Cümşüd İbrahimov: ”Sol qolumun funksiyasının bərpa olunmadığını təsdiq edən bütün sənədlərim  qaydasında olsa da, həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci ildə müvafiq qərarının olmasına baxmayaraq, yenə də mənə əllillik dərəcəsi verilmir...”

 Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri təyin olunandan sonra  əlillik dərəcəsinin verilməsində çox ciddi problemlər yaşanır. Hətta elə anadan gəlmə xəstələr var ki, onların da əlilliyi kəsilir.   Bədəninin daxilində orqanlarının yarısı olmayan qaziyə əlillikdən imtina cavabı gəlir.

Redaksiyamıza ƏƏSM-dən daha bir şikayət daxil olub. Qax rayonunun Qaysarlı kənd sakini, 1967-ci il təvəllüdlü İbrahimov Cümşüd Zakir oğlu illərdir ƏƏSM-lə apardığı mübarizədən yazır.  C.İbrahimov redaksiyamızın elektron ünvanına göndərdiyi müraciətində yazır: ”…1992-ci ildə Qax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışam. O vaxtı təzəcə qızışmağa başlayan Qarabağda gedən döyüşlərdə iştirak etdim. 822 nömrəli hərbi hissənin tərkibində Ağdərənin azad olunmasında yaxından iştirak etmişəm. Lakin döyüşlərin birində, 14.07.1992-ci ildə sol kürəyimdən qəlpə və güllə, sağ budumdan isə ağır qəlpə yarası almışam. Döyüş dostlarımın sayəsində döyüş bölgəsindən təxliyyə edilmişəm. Həmin dövrdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 16.07.1992-ci ildən 19.08.1992-ci ilə kimi müayinə və müalicədə olunmuşam. Lakin indiyə qədər olan müalicələr, heç bir effekt verməyib və bü günə kimi sol çiynimdə hələ də qəlpə gəzdirirəm. Ona görə də sol qolumu tam işlədə bilmirəm ki, bu da iş fəaliyyətimdə mənə çox cidi problemlər yaradır. Sol qolumun funksiyasının bərpa olunmadığını təsdiq edən bütün sənədlərim qaydasında olsa da, həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2015-ci ildə müvafiq qərarının olmasına və 30 ildir mübarizə aparmağıma baxmayaraq, yenə də mənə əllillik dərəcəsi  verilmir.

Hörmətli «Təzadlar»! Xahiş edirəm qanunu haqqım olan əlillik dərəcəsinin verilməsində mənə kömək edəsiniz”.

qax-elil-2

 C.İbrahimovun redaksiyamıza müraciətini və qanuni haqqı olan əlillyinin verilməsi üçün apardığı 30 illik mübarizəsini ürək ağrısız oxumaq olmur. 1992-ci ildən bəri C.İbrahimov mütəmadi olaraq müalicələr alsa da, sol qolu öz funksiyasını tam bərpa edə bilmir. Bu barədə C.İbrahimov bizə bir neçə sənəd də təqdim edib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 04.07.2007-ci il tarixdə müalicə həkimi Vəliyevin imzası ilə yazılan çıxarışında oxuyuruq: “19.08.1992-ci ildə xəstə ambulator müalicəyə yazılıb. Xəstəyə cərrahi müdaxilə tövsiyyə edilir”.

 O, Qax rayon poliklonikasında həkim nəzarəti altında 18.09.2014-cü ildən 30.09.2014-cü ilə qədər müalicə alıb. Amma yenə sağlamlığı tam bərpa olunmayıb. Bununla bağlı çoxsaylı qurumlara, o cümlədən ƏƏSM-ə haqqı olduğu əlillik dərəcəsini almaq üçün müraciətlər edib. Amma nəticəsi olmayıb. Düzdür, C.İbrahimovun adı Qarabağ Veteranı kimi rəsmiləşdirilib və 80 manat təqaüdünü alır. Amma bu insan Vətənimizi qoruyarkən öz sağlamlığını itirib axı. Nəyə görə ona əlillik dərəcəsi verilməsin? Əlində daşdan keçən sənədlərin olmasına baxmayaraq, C.İbrahimov sağlamlığını itirməyə görə əlillik dərəcəsini ala bilmir. Hətta Müdafiə Nazirliyinin Hospitalından aldığı rəsmi arayış belə C.İbrahimova kömək ola bilmir. C.İbrahimovun bizə təqdim etdiyi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07-08-2015-ci ildə verdiyi 803 nömrəli qərarını olduğu kimi təqdim edirik: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının qərarı: Qax RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İbrahimov Cümşüd Zakir oğlunun döyüş zonasında xidmət keçərkən 14.07.1992-ci ildə aldığı və 16.07.1992-ci ildən 19.08.1992-ci ilə kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnozu: “Sol kürək nahiyəsinin yumşaq toxumalarını dəlib-keçən güllə yarası, 1-li cərrahi işləndikdən sonrakı vəziyyət, həmin nahiyənin qazlı qanqrenası. Sağ budun arxa səthinin orta 1/3 hissəsinin kor qəlpə yarası” (Sənədlər: Azərbaycan Respublikası SHXÇDX-nin Qax rayon bölməsinin 21.07.2015-ci il tarixli 182 saylı və 31.07.2015-ci il tarixli 193 saylı arayışları, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 19.08.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nin həkim mütəxəssisin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR”.

 Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi rəisinin müvini, Mərkəzi Həkim Komissiyasının sədri, tibbi xidmət polkovniki: Elxan İbrahimov”.

***

 Göründüyü kimi, bu boyda daşdan keçən sənəd də ƏƏSM qapılarından içəri yol tapa bilmir.

İnanırıq ki, müharibə veteranının bu problemi tezliklə həllini tapacaq.

Məsələ ilə bağlı nazirliklə əlaqə saxladıq. Bildirildi ki, şikayətçi sənədlərini təkrarən göndərsin, araşdırılıb müvafiq qanuni qərar veriləcək. 

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN