Dünyada baş verən iqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olurmuş.
Günəş şüalarını artıq qəbul etməyin orqanizmə zərərli təsirini çoxları bilir, amma onun həm də xərçəng xəstəliyinə səbəb ola biləcəyindən bəziləri xəbərsizdir...
Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər (trt).
Bristol Universitetinin iqlim elmləri üzrə professoru Den Mitçel (Dann Mitchell) İngiltərə və digər şimal ölkələrində insanların isti günlərdə daha çox açıq havada olduqlarını və bunun artıq günəş işığı və xərçəng faktoru olan ultrabənövşəyi (UV) şüalara səbəb olduğuna diqqət çəkərək deyib: "Biz deyə bilmərik ki, isti hava dalğası xüsusi bir xərçəngə səbəb olur. Amma bu da var ki, artan xərçəng riski insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə də əlaqədardır.”
Şeffild (Sheffield) Universitetinin medikal onkologiya üzrə professoru Sarah Danson da məsələ ilə bağlı narahatlığını ifadə edərək daha isti keçən yay aylarının melanomadan ölümə səbəb ola biləcəyini söyləyib.
Qeyd edək ki, Avropa ölkələri rekord qıran temperaturla mübarizə aparmaqdadır.
***
Xatırladaq ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov da KİV-ə açıqlamasında Günəşin zərərli təsirlərindən danışıb.
O, bildirib ki, Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif günəş yanmalarına gətirib çıxarır.
Professorun sözlərinə görə, birbaşa nüfuz edən Günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola, hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər.
Fərid Mahmudov dərisinin açıq yerlərində xalı olanlara da xəbərdarlıq edib: “Əgər başda, üzdə xallar varsa, Günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq kremlər sürtülməlidir”.
Y.MƏMMƏDLİ