Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. Xaricdə distant təhsil formasına əksər hallarda məlumatsız şəxslər bəzi xarici təhsil xidməti göstərən şirkətlərin tövsiyəsi ilə üz tuturlar.

Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, həmin universitetlər və ixtisaslar Azərbaycan tərəfindən tanınır, amma təhsil alma forması Azərbaycanın normativ hüquqi aktlarına uyğun olmadığı üçün onların diplomları tanınmır.

"Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur.

Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat almadan xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Və nəticə etibarilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər", - deyə o vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilib.

"Yəni tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqda ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir", - deyə o qeyd edib.

K.Əsədov eyni zamanda bildirib ki, əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir.

"Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq", - deyə ekspert əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN