Gürcüstanda koronavirusun omikron ştamının (BA.5) 7-ci dalğası başlayıb.
Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının həkimi Aleksand Qoqinava “Rustavi2” televiziya kanalındakı çıxışında deyib. Bildirilir ki, iyunun 20-dən 26-dək ölkədə 1058 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb. Bu, son iki ayda ən böyük həftəlik yoluxma göstəricisidir.
A.Qoqinavanın sözlərinə görə, omikron ştamına yoluxma ilə əlaqədar xəstəxanaya müraciətlərin sayı artıb. Xəstəxanada yetərincə koronavirus xəstəsi var. Telefonla məsləhət alanların sayı isə daha çoxdur. Bu isə ölkədə koronavirus xəstələrinin sayının daha çox olduğunu deməyə əsas verir.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze isə deyib ki, BA.5 virusu artıq xeyli vaxtdır ki, ölkədə BA.2 virusunu əvəz edib.
Artıq yoluxanların yarıdan çoxunda BA.5 virusu aşkarlanır.
Beynəlxalq ekspertlərin qənaətinə görə, yeni omikronun BA.5 növü “delta” və digər növlərlə müqayisədə daha tez yayılır.
Ekspertlər hesab edirlər ki, vəziyyətdən yeganə çıxış yolu vaksinasiyadır.
Son həftə ərzində Gürcüstanda cəmi 2 min nəfər vaksinasiya olunub.
E.ŞİRİNOV