Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ürək çatışmazlığında yeniliklər konqresinə yekun vurulub.

Tezadlar.az xəbər verir ki, konqresin ikinci günündə kardioloq-alim Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş klinik hal müsabiqəsi, “Ürək çatışmazlığında hemodinamik dəyərləndirmə”, “Xroniki ürək çatışmazlığı”, “Kardiak görüntüləmə və ikincili mitral çatışmazlıq”, “Ürək çatışmazlığında reabilitasiya”, “İşemik kardiomiopatiya”, “Ürək çatışmazlığı və komorbid vəziyyətlər”, “Ürək çatışmazlığı və spesifik hallar” mövzularında panel sessiyalar keçirilib. Ümumilikdə iki gün ərzində 13 panel sessiyada yerli həkimlərlə yanaşı, xarici ölkələrdən gələn mütəxəssislərin də məruzələri dinlənilib.

Azərbaycan Tibb Universitetinin müəllimi, Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri Fidrovsi İbrahimov ürək çatışmazlığına xüsusi diqqət yetirilməsinin səbəbini ölüm faizinin çox yüksək olması ilə əlaqələndirib: “İnsanlar xərçəng xəstəliyindən qorxsalar da, ürək çatışmazlığının ölüm faizində onu çox üstələdiyini bilmələri lazımdır. Konqresi keçirməkdə iki əsas məqsədimiz var idi. Birincisi, ürək çatışmazlığına səbəb ola biləcək hadisələrin qarşısını ala bilmək. Ən yaxşı üsul xəstəlik yaranmadan onun qarşısını almaqdır. Bu, asan, həm də yaşama müddətini uzadacaq bir haldır. İkincisi, ürək çatışmazlığı yaranıbsa, ondan sonra yaşama müddətini və keyfiyyətini artıracaq və ölüm faizini azaldacaq müalicə strategiyalarının, yeniliklərin müzakirəsi və bütün halların yenidən gözdən keçirilməsidir.

Azərbaycanda bir tədqiqat apardıq və stend qoyulmuş, o cümlədən cərrahi əməliyyat keçirmiş xəstələri ayrıca dəyərləndirdik. Ürək çatışmazlığı olan xəstələrdə, həmin xəstəlikdən əziyyət çəkməyənlərlə müqayisədə qəfil ölüm hallarında çox ciddi fərqin olduğunu gördük. Ürək çatışmazlığı olanların 76 faizində qəfləti ölüm birbaşa ürək çatışmazlığı ilə əlaqəli ikən, ürək çatışmazlığı olmayanların 50 faizində qəfləti ölüm halları müşahidə oluna bilir”.

Mütəxəssis gənclər arasında ürək çatışmazlığından qəfil ölümün ən böyük səbəbinin narkotik maddə istifadəsi olduğunu deyib: “Gənclər narkotikin təsiri altında olduqlarından gizli miokard infarktı keçirdikdə hiss eləmirlər. Bəzən adi qripin fəsadı kimi ürək çatışmazlığı yarana bilər. Digər səbəblər isə qapaq xəstəlikləri, genetik xəstəliklər şəklində qarşımıza çıxır. Son zamanlar enerji içkilərinin də ürək çatışmazlığını yaradan səbəblərdən biri kimi müşahidə edirik. COVID-19 pandemiyası da ürək çatışmazlığı xəstələrinin sayını artırıb.

İstanbul Memorial Bahçelievlər Xəstəxanasının kardioloqu Özge Özdem ürəyin işemik xəstəliklərinin çox yayıldığını, xüsusilə də artıq çəki, hərəkətsiz həyat, həddən artıq fəst fud, siqaret istifadəsi, stress fonunda ürək-damar xəstəliklərinin getdikcə artdığını bildirib: “Ürək-damar xəstəlikləri dünyada mortallıq və morbidliyin ən önəmli səbəblərindən biridir. Əvvəllər ürək-damar xəstəliklərinə 55-60 yaşlardan sonra rast gəlinirdisə, hazırda gənc yaşlarda da müşahidə olunur. Təəssüf ki, həmin xəstəliyi 35 yaşlardan etibarən görə bilirik. Pandemiyanın da ürək-damar xəstəliklərinin artımına birbaşa və dolayı yolla təsirləri oldu”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN