Zaman keçdikcə, dövran dəyişdikcə təhsil sistemi də, təhsil alma da, təhsilə yanaşma da dəyişir.

Bir zamanlar insanlar yalnız hərfləri yazıb-oxumaqla kifayətlənirdisə, indi bu insana qəribə, hətta gülməli gəlir. İndi dünya dövlətləri bir-biri ilə elmi, texniki, iqtisadi  inkişafları, alimlərinin araşdırmaları, kəşfləri, ixtiraları...  ilə rəqabət aparırlar. Bütün sahələrdə hər bir ölkə çalışır ki, öndə getsin -  birinci olsun. İqtisadi cəhətdən güclü olan ölkələr başqa dövlətlərdən asılı olmur, vətəndaşlarının yaşayış səviyyəsi yüksək olur, hər bir sahə tərəqqi edir və s. Ona görə də inkişaf etmiş ölkələrdə insanların gündəlik həyat tərzi də, maraqları da, yaşayış səviyyəsi də həm fərqlidi, həm də yüksək. Və bütün bunların da önündə təhsil gəlir. Təhsildə nəticə əldə etmək üçün isə uzun illər lazımdır.

Elə bizim sovet dövrünün “şinelindən çıxmış” təhsilimiz də yerində dayanmayıb – inkişaf edir. İndi orta məktəblərdə, hətta qiymətləndirmə üsulu da dəyişib, növlərə bölünüb – summativ, formativ, diaqnostik...

Lakin hər nə ad verilirsə verilsin, hansı üsul seçilirsə seçilsin, əsas nəticə düzgün və doğru olsun. Necə deyərlər, nə şiş yansın, nə kabab. Bildiyimiz kimi, 5-6 mart tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirildi və nəticələri də aprelin 1-i açıqlanıb.

Lakin narazılıqlar “n” qədər. Məlumatlara görə, açıq tipli sualların qiymətləndirilməsində problemlər olub. Elə mövzu ilə bağlı ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev də KİV-də fikirlərini bölüşüb. Adil Vəliyevin sözlərinə görə, sosial şəbəkə hesabındakı canlı yayımda 90% faiz insan açıq tipli suallara verilən ballara etirazlarını, narazılıqlarını bildiriblər.

Qeyd edək ki, mütəxəssis də narazı qalanların fikirləri ilə razı olduğunu bildirib: ”...Bu mövzu ilə bağlı araşdırma apardıqdan və bir neçə marker müəllimlərdən də maraqlandıqdan sonra məlum oldu ki, həqiqətən açıq tipli sualları yoxlayarkən müəllimlər ciddi və kobud səhvə yol verirlər. Bu suallarda həll yolu, cavablar qeyd olunur. Marker müəllimlər isə yoxlayarkən sualların cavablarında DİM-in onlara təqdim etdiyi həll yollarının abituriyentin getdiyi yolla eynilik təşkil etməsinə üstünlük verirlər. Ancaq düşünmürlər ki, burada bir müəllim həmin həll yolu ilə bu cavabı əldə edib,buna baxmayaraq ola bilsin abituriyent daha yaxşı həll yolu ilə həmin cavabı əldə edə bilər”.   

Onun sözlərinə görə, "Əsas səhvlərdən biri də yoxlayan şəxsin ixtisas müəllimi olmamasıdır, yaxud ola bilər ixtisas müəllimi olsun, amma o sualın cavabını və həll yolunu tam olaraq bilmədiyinə görə, ona verilən yolun eynisini abituriyentin cavabında da görmək istəyir. Bu səbəblə abituriyentə ya sıfır bal yazılır, cavab qeydə alınmır, ya da çox aşağı balla qiymətləndir".

Həmçinin o, bildirib ki,  cavabları yoxlayanların çoxu müəllim deyil, aralarında sonuncu kurs və yaxud magistr tələbələri var. “Amma bu magistr tələbələri də bakalavriat səviyyəsini müəllimlik ixtisası üzrə bitirənlərdir”, - deyə vurğulayıb.

"DİM-in sınağından, müəyyən təlimlərdən keçən bir fənn müəllimi həmin fənn üzrə nə qədər çox sual yoxlasa, o qədər çox qazanır. Nəticədə yoxlama zamanı həmin şəxs bütün diqqətini buraya cəmləməkdə çətinlik çəkə bilər"  - bildirib.

Mütəxəssisin sözlərinə görə, “Daha çox qazanc olduğu üçün tez-tez yoxlanış edilə və nəticədə gözdən nə isə qaça bilər. Bu da çox absurd bir yoxlama prosesidir, nəticəsi abituriyentin gələcək həyatına təsir göstərir”.

***

Təhsilimiz inkişaf edir, yeniliklərə imza atır, amma bununla yanaşı, hətta ibtidai sinifdən belə repetitor xidmətinə çoxlu sayda müraciət edənlərin də olduğu danılmazdır. Orta məktəbin son pillələrində isə böyük əksəriyyət övladının imtahanlarda yüksək nəticə əldə etməsi üçün yaxşı müəllim – repetitor axtarır.

Lakin valideynlər üçün də ən dəhşətlisi odur ki, illərlə repetitor yanına  göndərdikləri övladlarının gələcək planlarını, arzularını bu cür qiymətləndirmə aparanlar bir anda göyə sovurur... Və bu, bir çox gənclərin psixoloji sarsıntı keçirməsinə səbəb olur.

Ümid edək  ki, mütəxəssisin iradları  nazirlik tərəfindən araşdırılacaq və tez bir zamanda narazılıqlar aradan qaldırılacaq.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN