"Bu gün Dünyada böyük dövlətlərin savaşı gedir".

Bu sözləri "Təzadlar"a açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib. O bildirib ki, Rusiya ilə Birləşmiş Ştatlar arasında savaş var: "Bu savaşın birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. Artıq Birləşmiş Ştatlar və NATO bloku Rusiyanı düşmən elan edib və siyasi səhnədən silmək istəyir. Ona görə Rusiyanın sərhədlərində qaynar ocaqlar, münaqişə ocaqları yaratmaqla Rusiyanı təkləyib və onu münaqişəyə cəlb etməklə zəiflətmək istəyir. Təbiidir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazı öz təsirinə alıb Rusiyanın cənub cinahını bağlamaq niyyətindədir. Ona görə Gürcüstan və Ermənistanda baş verən hadisələrə qlobal güclərin Rusiya ilə Birləşmiş Ştatların arasında gedən savaşın tərkib hissəsi kimi baxmaq lazımdır. Birləşmiş Ştatlar demokratiya ideyası altında müxtəlif dövlətlərdə dövlət çevrilişi edir və dövlətləri öz təsirinə salaraq Rusiya əleyhinə istifadə edir. Gürcüstan, Ukrayna və Ermənistan bu demokratiya ideyası altında dövlət çevrilişi edib və Rusiya əleyhinə istifadə edilən dövlətlərdən olub.

Saakaşvili Soros fondunun maliyyə dəstəyi və Birləşmiş Ştatların diplomatik dəstəyi ilə hakimiyyətə gəldi, Rusiya əleyhinə istifadə olundu. O cümlədən də Ermənistanda da həmin ssenari həyata keçirilir. İndiki Gürcüstan hakimiyyəti Gürcüstanın hakim zümrəsi çalışır ki, daha müstəqil və balanslaşdırıcı siyasət həyata keçirsin. Gürcüstanda baş verən hadisələr Birləşmiş Ştatların maraq dairəsində deyil. O baxımdan Gürcüstanda hakimiyyəti devirib özlərinə münasib olan hakimiyyəti qurmaq istəyirlər. Bundan da Rusiya əleyhinə istifadə etmək istəyirlər. Hazırda Gürcüstan hakimiyyəti çalışır ki, dövlət və xalqın maraqlarını nəzərə alaraq daha suveren, müstəqil siyasət həyata keçirsin. Bu baxımdan Agentlər haqqında qanun layihəsini qəbul etməklə xarici dövlətlərin Gürcüstanın daxili işlərinə müdaxiləsinə yol verməmək üçün bu qanunu qəbul etməkdə maraqlıdır. Qərb, başda Birləşmiş Ştatlar olmaqla bu qanunun qəbul edilməsindən narahatdır. Qanun qəbul edilərsə, Qərb Gürcüstanın daxili işlərinə müdaxilə etməkdə çətinlik çəkəcək. Çünki Birləşmiş Ştatlar və Qərb QHT-lər vasitəsilə siyasi partiyalar və bəzi kütləvi informasiyaları qrant layihələri vasitəsilə öz təsirinə salır. Bundan öz məqsədləri üçün istifadə edir. Müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyaları maliyyələşdirməklə həmin qüvvələrin sosial bazasından öz məqsədləri üçün alət kimi istifadə edir. Bu baxımdan qəbul ediləcək qanun Gürcüstanı daha müstəqil siyasət yeritməyə əsas olacaq. Birləşmiş Ştatlar və Qərb Gürcüstana təzyiqlər edir. Gürcüstan sanksiyalarla hədələnir. Hesab edirəm ki, Birləşmiş Ştatlar Gürcüstanda dövlət çevrilişi etmək niyyətindədir. Bildiyimiz kimi oktyabr ayında Gürcüstanda seçkilər olacaq. İndiki proseslər də seçkilərə təsir etmək üçün aparılan mübarizənin tərkib hissəsidir".

8c706cf1-7f14-4efd-9c5b-44dde9bff69b

"Ermənistanda isə proses fərqlidir. Paşinyan Soros fondunun, Birləşmiş Ştatların dəstəyi ilə hakimiyyətə gəldi. Paşinyan faktiki olaraq Birləşmiş Ştatların əlində bir alətdir. Son vaxtlar Paşinyan bir qədər yumşaldıcı siyasət həyata keçirir. Bu isə Qərbin maraq dairəsində deyil. Çünki Qərb radikal Paşinyan istəyir. Birləşmiş Ştatlar və Qərb Paşinyan hakimiyyətə gətirilən zaman onun qarşısında bir məsələ qoyub ki, Rusiyanın təsir dairəsini Ermənistanda zəiflətsin. Bu baxımdan Paşinyan açıq şəkildə Rusiya əleyhinə siyasət yeridir. Reallıq ondan ibarətdir ki, Rusiyanın Ermənistana həm iqtisadi, siyasi, həm də hərbi baxımdan təsir etmək imkanı var. Paşinyan da bunu yaxşı bilir, siyasətini yumşaltmağa çalışır. Bu isə Qərbin maraq dairəsində deyil. Qərb Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı deyil. Sülh olarsa, Qərbin Cənubi Qafqaza girməsi real olmur. Çünki Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Rusiyanın da cənub cinahının bağlanması üçün mütləq şəkildə Birləşmiş Ştatlar və Qərb çalışır ki, Azərbaycanı öz təsirlərinə salsınlar. Azərbaycan isə dövlət və milli maraqlarını nəzərə alaraq balanslaşdırıcı siyasət yeridir. Böyük dövlətlərin əlində alətə çevrilmir, Qoşulmama Hərəkatının üzvüdür. Heç bir hərbi bloka qoşulmur və həm şimal, cənub, həm şərq, qərblə siyasətini, münasibətlərini balanslaşdırır.

Qərb çalışır ki, Ermənistan-Azərbaycan arasında şərti sərhəddə münaqişə yaratsın. Bu gərginlik fonunda Qərbin beynəlxalq sülhməramlı qüvvələri adı altında öz kontingentini Ermənistanda yeritsin və güclənsin. Ümumilikdə Birləşmiş Ştatların Cənubi Qafqazda strategiyası bundan ibarətdir ki, üç Cənubi Qafqaz Respublikalarını öz təsir dairəsinə salaraq Rusiyanın cənub cinahını bağlasın. Rusiya da dövlət və milli maraqlarını nəzərə alaraq ona uyğun adekvat siyasət həyata keçirmək istəyir. Xüsusilə, Cənubi Qafqazda aparıcı dövlət Azərbaycan olduğu üçün bütün böyük güclərin maraqlarını balanslaşdıran Azərbaycandır. Qərb isə çalışır ki, Azərbaycanı təsirinə salsın. Həm Rusiya əleyhinə, həm də İran əleyhinə istifadə etmək istəyir. Təbii ki, Azərbaycan da qonşularla dinc yaşamaq prinsipini həmişə meyar tutub. Qonşularla düşmənçilik siyasətinə getmir və üçüncü dövlətə Azərbaycan üzərindən Rusiya və İran əleyhinə fəaliyyət göstərilməsinə razılıq vermir. Bu baxımdan Qərb çalışır ki, Ermənistan üzərindən Azərbaycana təzyiq etsin.

Hazırda Ermənistanda baş verən etiraz aksiyaları isə ilk baxışdan belə bir görüntü yaradır ki, Ermənistanda baş verən etirazların izləri Rusiyaya yönəlir. Qərb etirazları Paşinyanın üzərinə qaldırmaqla Paşinyana təzyiq edir. Əgər Paşinyan Rusiya, Azərbaycanla münasibətində yumşaldıcı siyasət həyata keçirərsə, bu zaman başda Birləşmiş Ştatlar olmaqla Qərb Paşinyanı hakimiyyətdən devirib daha radikal qüvvələri hakimiyyətə gətirəcək. Ermənistanda kilsənin himayəsi altında qalxan etirazlar isə Paşinyana qarşı Qərbin təzyiqidir. Çünki kilsə dövlət içində bir dövlətdir. Kilsə erməni ideologiyasını formalaşdıran erməni cəmiyyətini yönəldən, qəbul edilmiş ideologiyanı həyata keçirmək üçün lazım gəldikdə terroru himayə edən bir mərkəzə çevrilib. Paşinyanın son vaxtlar apardığı siyasət kilsənin də maraqlarına ziddir. Ona görə etirazlar Paşinyana açıq təzyiqdir.

Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi üçün Rusiya daha çox maraqlıdır. Ona görə ki, Rusiyanın Avropa ilə əlaqəsi kəsilib. Rusiyanın beynəlxalq aləmə, Azərbaycan üzərindən İrana, Türkiyəyə və Afrika coğrafiyasına çıxması üçün mütləq Cənubi Qafqazda stabillik olmalıdır. Əgər Ermənistan-Azərbaycan arasında sülh olarsa, Qərbin Cənubi Qafqaza girməsi reallaşmır. Çünki Qərb münaqişə yaratmaqla öz siyasətini həyata keçirir. Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda savaş var" - deyə o, əlavə edib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN