Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib.
Bununla bağlı jurnalistlərə açıqlama verən nazir deyib: "Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".
Nazir əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb: "Amma nədənsə biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimzin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".
E.ŞİRİNOV