Cərrah Fərman Həsənov: “Eşitdim ki, əməliyyatdan sonra yaralı döyüşçüyə qan lazımdır, dərhal...”

 ...Onunla iş otağında, çalışdığı Tibb Universitetinin üz-cərrahiyyəsi kafedrasında görüşdük. Gülərüz, səmimi, bir az da, sanki tələskən görkəmi var. Bu da yəqin ki, işiylə, sənətiylə əlaqədardır.

***

...Biz ora çatanda əlaqə saxladıq, danışdıq, bizə istiqamət verdi, getdik... Amma çatanda iş otağında yox idi. Fürsətdən istifadə edib divarda asılan Fəxri Fərmanlara, sertifikatlara, Diplomlara baxırıq... Bir həkim üçün bunları qazanmaq asan iş deyil. Həm də ki, bir cərrah üçün... Doktor bunların hamısını öz  çətin zəhmətiylə qazanıb... Görəsən, müsahibə necə alınacaq fikri ilə həkimi gözləyirik. Və budur qapı açılır və şəkildən gördüyümüz, qəzetin Baş redaktoru Asif Mərzilinin bir neçə gün əvvəl barəsində inanılmaz, əfsanələrə bənzər faktlar danışdığı Fərman həkim gülə-gülə bizi salamlayır... Və vaxt itirmədən müsahibəmizə başlayırıq:

- Fərman həkim, necə təqdim edək sizi? Bir müəllim, bir də həkim müqəddəs peşədir. Siz tələbələrinizin, xəstələrinizin simasında tanınırsız onsuz da...

- Mən Həsənov Fərman İbrahim oğlu, 1959-cu ildə Tovuzun İbrahimhacılı kəndində anadan olmuşam. 2 övladım var. Oğlum Aqil və qızım Səbirə doktor, gəlinim Yaqut xanım psixoloqdur. Biz “Həsənovlar şirkəti” nəzdində “RED DENTAL” klinikası yaradaraq orda çalışırıq. Onlar bütün günü, mən isə Universitetdəki pedoqoji işimdən sonra o ailə klinikaşında çalışıram. Mən ATU-nun “Agız və üz-çənə cərrahiyyəsi” kafedrasının dosentiyəm. Həm də ATU-nun Tədris Cərrahiyyə Klinikasının “Agız və Üz-cənə cərrahiyyəsi” şöbəsinin müdiriyəm. 1986-cı ildə Tibb Universitetini bitirmişəm. Dörd il Tovuzda işləmişəm. 1990-cı ildən isə ağız-üz cərrahiyyəsi kafedrasında assisent, 2001-ci ildə Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Artıq 32 ildir tələbələrlə tədris və eyni zamanda müalicə işinə baxıram. Bu müddət ərzində 2 müharibə görmüşəm; Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsi. Tibb Univetsitetində 3, 4 və 5-ci kursların tələbələri 2 semestr bizim kafedramızda təhsil alırlar. Məhz buna görə, respublikada və respublika hüdudlarından kənarda işləyən həkimlərin əksəriyyəti mənim yetirmələrimdir. Mən həkim olaraq bununla fəxr edirəm...

- İşləriniz beynəlxalq arenada necədir, barənizdə maraqlı və inanılmaz faktlar eşitmişik...

- Çox sevindirici haldır ki, bu il Beynəlxalq Dünya Akkreditasiya Komissiyası bizə müraciət elədi. Bu bizim üçün çox əhəmiyyətli bir qərar idi. Çünki əgər bu komissiyadan keçsəydik, bizim universitetin diplomları xaricdə tanınacaqdı. Əslində, bu çoxdan lazım idi. Çünki bizim həkimlər çənə-üz cərrahiyyəsi sahəsində çox irəliləyiblər. Məsələn, təsəvvür edin ki, bəzi  xəstələr olur, gəlir bizdə müayinə və əməliyyat olunur. Sonra xaricə gedib bizim həkimlərin verdiyi diaqnozu və əməliyyatın nəticələrini ordakı həkimlərlə araşdırmağa aparırlar. İnanın ki, bizim həkimlərin qoyduğu diaqnozu və etdiyi əməliyyatı xarici həkimlər də nəinki təsdiq edirlər, hətta bəzən inanmırlar ki, bu əməliyyatı Azərbaycanda ediblər...

Çox şükür ki, bu il o komissiya çox sərbəst şəkildə keçirildi. Və komissiya təsdiq etdi ki, bizim kafedranın həkimləri dünyanın hər bir yerində aparılan əməliyyatlarda iştirak edə bilərlər. Əlbəttə, bu da ondan irəli gəlir ki, univeritetin Elmir Əkbər, Teymur Babayev kimi savadlı rəhbərləri olub...

- Həkimlik elə bir peşədir ki, hər kəs həyatında həkimə müraciət etməli olur. Sizə ən çox hansı problemli xəstələr müraciət edir?

- Bizim ilk universitet ixtisasımız stomatoloqdur. Bizə çox vaxt “diş həkimi” kimi müraciət edirlər, bir növ bizi stomatoloq kimi qəbul edirlər. Lakin bu işlər tam fərqli-fərqli işlərdir. Çünki biz üz-çənə cərrahı kimi çətin bir işlə məşğuluq. Bura ağız içi, güllə və qəlpə yarasından dağılmış üz-çənə nayihəsi, damaq yarığı, çənə sümüyünün anadangəlmə və ya sonradan qazanılmış fəsadları, boyun ətrafı, alın dağılması aiddir. Müharibə vaxtı isə ən çox müalicə etdiyimiz güllə yarasından sonra sifətin yumşaq toxumasıyla çənənin deformasiyası oldu...

- Müharibədə əsgər vətəni, həkim əsgəri qoruyur. o agır günləri necə xatırlayırsız?

-  İstər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində çox çətin günlər, ağır əməliyyatlar keçirdik. Lakin etiraf edim ki, bizim o vaxt nə müasir avadanlığımız, nə də əməliyyat aparmaq üçün materiallarımız, tibbi ləvazimatlarımız yox idi. Adicə çənə əməliyyatını çox çətin həyata keçirirdik. Çünki zədələnmiş hissəni metal paslanmayan məftillə yığmalı olurduq. Nə qədər savadlı, bilikli həkim olsa da, ləvazimat olmayanda o da öz bacarığını ortaya qoya bilmir. İndi isə elə gözəl çənə lövhələri var ki, biz zədələnmiş hissəni asanlıqla ora yığa bilirik.

Vətən müharibəsinin ilk günlərində- oktyabrın 2-də biz kafedra müdirimiz Çingiz Rəsulovun başçılığı ilə Hərbi Hospitala müraciət etdik. Çünki bilirdik ki, hospitala gətirilən yaralıların çoxusu üz-çənə nayihəsinin güllə yarasından dağılması fəsadı ilə gətirilir. Bu əməliyyatı isə ən yaxşı bizim kafedranın həkimləri bacara bilərdi. Çünki bu bizim ixtisasımız, sahəmiz idi. Həm də hospitalda yer azlığı idi, yaralılar həddindən artıq çox idi. Gücləndirilmiş iş rejimində, gecə-gündüz çalışırdıq. COVİD-19 virusunun da tüğyan etdiyi bir vaxt idi. Yaralıların vəziyyəti bizi, ancaq onları sağaltmağa cəlb edirdi. Yalnız istəyimiz bu idi ki, əməliyyatlarımız uğurlu olsun. Biz əməliyyatlarımızın hamısını uğurla keçirdik, itkimiz olmadı, çox şükür... Əsgərlərimizdən aşağı və yuxarı ətrafların güllə yarasından deformasiyası fəsadı ilə gətirilənlər də olurdu. Vəziyyət çox gərgin idi...  Covid virusu çox sürətlə yayılmışdı. Hətta dezinfeksiya tədbirləri də təsir etmirdi. Lakin biz buna məhəl qoymurduq. Əsas hədəfimiz yaralılarımızın uğurlu əməliyyat olunub həyata qayıtması idi...

- Doktor, hər bir həkimin vizit kartı olacaq bir işi olur. sizin necə, varmı belə işiniz?

- Mən sənətimi sevərək bu işə gəlmşəm. Sənəti sevməsən işləyə bilməzsən, işləsən də uğur əldə edə bilməzsən. Həkim ətrafına işıq saçmaq üçün özü yanır. Bu sənətin özəlliyi də bundadır. Bilirsiz, hərdən elə olur ki, evdə nəsə problem olur, amma mən özümü ora çatdıra bilmirəm. Öz xəstələrimi atıb ailəmin yanına getmək ağlıma da gəlmir. Çünki mən həkiməm. Bu insanlar məndən kömək diləməyə gəliblərsə, mən onları ümidsiz buraxa bilmərəm. Məncə, həkimin vizit kartı onun xəstələri və tələbələri olur. Yaxşı həkim harasa gedəndə onu tanıyırlar, hörmətlə qarşılayırlar. Mən çox qürur duyuram ki, istər xəstələrim, istər tələbələrim məni harda görsələr hörmət göstərirlər. Mənim üçün ən böyük uğur, vizit kart təhsil verdiyim savadlı tələbələr, həkimlərdir...

- Doktor, təsadüflərə inanırsız?

- Təsadüfdən zərurət doğur, - deyiblər. Deməli, başıma gələn təsadüflə bağlı iki hadisəni danışım sizə... Bir gün qardaşım oğlu bir məclisdə mənim müalicə etdiyim Şirzad adlı oğlanla bir yerdə olur. Şirzad qardaşım oğlunun Tovuzdan olduğunu biləndə başlayır məndən danışmağa, deyir ki, mənim həkimim tovuzlu Fərman doktor olub. Qardaşım oğlu da bildirir ki, o mənim əmimdir. Şirzad ondan mənim telefon nömrəmi alır və bir bayram günündə zəng edib məni təbrik edir. Təsəvvür edin, bayramlarda təbriklər sel kimi gəlir. Amma o vaxt mən elə bildim ki, dünyanın ən böyük təbriki Şirzadın təbriki oldu mənə. Şirzad Əliyev Ağdamın Novruzlu kəndindən idi. Birinci Qarabağ Müharibəsində ağır yaralı halda bizim kafedraya gətirildi və onun əməliyyatını mən həyata keçirdim. Təsəvvür edin, çənə sümüyü yox kimi idi... Mən onun digər bədən hissəsindən sümük götürüb çənəsini “yığdım”. Əməliyyatdan sonra biləndə ki, ona qan lazımdır, qan da verdim. Mən Şirzadla qan qardaşı oldum... Sonra Şirzad bir dəfə oğluyla bura sənəd almağa gəlmişdi. İllər necə tez keçir... Elə bil dünən əməliyyat etdiyim əsgər bu gün yanıma əsgər yaşında olan oğluyla gəlmişdi. Mən onun oğluna dedim ki, sən fəxr etməlisən atanla, çünki o bir qəhrəmandır. Oğlu, sanki atasını indi kəşf edirdi, qürurlu baxışlarla atasına baxdı bir anlıq. Şirzad üz-çənə nayihəsinin güllə yarasından dağılması fəsadıyla gətirilmişdi o vaxtı. Onun dişlərini də mən düzəltmişdim... Bu yaxınlarda isə bir əsgər yoldaşım məni bir məclisə dəvət etdi. Orda məni Azərbaycan diasporasında çalışan Şamil Abbasovla tanış elədi. Söhbət əsnasında mən Şirzaddan danışdım. Şamil müəllim heyrətlə üzümə baxıb, -Doktor, o vaxtı Şirzad yaralananda xəstəxanada mən ona qulluq edirdim, xatırladım sizi, -dedi. Təsəvvür edin, 30 ildən sonra o məni görmüşdü və tanımamışdı... Yaxud, başqa bir təsadüf... Amerikaya kursa getmişdik. Nahar etmək üçün “Bakı” restoranına getdik. Və ofisiantdan restoranın sahibiylə maraqlandıq, çünki ad bizim diqqətimizi cəlb eləmişdi. Ofisiant dedi ki, sahibimiz azərbaycanlıdır. Biz onunla görüşmək istədiyimizi bildirdik. Və görüş əsnasında biz öz həkim yoldaşımızı tapdıq. Bu da bir xoş təsadüf oldu. Çünki Nyu-Yorkda o qədər restoran var ki, biz təsadüfən azərbaycanlı bir həkimin restoranına getmişdik... Belə hadisələr çox olub. Bir neçə vaxt əvvəl klinikaya Qusardan Birinci Qarabağ Müharibəsində yaralanmış bir Qazimiz gəlir. Onun sənədlərinə baxan həkim orda mənim adımı görür və mən təsadüfən orda oluram. Həkim Qazidən soruşdu ki, səni Fərman doktor müalicə edib? Qazi dedi, bəli. Həkim məni göstərib -Bəs bu doktoru tanıyırsanmı, -dedi? Qazi diqqətlə üzümə baxıb, -Yox tanımıram, -dedi. Həkim dedi, -Sənin həkimin Fərman doktordur, buyur, görüş... İnanın Qazi sevincindən bilmirdi neyləsin. Oğluyla gəlmişdi, xatirə şəkli çəkdirdi... Bu da bir xoş təsadüf idi...

- Bildiyimiz kimi, siz qəhrəmanlar diyarı Tovuz elindənsiniz. Tovuz üçün göstərdiyiniz xidmətlər də yəqin ki az deyil...

- Tovuz mənim üçün ziyarətgahdır. Yaş keçdikcə adam elinə-obasına daha çox bağlanır. Bəzən adama elə gəlir ki, valideynlərdi bizi el-obaya çəkən. Amma illər keçdikcə görürsən ki, yox bu qandan gələn yurd sevgisidir. Mən tez-tez Tovuza gedirəm, bir xeyir-şər yerindən, tədbirdən, dəvətdən qalmıram. Lazım olsa həftədə 2-3 dəfə də gedib gəlirəm. Ora mənim enerji mənbəyimdir. Mən Tovuza gedib doyunca gəzib, havasını udmasam gəlib işləyə bilmərəm burda. Mən bu il istədim ki, kəndimizdən ali məktəblərə qəbul olunan məzunlarla görüşəm. İnanın məktəbin görünüşünü, acınacaqlı halını görəndə dəhşətə gəldim. Və ordan video çəkib müvafiq qurumlara yolladım. Bu məsələdə mənə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili xüsusi köməklik göstərdi, - deyərdim. Və bizim səyimizlə artıq o məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Bundan sonra da bizim bir kəndimizin su problemi var, onun da həll olunmasına vasitəçilik edəcəyik. Mənim cismim burdadı, ruhum Tovuzda, anamın yanında...

Doktora Tovuz haqqında sual verəndə anasını xatırlayan kimi kövrəldi. Əməliyyat zamanı insan ətini belə bıçaqla kəsib-doğrayan həkim- cərrah bu dəfə ANA kəlməsiylə göz yaşlarını saxlaya bilmədi. Qeyri-ixtiyari olaraq kövrəldi, yalnız bir neçə dəqiqədən sonra özünə gəldi və müsahibəni davam etdirdik... O qədər gözəl müsahib idi ki, işindən, sənətindən, uğurlu əməliyyatlarından, həyata qaytardığı igid Qazilərdən fəxrlə danışırdı...

Diktafonu söndürdükdən sonra o, Vətən müharibəsində Qazilərimizə göstərdikləri qayğıdan danışır:

- Biz daxil olan yaralıların sənədlərinə baxıb onların hamısının doğum günündə sürprizlər edirdik, tibb bacıları palatalarına tort gətirib heyətimizlə onları təbrik edirdik. Bizim tibb bacıları o yaralı oğullara qardaş kimi qulluq edirdilər, hətta deyərdim qardaşdan artıq qayğı göstərirdilər, onların yeməyinə, içməyinə xüsusi köməklik edirdilər... Mən kənddə böyümüşəm, necə deyərlər, kənd uşağıyam, bilirəm ki, kənd uşaqları təbii və güclü yeməkləri sevirlər. Evdən vaxt olub xəlvətcə yemək də gətirmişəm onlara... Mən yaralılarımın hamısına qardaş, ata olmuşam. Və çox şadam ki, harda görsələr, adımı eşitsələr hörmətlə xatırlayırlar...

***

...Doktor danışır, amma zaman bizə tabe deyil, biz zamana tabeyik. Müsahibəni bitirmək məcburiyyətindəyik...

Bəli, 44 Günlük Vətən müharibəsində həkimlər əsgəri, əsgərlər Vətəni qoruyurdu... Tanrı Azərbaycanı qorusun!

Sevinc MURADXANLI,

Elbar ŞİRİNOV

(Fotolar müəlliflərindir)  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN