18 oktyabr 2024-cü il tarixində Ailə Qadın və Uşaq Komitəsi və Liv Bona Dea Xəstəxanasının birgə təşkilatçılığı ilə ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində “Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib.
Tezadlar.az xəbər verir ki, konfransda qeyri-hökumət təşkilatlarının rəhbərləri, Komitə və Xəstəxananın əməkdaşları, həkimlər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Xəstəxanın Baş Direktoru Taner Özbek ictimaiyyətin diqqətini süd vəzi xərçəngi ilə mübarizəyə yönəltmək məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bütün dünya məhz oktyabr ayı bu mövzu ətrafında daha çox düşünür və müzakirələr aparır. T. Özbek xüsusilə qadınlar və uşaqlar üçün reallaşdırılan işlərdə və həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu vurğulayıb.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, tədbirin məqsədi qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsüllarının əhəmiyyətini vurğulamaqdır. S. Qəhrəmanova ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qadın məsələləri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının tədbirdə iştirakına diqqət çəkən sədr müavini bildirib ki, sıralarında çoxsaylı qadınları birləşdirən belə təşkilatlar süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işinə töhfə verərək, əldə etdikləri məlumatları daha geniş kütləyə çatdıra bilərlər. Qeyd edib ki, xəstəliklə əlaqədar gənc nəslin maariflənməsi xüsusi əhəmiyyət kəsb edir.
Görüş zamanı Xəstəxananın müvafiq sahə üzrə peşəkar həkimləri mövzuya dair təqdimatla çıxış ediblər. Həkimlər tərəfindən xəstəliyin risk faktorları, onun əlamətləri, müayinə metodları barədə iştirakçılara geniş məlumat verilib, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edilib. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə süd vəzi xəçəngi ilə bağlı maarifləndirici materiallar paylanılıb.
R.XUDATQIZI