Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Şəki rayonunun Kiş kəndində “Narın Qala” istirahət mərkəzinin qidalanma sahələrində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, mətbəx sahəsində müvafiq təmizlik və vaxtlı-vaxtında dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb. Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində konservləşdirilmiş məhsulların müştərilərə təklif edildiyi, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.