Zərurət olmadan dünyada heç nə baş vermir. Amma xoş təsadüf də ayrı-ayrı sahənin adamlarını görüşdürmək gücündədir. Bu şəxsləri – ağ xalatlı Fariz Hüseynovu saf ağ qəlbli Giya Paçxataşvili ilə zərurət görüşdürü. Birincisi – məşhur kardioloq və ümumi cərrahdırsa, ikincisi ədəbi camedə tanınan, bənzərsiz tərcüməçi, dərin publisist, şair qəlbli Giya Paçxataşvilidir. Onları birləşdirən ümumi xətt nəciblikdir desəm yanılmaram. Hər ikisi təmsil etdikləri sahəyə böyük məsuliyyət və həssaslıqla yanaşırlar. Elə buna görə də hər ikisi hörmətin ən yüksək mərtəbəsində bərqərar olublar.

Fariz Hüseynovu ilk görəndə insanı müsbət aura bürüyür – hətta taxdığı eynək belə onun gülərüzlülüyünü gizlədə bilmir. Axı özü də gizlətmir öz səmimiliyini. Bu səbəbdən də işlədiyi kabinetin önü xəstələrlə dolub-daşır. Hamı da məhz bu həkimin əməliyyatından çıxmağı arzulayır: axı onun şəfalı əlləri neçə-neçə insanın ağrılarına məlhəm olub, öləziyən ümid çırağını gur yandırıb. Həkimin universal biliyi, hər xəstəyə özünəməxsus tərzdə yanaşması uğurun başlıca açarıdır.

Mən tibb işçisi kimi onun xəstələrə yanaşma tərzini müşahidə etdikdə qürurlanıram ki, bu sahənin əlaçı tibb bacısıyam. Bu səbəbdən də həkimə dəyər vermək mənimçün elə bir çətinlik yaratmır – axı özüm də 15 il həkimlərlə birgə çalışmışam. Dürüstünü də, saxtasını da müşahidə edə bilmişəm. Topladığım təcrübədən deyə bilərəm ki, Fariz Hüseynovun uğur mənbəyi onun zəhmətsevərliliyindən, tibbi yeniliklərə müntəzəm baş vurmağından və humanistliyindən keçir. Məhz belə mütəxəssislər hər bir tibbi ocağın və müəssisənin tapıntısı hesab oluna bilər. Bu mənada, Nizami rayonundakı “Yeni Klinika” böyük uduşdadır. Axı belə sənət xiridarlarını gündüz çıraqla da tapmaq mümkün deyil. Sadaladıqlarım bu Uzmanın başını əsla gicəlləndirmir – o sadəcə peşakarcasına öz işini görməkdədir. Nəticədə, həm həkim, həm xəstə uduşda olur. Belə həkimlərin sayəsində təbabətimizə azalan ümid çoxalmaq trayektoriyası ilə yüksəlir. Bu da inamı artıraraq təbabətimizin gələcəyinə nikbin baxmağa şərait yaradır. Məhz belə olduqda vətəndaşlarımız xaricdə deyil, doğma vətəndə şəfa tapmış olacaqlar. Odur ki, Fariz Hüseynov kimi həkimləri dəyərləndirmək biz vətəndaşların və səhiyyə məmurlarının birbaşa işidir.

“Sağlam bədəndə sağlam ruh olar”. Odur ki, bədəninizi Fariz həkim kimi sağlam ruhlu adamlara etibar edin – mən ona Givini etibar etdiyim kimi...

***

İkincisi isə damımın altında – ağlı başında, lupası əlində olan Giya Paçxataşvili – mənim Givimdir. Hələ onun dünyasına daxil olmamış tanımışam bu Ağ Adamı. Ləman Ələşrəfqızının verilişi, bu adamla bağlı digər süjetlər məndə maraq oyatdı və... Pünhan Şükürlə Qiymət Məhərrəmlinin vasitəsilə mən yaradıcı insanın ayrılmaz bir hissəsinə çevrildim. Givinin bədii yaradıcılığı, tərcümələri, xeyirxahlığı mənə də siraət etdi. 7 illik birgə yaşayış dönəmində çoxlu çətinliklərdən keçdik. Yaxşını pisdən seçdik və addım-addım nüfuz və şöhrətə çatdıq. Ədəbi cameəyə yaxınlaşmağım Givinin uğur sirlərinə bələdliyimi daha da artırdı. Məktəbdən ədəbiyyata və incəsənətə marağım dadıma çatdı. Kompüter biliklərim isə Givinin yaradıcılığını operativ yığmağa, redaksiyalara göndərməyə təkan verdi. Asta-asta rus dilinə etdikləri tərcümələri də kitab halına salıb müəlliflərə göndərirdim. Bu minvalla da neçə-neçə tərcümə kitabları işıq üzü gördü – hər ikimizi daha da məşhurlaşdırdı. Təbii ki, bunların hamısı Givinin əməksevərliliyi, istedadı və humanistliyi sayəsində başa gəlir. Özü demişkən: “Mən dostlarla milyonerəm”. Həqiqətən də Məhərrəm Qasımlı, Tahir Talıblı, Həzi Həsənli, Əflatun Amaşov, Qiymət Məhərrəmli, Elnur Eldaroğlu, Rais Rəsulzadə, Sehran Allahverdi, Səhər Əhməd və adı çəkilməyən neçə-neçə dostların varlığı ilə daima öyünür Givi.

Şəki-Bakı yollarında inamla üzü 65-ə addımlayan bu sənətkara və ağ xalatlı dostu Fariz Hüseynova ömür xoşluğu, güclü sağlamlıq və təmsil etdikləri sahələrdə uğurlar diləyirəm.

Xatirə Mikayılqızı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN