Professor İdris Abbasov İsa Həbibbəylini plagiatçılıqda da suçlayıb...
***
Bu gün akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti seçilməs ilə bağlı məlumat yayıldı.
Beləki, Akademiyanın Ümumi Yığıncağında prezidentin seçilməsi üçün gizli səsvermə keçirilib və səsvermə nəticəsində akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçilib.
Təyinatdan çox keçməmiş AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov KİV-ə açıqlamasında tənqidi fikirlərini bildirib.
“İsa Həbibbəylinin AMEA prezidenti seçilməsi heç bir müsbət dəyişikliklə nəticələnməyəcək” deyən professor vurğulayıb ki, AMEA-da köklü dəyişiklikliyə ehtiyac var, tərkib tamamilə yenilənməlidir.
Onun sözlərinə görə, ilk olaraq akademiyada ciddi şəkildə yoxlamalar aparılmalıdır:
“ Məsələn, 600-700 manat əməkhaqqı olan alim, hansı yolla villalara sahib olmağı bacarıb? Bu kimi hallar araşdırılmalıdır”, - deyə o bildirib.
O, AMEA-nın hazırkı fəaliyyətini “akademşəbəkə” adlandırıb və orada olanların elmə deyil, kimlərinə maraqlarına xidmət etdiyini söyləyib.
Professor faktları təqdim edib, mənfilikləri göz önünə gətirdiyi zamanlarda İsa Həbibbəylinin reaksiya vermədiyini və oradakıların həqiqəti qəbul etmək istəmədiklərini, bütün doğruları, faktları “böhtan” adlandırdıqlarını diqqətə çatdırıb.
İdris Abbasov, hətta İsa Həbibbəylini plagiatçılıqda da suçlayıb:
“ Məsələn, Vladimir Lenin “Oxumaq, oxumaq, yenə də oxumaq”-deyib. İsa Həbibbəyli də baş redaktor olaraq cümlədən öz işində istifadə edib, amma heç bir istinad verməyib. Axı bu düzgün deyil, heç bir reaksiya da bildirilmir. Bu səbəblə akademiyanın müsbət gələcəyinə ümidim yoxdur”, - deyə misal çəkib.
O, İsa Həbibbəylinin AMEA-da baş verən yeyinti hallarını araşdıracağına da inanmadığını dilə gətirib:
“Məsələn, Prezident tərəfindən Dilçilik İnstitutunun inkişafı üçün ayrılan 2 milyon manatın hara, nəyə sərf edildiyini sorğulayacağını düşünmürəm. Rəhbərlik funksiyasını yerinə yetirən zaman bu kimi məsələləri ört-basdır etmək üçün daha yaxşı fürsətə sahib olacaq. Bu prezident seçkisi orada bir qrupun öz işidir, bunun Azərbaycan elminə, dövlətçiliyinə hər hansı aidiyyatı olduğunu düşünmürəm”.
Həmçinin o, dediklərinin hər birinin yalan çıxmasını - İsa Həbibbəyli gəldikdən sonra AMEA-da haqq-ədalətin öz yerini tapmasını arzuladığını da əlavə edib.
Qeyd edək ki, İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvanın Şərur rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Universitet) Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmiş, 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Həmçinin AYB və AJB üzvü, Əməkdar elm xadimidir.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
1996-cı ildən YAP-ın üzvüdür.
2003-cü ildən AMEA-nın həqiqi üzvüdür.
Hal-hazırda VI çağırış MM-in deputatıdır.
JASMİN