"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Leyla Babayeva və onun rəhbərlik etdiyi tibb personalı göz xəstəliyindən əziyyət çəkən bütün insanların ümid yeridir"

Son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyədə də müsbət irəliləyiş müşahidə olunur. Kadr islahatlarının aparılması, yeni tibb ocaqlarının istifadəyə verilməsi sayəsində insanların sağlamlığına xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu baxımdan, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin fəaliyyəti də təqdirəlayiqdir.

Bu barədə Azərbaycan KP Ağdam şəhər təşkilatının 1-ci katibi Amil Ağalar redaksiyamıza göndərdiyi məktubunda bildirir.

Məktub müəllifi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri, oftalmoloq-cərrah Leyla Babayevadan razılıq edir.

A.Ağalar yazır: "Xeyli vaxt idi ki, göz xəstəliyindən əziyyət çəkirdim. 2017-ci ildə hər iki gözümdən əməliyyat olundum, gözümə linza qoyuldu. Bir müddətdən sonra sağ gözüm mənə rahatlıq vermədi. Bir sözlə, görmək ümidimi itirmişdim. Sahə həkimi məni şəkərlə bağlı müayinəyə göndərdi. Analizdə şəkər çıxdı. Məni sığorta ilə Mərkəzi Neftçilər Xəstəxanasının Oftalmoloji şöbəsinə göndərdilər. Lakin orada təkrar əməliyyat olunmağıma böyük məbləğ istədiklərinə görə müalicəmi davam etdirmədim. Etirazımı nəzərə alaraq məni bu dəfə “Badam Medical Center”-ə göndərdilər. Burada 7 ay müalicə olundum. Müalicəm uğurla davam etməsinə baxmayaraq, özəl klinika olduğu üçün maddi imkansızlıq üzündən “Badam Medical Center”dəki müalicəm yarımçıq qaldı. Məcbur olub bu dəfə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinə üz tutdum. Şöbədə olarkən səhər tezdən idi. Burada istər paytaxtdan, istərsə də regionlardan gələn insanlar həkimin qəbuluna düşmək üçün növbə gözləyirdilər. Şöbədəki səliqə-sahmana isə söz ola bilməzdi. Şöbə müdiri Leyla Babayevanın rəhbərliyi ilə çalışan həkimlər öz işlərində müasir texnologiyaların tətbiqinə maksimum səy göstərirdilər.

...Şöbə müdiri Leyla Babayeva qayğılı görünürdü. O, çalışırdı ki, şöbədə müayinə düzgün aparılsın, əməliyyat işləri uğurla yekunlaşsın. L.Babayeva ilə görüşmək üçün bir qədər gözləməli olduq. Leyla həkim vaxt tapıb iş otağına keçdi. Qısa, lakin olduqca səmimi söhbət etdik. Dedi ki, insanların sağlamlığı keşiyində durmaq həkimlərin vəzifə borcudur, adi bir diqqətsizlik nələrə gətirib çıxara bilər? Ona görə də çalışırlar ki, müayinə və müalicələr uğurla həyata keçirilsin, qısa vaxtda xəstələr şəfa tapsın...

L.Babayeva ilə söhbətdən sonra vaxt itirmədən sağ gözümdə dəqiq müayinə və əməliyyat aparıldı. Bu müddətdə tibb işçiləri tərəfindən mənə çox böyük qayğı göstərildi. Onların sayəsində şəfa tapdım. İndi özümü yaxşı hiss edirəm.

Üç günlük müalicə müddətindəki müşahidələrimə görə, deyə bilərəm ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin peşəkar tibb personalı insanların səhhətinin keşiyində durmaqdan, onlara xidmət etməkdən qürur duyur, vəzifə borclarının öhdəsindən bacarıqla gəlməyi, pasientlərin sağlamlığını qorumağı, narahatlığı olanlara tibbi yardım göstərməyi özlərinə mənəvi borc bilirlər.

Təbii ki, hər bir xəstə ilk növbədə ümidini həkimə bağlamalı, onun şəfalı əllərinə güvənməlidir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Leyla Babayeva və onun rəhbərlik etdiyi tibb personalı isə göz xəstəliyindən əziyyət çəkən bütün xəstələrin ümid yeridir.

Qeyd etdiyim kimi, burada müayinə və əməliyyat zamanı, eyni zamanda əməliyyatdan sonrakı vaxtda həkim və bütün tibb personalı tərəfindən yüksək qulluq və xəstə ilə çox gözəl davranış qaydası gördüm. Ona görə də başda şöbə müdiri Leyla Babayeva olmaqla həkim və bütün tibb personalına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Çox sevindim ki, Azərbaycanda belə tibb müəssisəsi və belə bacarıqlı, peşəkar həkimlər var".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN