Cəmilə Məmmədova: «Güvən və etimad - təhsil prosesindəki uğurun əsas tərkib hissəsidir»

Danılmaz bir həqiqətdir ki, təhsil - insanın mənən böyüməsini, əqli inkişafını və şəxsiyyət kimi formalaşmasını təmin etmək üçün bəşər mədəniyyətinin inkişafı və təkrar istehsalı üçün xüsusi şərait yaratmaq, davranış, fəaliyyət və ünsiyyət təcrübəsi toplamaq yolu ilə həyata keçirilən bir insanın idarə olunan sosiallaşmasıdır.

Təhsili həm də insanların ictimai münasibətlər sisteminə daxil olması üçün zəruri şəraitin yaradılmasına yönəlmiş fəaliyyət, mədəniyyətin inkişafı və yaradıcı transformasiyası, onlara xas olan potensialın reallaşdırılması və ictimai və fərdi həyatın subyektləri kimi həyata keçirilməsi üçün zəruri olan konkret insan fəaliyyəti kimi də dəyərləndirmək olar. Təhsil digər insanları dəyişdirməyə yönəlmiş bir məqsədyönlü fəaliyyətdir. Şübhəsiz ki, bu fəaliyyətin subyekti kimi pedaqoqlar, müəllimlər və təlimçilər cıxış edir.

Elə ona görədir ki, tədris prosesində müasir meylləri formalaşdıran müəllimlər gələcəyin möhkəm təməlini qoyaraq, həyatın bütün sahələrinin inkişafına öz töhfələrini verirlər.

Odur ki, ən yüksək pedaqoji missiyanı yerinə yetirmək istəyi müsahibəmizin qəhrəmanı, məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssis, “Uşaqlar üçün rus dili” ensiklopedik kitab silsiləsinin müəllifi Cəmilə Məmmədovanı hər bir uşağa bəslədiyi ölçüyəgəlməz sevgi ilə ifadə olunan çoxsaylı dərs vəsaitləri yaratmağa və öz peşəsinə sədaqətlə xidmət etməyə sövq etmişdir.

Biliyə marağı artıran peşəkar müəllim uşağın gizli qabiliyyətlərini və istəklərini elə peşəkarcasına ortaya qoyur ki, bu da sonradan uşaqları təhsilə, təlim-tərbiyə prosesinə ruhlandırır.

Cəmilə Məmmədova ilə söhbətimizdə müasir dünyada təhsil prosesləri ilə bağlı ən maraqlı məqamlara aydınlıq gətirdik. «Təzadlar»ın oxucularının da marağına səbəb olacaq müsahibəni təqdim edirik:

- Məktəbəqədər dövr hər bir formalaşan şəxsiyyətin həyatında ən həlledici dövrdür. İnkişafın ilkin mərhələsindən öyrənməyə sevgi və təhsil istəyi aşılamaq vacibdir. Uşaq və gənclərin təhsilə olan maraqlarını necə artıra bilirsiniz?

- Müxtəlif yaşda olan uşaqlarla işləyərkən əsas məqsədim onlarla dost olmaqdır. Və mən hiss edəndə ki, biz artıq dostuq, deməli nəzərdə tutduğum proses müvəffəqiyyətlə öz axarı ilə gedir. Uşaqlar bilməlidirlər ki, onlar yad, sərt qaydaları olan bir müəssisəyə deyil, etibar edə bildikləri, onaları nəyəsə öyrədə biləcək dostlarının yanına gəlirlər. Məhz bu məqam bir qədər sonra qarşılıqlı anlaşmanı və təlim-tərbiyə prosesini daha zövqlü etmiş olur. Əminliklə deyə bilərəm ki, bu cür etibarlı münasibətlər bizi ümumi məqsədə çatmaqda əsas alətlərdən biri kimi çıxış edir. Ümumiyyətlə, güvən və etimad - təhsil prosesindəki uğurun əsas tərkib hissəsidir.

- Cəmilə xanım, uşaqlarla ünsiyyət prosesində qarşılıqlı inamı sarsıdan nüanslar varmı?

- Elə anlar olur ki, dostunuzun dilə gətirdiyiniz bir sözə qeyri-adi gülümsədiyinin şahidi olub, bunu bir növ təhqir kimi qəbul edirsiz. Bu kimi problemləri situasiyanın adi müzakirəsi yolu ilə həll etmək lazım və vacibdir.

mekteb_766

- Məktəbəqədər uşağın vətənpərvərlik tərbiyəsi necə həyata keçirilir və bu istiqamətdə hansı işlər görülür?

- Uşağın vətənpərvərlik yönündə tərbiyəsi olduqca çətin bir işdir. Eşitdikləri ilə yanaşı, onu əməyə sövq etmək lazımdır ki, bu da ona, Vətənin gücləndirilməsi və qorunması prosesində öz rolunu dərk etməyə imkan verəcəkdir. Ana dilini, xalqının adət-ənənələrini, milli bayramlarını bilmək məktəbəqədər uşağın ilkin olaraq vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir.

Axı bayram nəsillərə bir mesajdır. Və hər bir nağıl, şeir bu və ya digər bölgənin gözəlliyini açıqlayır, uşağın şüurunda hörmət, qəlbində isə xüsusi bir məhəbbət canlandırır. Tədricən, uşaqlara sevimli cizgi filmləri və nağıllar, oyunlar və əyləncə yerləri haqqında danışıb, nəql edərək, onları dövlət rəmzləri və atributları, milli bayramlar, Vətən tarixi, bir az sonra isə mədəni müxtəlifliklə tanış edərək, bu barədə ətraflı məlumat vermək çox vacib bir məsələdir. Uşağa, onun Vətənlə, tarixi keçmişlə, onun bu günü və gələcəyi ilə qırılmaz bağlılığını hiss etdirmək lazımdır.

- Sizcə ictimai həyatın müasirləşməsi və rəqəmsal təkamül tədris proseslərinə necə təsir edir?

- Müasir cəmiyyət bütün sahə və fəaliyyətlər üzrə, o cümlədən təhsilin informasiyalaşdırılmasının inkişafı istiqamətində öz yolunu seçib. İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bir sıra səbəblərlə bağlıdır. İlk növbədə, İKT materialın təqdimatını daha əyani etməyə kömək edir.

Ona görə də təhsildə İKT-nin tətbiqi materialın təhsilalanlar tərəfindən mənimsənilməsi səviyyəsini daha da yüksəltməyə kömək edir.

Xüsusilə də özəl təhsil sektorunda İKT-yə daha çox üstünlük verilir. Burada dövlət təhsil müəssisələrindən daha çox dərslərin hazırlanması və müasirləşdirilməsinə maraq göstərilir. Müəssisələrin müasir texnologiyalarla təchiz edilməsi yeni nəsil uşaqların ətrafdakı hər şeyə marağını artırmağa kömək edir, bu da, sözsüz ki, hər bir uşağın gələcək maddi rifahının əsasını təşkil edir.

Biz tez-tez bu məsələlərlə məşğul oluruq, çünki bu gün “rəngli kağız” və “albom” əsasında dərslər keçirmək kifayət deyil. Daim inkişaf etmək lazımdır, çünki məktəbəqədər uşağın beyni fərqli şəkildə qurulmuşdur. Belə ki, o, rəqəmsal məlumatları kifayət qədər yaxşı və rahat qəbul edir. Bu da təhsilalanlar tərəfindən biliklərin emalı və saxlanması prosesini sürətləndirmək üçün kompüter texnologiyasından istifadəni zəruri edir. Kompüterin təhlükələri haqqında danışılsa da, mən hesab edirəm ki, müasir dövrün uşaqları texnologiya vasitəsilə informasiyanı daha asan qavrayırlar və bu, onların zehni inkişafına əsaslı şəkildə təsir edir.

Uşaqlar sürətli tempi sevirlər. Kompüter vizual yaddaşı inkişaf etdirən çox parlaq rəng sxemindən, eləcə də eşitmə qavrayışına müsbət təsir göstərən müxtəlif səs effektlərindən istifadə edir. Bunlar bir araya gətiriləndə şübhəsiz ki, yaxşı nəticə əldə edilir. Əlbəttə ki, valideyn uşağın kompüter arxasında keçirdiyi vaxta nəzarət etməlidir, lakin ümumilikdə isə, bu üsul qadağan edilməməlidir. Şəxsən mən uşaqların əldə etdikləri bilikləri daha yaxşı qavrayıb, yadda saxlaması üçün dərslərimdə tez-tez müasir texnologiyalardan istifadə edirəm.

- Sizcə müəllim və valideyn arasında rollar necə bölüşdürülməlidir?

- Mən hesab edirəm ki, uşağın tərbiyə prosesi möhkəm, davamlı və dayanıqlı üçbucaq üzərində qurulmalıdır - pedaqoq, valideyn və uşaq. Əks halda müəllim çox güclü olsa belə, heç bir tərbiyə və inkişafdan söhbət gedə bilməz. Valideyn heç vaxt övladının bütün yükünü müəllimin üzərinə qoymamalı, bu proses bütün tərəflərin nəzarəti altında cərəyan etməlidir. Əlbəttə ki, ilk tumurcuqlar artıq ailədə görünməlidir. Ancaq uşağın məktəbdə çox vaxt keçirdiyini nəzərə alsaq, müəllimlər bu prosesə öz töhfələrini verməlidirlər. Uşağın təzadlı amillərlə qarşılaşmaması üçün məktəbdə öyrədilən, aşılanan bilik və bacarıqların evdə öz təsdiqini tapması mütləqdir.

Hər bir uşaq təkcə cismani deyil, həm də mənəvi cəhətdən hiss edilməli, yaxşı tanınmalıdır. Bunun üçün hər bir uşağa fərdi yanaşmanı nəzərdə tutan kurikulum hazırlanmışdır, xüsusən də uşağın məktəbə qədər necə biri olduğunu, indiyədək nələrdən keçməli olduğunu öyrənmək hər kəsə fərdi yardım göstərməyə imkan verir. “Kurikulum” anlayışının şərhi Amerika və Avropanın bir çox alimləri tərəfindən verilmişdir. Kurrikulumun ən əhəmiyyətli xüsusiyyətlərini müəyyən etməyə çalışıb, onun bir çox təriflərinə əsaslansaq, biz belə bir nəticəyə gəlirik ki, kurrikulumda təlim prosesi və insan şəxsiyyətinin formalaşması ilə bağlı hər bir şey başa düşülməlidir. Biz öz fəaliyyətimizdə planlı diaqnostika etməyi nəzərdə tutmuşuq.

- Hazırda təhsil mərkəzlərində psixoloqların rolunun artması barədə tez-tez fikirlər səslənir.

- Bu çox yaxşı olardı. Buna həqiqətən də çox böyük ehtiyac var. Axı, hər bir uşaq özünə qarşı xüsusi münasibət tələb edir, onların hər biri özünəməxsus şəkildə istedadlıdır.

İşimin xüsusiyyətlərini nəzərə alıb deyə bilərəm ki, müxtəlif yaşda və müxtəlif sahələrdə çalışan insanlarla işləyirəm. İşlədikcə müəyyən bir metodun təhsilalana necə uyğun olub-olmamağının fərqinə varıram. Uşağın daxilində gizli qalan problemləri vaxtında aradan qaldırmaq və ona vaxt kömək etmək üçün psixologiyanı daha dərindən öyrənməyə başladım.

Məsələn, əvvəllər uşağın mütaliəsinin axsaq olduğunu görəndə, ondan daha çox oxumasını xahiş edirdim, lakin sonradan məlum olurdu ki, bu, tamamilə səmərəsiz bir təşəbbüs olaraq, öyrənmək istəyini itirmiş uşağa yalnız mənfi təsir göstərir. Belə bir qənaətə gəldim ki, alternativ, daha yumşaq üsullar seçmək, müəyyən oyunlardan istifadə etmək lazımdır. Təcrübə göstərir ki, məhz o zaman uşaq özünə qarşı anlayışlı münasibət görür, nəticədə sevgi və etibarlılıq münasibətlərini duyan uşaq bir çox ideya və planların həyata keçirə biləcəyi yönündə özündə əminlik tapır. Bu   uşaqlara xüsusi qayğı və məhəbbətlə yanaşmaq lazımdır. Nə qədər ki, uşaqları sevən, onlara hər cür dəstək olmaq istəyən insanlar var, ölkədə təhsil prosesləri daha da sürətlənəcək.

- Bu gün uşaqların təhsil və tərbiyəsi sahəsində yeniliklərə nə dərəcədə tələbat var?

- Bunun üşün hansı tendensiyaların ən təsirli olduğunu və hansılarının aktuallığını itirdiyini başa düşmək kifayətdir. Yeniliklərdən xəbərdar olmaq üçün tez-tez müxtəlif maarifləndirici seminarlarda, vebinarlarda, marafonlarda iştirak edirəm. Axı hər il məktəblilər dəyişir, ötənildəkilərdən xeyli fərqlənir, biz də zamanın nəbzini tutmalıyıq. Müəllimlər uşaqla münasibətini itirməmək üçün hətta bu gün hansı cizgi filmlərinin aktual olduğunu yaxşı bilməlidirlər.

- Məktəbəqədər təhsil sahəsində yenicə fəaliyyətə başlayan müəllimlərə nə tövsiyə edərdiniz?

- Uşaqları sevmək və ən əsası, uşağın daxili məzmununu aşkarlayıb üzə çıxararaq, onu tanımaq. Yalnız bu cür tanışlıqdan sonra uşaqla tam rabitə təmin oluna bilər. Gənc müəllim və tərbiyəçilər tam əmin ola bilərik ki, məhz bu səmərəli rabitə uşağın etimadını qazanmaq yolunda yeganə vasitədir…

Əbülfəz BABAZADƏ

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN