Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu Goranboy təhsilində baş verən özbaşınalıqlardan şikayətçidir.

N.Eminov bu barədə yuxarı orqanlara dəfələrlə yazsa da, şikayətinə baxan yoxdur: "Üstəlik, adı neqativ hallarda çəkilən Goranboy RTŞ-nin müdiri Seymur Nazarov fəaliyyətini davam etdirir".

Şikayət ərizəsindən məlum olur ki, 2019-cu ilin mart ayında həbs edilən və 10.06.2021-ci ildə azadlığa buraxılan Neman Eminov işsizlikdən əziyyət çəkir. Belə ki, azadlığa buraxıldıqdan sonra o, nə Goranboyda, nə də digər rayonlarda özünə münasib iş tapa bilmir. Müəllimlik peşəsinə bərpa olunmaq üçün Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevin dəfələrlə qəbulunda olsa da, iki ali təhsilə sahib N.Eminov istəyi nəticəsiz qalır.

Şikayətçi bildirir ki, cəmiyyətimizə yenidən adaptasiya olmaq istəyir, lakin ailəsinin maddi durumu, anasının şəkərli diabet xəstəsi olması, əsasən də işsizlik ona ağır mənəvi işgəncə verir.

Müəllimliyi şərəf bilən Nemanı Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarov da bir işlə təmin etməməsi, həmkarı kimi bir köməklik göstərməməsi onun canını sıxır. Cari ilin avqustundan Goranboy Rayon Təhsil Şöbəsinə müdir təyin olunmuş Seymur Nazarov barədə şikayətçi bunları yazır: "Bir neçə dəfə məni işlə təmin etməsi ilə bağlı qəbuluna getmişəm, hətta təhsil sənədlərimi, işlə bağlı müraciətimi poçtla rəsmi qaydada da göndərmişəm. Hər dəfə qəbulunda olanda məni işlə təmin edəcəyini bildirərək arxayın edirdi. Hətta özünün vatsap nömrəsi ilə mənim telefonuma "sənə iş verəcəm" sözlərini də yazıb göndərib. Çox təəssüflər olsun ki, Seymur Nazarov məni bu günə kimi işə qəbul etmir, süründürməçilik edərək, müəyyən vədlər verərək məni aldadıb. Başçının tapşırığına da məhəl qoymayıb. Hətta onu da mənə demişdi ki, biz bir kənddənik, həmkəndliyik, mən də vaxtilə sənin kimi çətin günlər yaşamışam, bunları nəzərə alıb, sənə iş verəcəm! Hətta mənə tapşırıq verdi ki, "iş axtaran" vətəndaş kimi Goranboy rayon Məşğulluq Mərkəzinə də yaxınlaşım, qeydiyyata alsınlar. Goranboy rayon Məşğulluq Mərkəzində 16.08.2021-ci il tarixində qeydiyyata alındım. Mən Seymur Nazarovdan məni müəllim vəzifəsinə işə qəbul etməsini istəmədim. Ona görə ki, müəllim vəzifəsinə işə qəbul Təhsil Nazirliyinin təşkil etdiyi "Müəllimlərin İşə Qəbulu" qaydası var, mən bu qaydaları bilirəm. Mən Seymur Nazarovdan ştat işi istəyirdim. S.Nazarov məni öz yalanları ilə aldadaraq bu günə kimi əsəblərimlə oynayır. 36 yaşım var, mən xəstə, işsiz valideynlərimdən pul almağa xəcalət çəkirəm. Seymur Nazarovun yalançılığı, vəzifəli şəxs kimi yaraşmaz hərəkətləri məni son həddə gətirib. Belə yaşamaq istəmirəm, intiharmı edim?

Goranboy RTŞ-nin müdiri Seymur Nazarovla bağlı orta məktəblərdə vaxtilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün bir neçə cəza növü ilə cəzalandırılan direktorları, direktor müavinlərini yenidən yüksək vəzifələrə təyin etməsi və bəzi orta məktəblərdə kadr sahəsində olan saxtakarlıqların qarşısını almaması barədə 2021-ci ilin sentyabrında aidiyyəti qurumlara rəsmi müraciətlər etmişəm, hələ də müraciətlərimə baxılmır".

Şikayətçi ərizəsini belə bir sualla tamamlayır: "Mən anlamıram, görəsən, bir məmur nə qədər cinayət etməlidir ki, onu vəzifəsindən uzaqlaşdırsınlar, yaxud etdiyi cinayətə görə əməlinə hüquqi qiymət versinlər?".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN