyini, valideynlərin onların problemlərilə maraqlanmadıqlarını, başa düşmədiklərini, onu maraqlandıran suallara cavab tapa bilmədiyini, düzgün istiqamətləndirilmədiklərini söyləyirlər.
Və o, bu kimi boşluqların yaranmaması üçün psixoloqların fəaliyyətinin də mühüm olduğunu diqqətə çatdırıb.
***
Xatırladaq ki, son vaxtlar həm orta məktəb şagirdləri, həm də ali məktəb tələbələri arasında intihara cəhd və intihar halları artmaqdadır.
Bəzən uşaqlarla valideynəri arasında zəif bağların olması (problemlərini paylaşa bilməmələri və ilaxır), yaxud ailədaxili münaqişələr də bu xoşagəlməz hadisələrə səbəb ola bilir. Buna görə də valideynlərin övladlarının problemlərinə, arzularına, fikirlərinə ... həssas yanaşmalı və onlarla əsl dost münasibətində olmalıdırlar.
Y.MƏMMƏDLİ