Osman Gündüz: “Əgər DİM normal test bazası formalaşdıra bilmirsə, onda pulu tələbədən, şagirddən deyil, hökumətdən istəməlidir.”
DİM (Dövlət İmtahan Mərkəzi) yenə də sual kitabçalarını imtahandan sonra iştirakçılara vermir. Bu dəfə də magistratura imtahanından sonra sual kitabçaları DİM-ə təhvil verilib.
Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
Ekspert qeyd edib ki, iştirakçı bu xidməti almaq üçün yetərincə böyük məbləğ - 50 manat ödəyir.
“DİM imtahan kitabçasının verilməməsini böyük vəsait xərcləməsi, testlərin təşkilatın intellektual mülkiyyəti olması və başqa imtahanda da istifadə ediləcəyi ilə izah edir. Düşünürəm ki, bu cür yanaşma, bu formada izahat çox qüsurludur və ağlabatan deyil.
Hər bir testin müəllifi müəllimdir - onu hazırlayandır və DİM, sadəcə, onu dövlət resursu hesabına əldə edir, bu testlərin yalnız kommersiya hüququ DİM-dədir. Dövlətə məxsus olduğundan istifadədən sonra açıq olmalıdır.
Eyni zamanda DİM imtahanlarda əvvəlki illərdə formalaşan bazadan da yetərincə suallar istifadə edir, hansı ki, onun da xərcləri əvvəldən ödənilib və əvəzində DİM ondan pul qazanıb”, - deyə ekspert vurğulayıb.
Osman Gündüzün sözlərinə görə, uzun illər dövlət resursları hesabına formalaşan test bankı DİM-ə imkan verir ki, imtahanları daha az xərclərlə təşkil etsin.
“Odur ki, ya gərək DİM hər bir imtahan iştirakçısı üçün çəkilən xərci ağlabatan formada izah etsin, ya da sual kitabçalarını iştirakçılara versin. Adi hesablamalar göstərir ki, DİM-in test bankını formalaşdırmağa və onun emalına çəkdiyi xərclər ilə 50 manatdan olmaqla kütləvi yığımlardan toplanan vəsaitlər arasında kəskin fərq var.
Əlbəttə, DİM publik hüquqi şəxsdir. Pul qazana bilər. Amma kommersiya maraqları hər şeyi üstələməli deyil.
Düşünürəm ki, hökumət, DİM indiki durumda təhsili ön plana çəkməli, daha çox iddiaçının imtahan verməsi üçün imkanlar yaratmalıdır.
Sual kitabçaları əsasında iştirakçılar sonradan daha effektiv hazırlaşa, bilikləri paylaşa, appellyasiya müraciətləri edə bilər.
Əgər DİM normal test bazası formalaşdıra bilmirsə, onda pulu tələbədən, şagirddən deyil, hökumətdən istəməlidir. DİM-in peşəkar komandası, çoxsaylı ekspert qrupu, şəffaf iş prinsipləri və texnoloji imkanları var. DATA-nı, test bankını genişləndirmək və yeniləmək DİM üçün problem olmamalıdır.
Yeri gəlmişkən, DİM son zamanlar dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır və buradan da böyük vəsaitlər əldə edir.
Artıq DİM-ə yaxın qurumlar DİM-in DATA-sından istifadə edərək böyük bir biznes də qurublar.
DİM bu DATA-lardan bütün maraqlı tərəflərin bərabər əsaslarla istifadəsi üçün şərait yaratsa, düşünürəm ki, daha böyük vəsait əldə edə bilər.
Beləliklə, indiki halda, DİM-in sual kitabçalarını iştirakçılara qaytarmaması məntiqsiz və qanunsuzdur, bununla bağlı DİM-in izahatı ağlabatan deyil.
Odur ki, 50 manat xidmət haqqı ödəyərək imtahan verən iştirakçı sual kitabçasını da özü ilə götürə bilər”, - Osman Gündüz qeyd edib.
***
Xatırladaq ki, bir neçə gün öncə “Martın 5-dən buraxılış imtahanlarına start veriləcək. Bəs sual kitabçaları abituriyentlərə veriləcəkmi?” sualına DİM-in sektor müdiri Xanlar Xanlarzadə belə cavab verib:
“Sual kitabçalarının imtahandan sonra iştirakçılara verilməməsinin müxtəlif səbəbləri var. İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Test tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur”.
“Suallar müxtəlif imtahanlarda istifadə edilir”
DİM rəsmisi qeyd edib ki, bu iş göründüyü kimi sadə deyil.
"İmtahanda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun pasportuna yazılır. Bu tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi də istisna edilmir. Ona görə də tapşırıqları mühafizə etmək zərurəti meydana çıxır və kütləvi yayılması məqsədəuyğun hesab olunmur”, - deyə mövqeyini bildirib.
Y. MƏMMDƏLİ