Birinci dərəcəli Qarabağ qazisi , DİN-in zabit-pensiyaçısı Məğrur Bədəlsoy Ağamalı oğlu Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinə müalicəyə göndərilməsinin təşkil edilməsi diləyi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

Sağlamlığım elə həddədir, elə ağır durumdayam ki, Sizdən yardım diləməkdən özgə yolum qalmır. 29 ildir Qarabağ uğrunda savaşda aldığım ağır baş-beyin travmasından əziyyət çəkirəm. Son 25 ilə yaxın müddətdə Səhiyyə Nazirliyi, demək olar, hər il respublikadan kənarda müalicə olunmağıma rəy verib, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir dəfə də olsun müalicəmi təşkil etməyib, hətta adi yol haqqını belə ödəməkdən “qələm qınağı”na görə qərəzlə imtina edib. Öz hesabıma, yaxın xaricdəki tələbə dostlarımın, qohumlarımın hesabına müalicədə olmuşam. İndi isə heç ölkə içində müalicəmin təşkilindən, iki ildən çoxdur diləsəm də, burdan–bura Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinə göndərilməyimdən imtina edilir. Dörd il öncə Səhiyyə Nazirliyi ilə ƏƏSMN-in birgə komissiyasının rəyi ilə respublikadan kənarda müalicəmi təşkil etməkdən imtina edildi ki, ƏƏSMN heç bir ölkə ilə müqavilə bağlamadığından müalicəmizin xaricdə təşkili mümkün deyil . İndi necə, Naxçıvanla da müqavilə bağlanılmayıb? Son iki ildə ağır bronxial astmadan ölüm ayağındayam, beş qabırğam yoxdur. Artıq boğulmalar tutanda yardıma anında hospitalizasiyadan özgə heç nə çatmır. Nə yaxşı ki, DİN-in tibbi uçotundayam, hospital anında dadıma çatıb həyata qaytarır. Onu da vurğulayım ki, mənə COVID-19 əleyhinə vaksin vurulmasından da imtina edilib ki, əks-effekt verər. İndi isə “əks effekt sertifikatı” verilməsi də təmin edilmir. Ali dövlət hakimiyyəti orqanları - Milli Məclis, Nazirlər Kabineti İcbari Tibbi Sığorta Bürosuna, o isə Səhiyyə Nazirliyinə, TƏBİB-ə müraciətlər etsə də, hələ də nəticə yoxdur. Astmadan, hələ ki, hər ay pulsuz verilən “Erflyusal-Forspiro” inhalyasiya vasitəsinin yardımı ilə qorunuram.

ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA) il yarımlıq gözləmədən sonra bildirdi ki, hərbi qulluqçu Qarabağ qazilərinin sanatoriya müalicəsinin təşkili SXA-nın səlahiyyətləri daxilində deyil. Bəs kimin səlahiyyətlərindədir? Daxili İşlər Nazirliyi ƏƏSMN-i nişan verir, ƏƏSMN isə hərbi qurumları. Belə ötür-ötürlə müalicə təşkil olunmur axı! Son xidmət yerim olan DİN Daxili Qoşunlarının sanatoriya yollayışı və digər sosial güzəştləri verməməsi özbaşınalığından Prezidentə şikayət etdim, məhkəmə yolu ilə “idarənin şərəf və ləyaqətinin müdafiəsi” adına özümdən 30 milyon tələb etdilər! Mənim məhkəməyə müraciətimə isə Bakı İnzibati Məhkəməsi (hakim Rüstəm Kərimli) və yuxarı instansiyalar prezidentin fərmanını saxtalaşdıraraq qadağa qoyub ki, ƏƏSMN-in tabeliyindəki qurumlar ƏƏSMN-ə tabe deyil, özbaşına qurumlardır.

Hörmətli Mehriban xanım!

Rəhbəri olduğunuz Heydər Əliyev Fondunun dəstəyi ilə ehtiyacı olanların daim əlindən tutmusunuz. Mənim Sizdən bircə diləyim var: ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyini, ya da hansı qurumun görəvidirsə, onu görəvinin, işinin icrasına məcbur edib, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəmi təşkil edəsiniz".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN